Betti Bleyr: “Biz bu dahi insanı dünyaya daha yaxından tanıtmaq üçün öz töhfəmizi verməyə çalışırıq”
   
   ABŞ-da nəşr edilən “Azerbaijan İnternational” jurnalı ölkəmizin tarixini, mədəniyyətini, daxili və xarici siyasətdə əldə etdiyi uğurları yüksək səviyyədə təbliğ edir. Jurnalın əsası 1993-cü ildə amerikalı xanım Betti Bleyr və həyat yoldaşı, əslən Cənubi Azərbaycandan olan Piruz Xanlu tərəfindən qoyulub. Jurnalın Azərbaycan mədəniyyətinə xidmətlərindən biri də onun elektron versiyasında dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyliyə həsr edilən veb-səhifənin fəaliyyət göstərməsidir. www.hajibeyov.com saytı 2001-ci ildə fəaliyyətə başlayıb. Saytda elə nadir xüsusiyyətlər var ki, onu digər internet resurslarda tapmaq mümkün deyil.
   
   Maraqlıdır, nə üçün Betti xanımın diqqətini məhz Üzeyir Hacıbəyli cəlb edib və o, bəstəkarın xatirəsinə belə bir sayt təşkil edib. Bununla bağlı amerikalı xanım öz fikirlərini belə izah edir:
   «Bizdə, sadəcə olaraq, ona qarşı bir sevgi yaranırdı. Təkcə ona görə yox ki, o, çətin bir dövrdə yaşamışdı və Şərqin musiqi alətlərinin səsləri, modal melodiyaları ilə Qərbin opera və orkestr əsərləri vasitəsilə Qərb və Şərqin musiqi ənənələrinin sintez edilməsinin yolunu tapan parlaq bəstəkar olub. Bütün qeyri-adi keyfiyyətləri ilə yanaşı, kəşf etdik ki, Ü.Hacıbəyli həddindən artıq sevilən dahi bir insan olub. Çünki o davamlı olaraq başqalarına xeyirxahlıq edib. Ona görə də, bu saytı Üzeyir Hacıbəylinin xatirəsinə həsr etmişik».
   Betti xanım deyir ki, araşdırmaya başlayanda ingilis dilində çox az məlumat olduğundan, Üzeyir bəyi şəxsən tanıyan insanların izinə düşməyə başlayıblar: «Bəstəkarın rəhbərliyi altında təhsil alan çox az sayda musiqiçi tapmağa nail olduq. Onların da çoxu indi vəfat edib. Mən çox xoşbəxtəm ki, həmin insanlarla tanış ola bildim. Çünki onlar mənim Üzeyir Hacıbəyli ilə bağlı biliklərimi zənginləşdirdilər. Məsələn, biz mərhum bəstəkar Hacı Xanməmmədov, mərhum musiqi müəllimi Adilə Huseynzadə, Üzeyir Hacıbəylinin ev-muzeyinin direktoru mərhum Ramazan Xəlilov və Ruqiyyə Rzayeva ilə söhbət etdik. Həmçinin şair Vaqif Səmədoğlu və qeyri-adi simfonik əsərlərin bəstəkarı, Üzeyir bəy haqqında səlis xatirələri olan Arif Məlikovla danışdıq. Müsahiblərimiz Üzeyir Hacıbəylinin öz tələbələrinə maliyyə baxımından necə yardım etməsindən, müharibə zaman çətinlik çəkən tələbələrə necə kömək göstərməsindən danışırdılar. Onun sovet dövründə yaradıcılıq üçün imkanlarının məhdud olmasına baxmayaraq necə gözəl əsərlər yazdığını deyirdilər. Ona görə də bu dahi bəstəkar bizi özünə cəlb etdi. O, Azərbaycan xalqının qəhrəmanıdır. Lakin o, bu addan da yüksəkdə dayanır. Biz düşünürük ki, Üzeyir Hacıbəylinin irsi dünya mədəniyyətinin xəzinəsinə daxildir. Biz bu dahi insanı dünyaya daha yaxından tanıtmaq üçün öz töhfəmizi verməyə çalışırıq. Üzeyir Hacıbəyli irsi davam edir və biz bu sevgini ingilisdilli cəmiyyətlə bölüşərkən bununla fəxr edirik”.
   
   Mehparə







News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar