Azərbaycanın mədəni zənginliyinin, qeyri-maddi mədəni irsinin dünyaya tanıdılmasında milli atçılıq oyunlarımızın müstəsna yeri var
   
   Xalqın tarix və mədəniyyətinin, əsrlərin süzgəcindən keçib gələn milli-mənəvi dəyərlərinin yaşamasında, nəsildən-nəslə ötürülüb təbliğ edilməsində qeyri-maddi mədəni irsin özünəməxsus yeri var. Bu, milli-mənəvi mahiyyəti, xalqın mentalitetinin, düşüncə və zövq qaynağının inikası baxımından böyük önəm kəsb edən mədəniyyət xəzinəsidir. 
      
   Odur ki, Azərbaycanın mədəni zənginliyinin dünyaya tanıdılması üçün tarixi-mədəni abidələrimiz, xalqımızın möhtəşəm maddi mədəniyyət nümunələri ilə yanaşı, qeyri-maddi mədəni irsimiz - xalq sənətkarlığı, folklorumuz, adət-ənənələrimiz, musiqimiz, saz-söz sənətimiz, milli oyunlarımız və s. müstəsna yerə malikdir.
   Məhz buna görə dövlət tərəfindən mədəniyyətə göstərilən diqqət və qayğının mühüm bir istiqamətini də qeyri-maddi mədəni irsin təbliği, tanıdılması, bu yöndə təşəbbüslərin dəstəklənməsi təşkil edir. 2006-cı ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Mədəniyyət Nazirliyinin əsasında Mədəniyyət və Turizm Nazirliyi yaradılandan sonra nazirliyin strukturunda bir sıra yeniliklər baş verdi. Qeyri-maddi mədəni irsimizin özünəməxsus tarixi və ənənələri olan nümunələrindən birinin - milli atüstü oyunların qorunub saxlanılması və təbliğinə, eləcə də atçılıq turizminin təşviqinə xidmət edən strukturun - Şəki Atçılıq Turizm Mərkəzinin yaradılması da həmin yeniliklərdən biri idi. 2007-ci ildə ölkə prezidentinin sərəncamı ilə bu qurum Respublika Atçılıq Turizm Mərkəzi kimi fəaliyyət göstərməyə başladı. Bu gün mərkəzin Bakıda əsas ofisi, Şəki və Ağdam rayonlarında isə filialları var.
   Mədəniyyət və turizm naziri cənab Əbülfəs Qarayevin bilavasitə səyləri ilə qısa vaxt ərzində yaradılan mərkəzdə atüstü milli oyunlarımızın qorunub saxlanılması, qədim tarixə malik atçılıq ənənələrinin bərpası və yaşadılması, ölkəmizdə atçılıq turizminin təbliği, gənc nəsildə bu sahəyə marağın oyadılması üçün müxtəlif yarışlar təşkil edilir. 2006-cı ildə gerçəkləşən “Marafon 45” atüstü turist yürüşü, 2006-2009-cu illərdə Prezident kuboku uğrunda keçirilən oyunlar buna misaldır. Xüsusilə ənənəvi olaraq hər ilin dekabrında təşkil olunan Prezident kuboku yarışlarına geniş diqqət və maraq yaranmaqdadır. 2006-cı ildə bu oyunlarda 8 rayon təmsil olunurdusa, bu ilin 18-22 dekabr tarixlərində Azərbaycan Atçılıq Federasiyası ilə birlikdə keçiriləcək Prezident kuboku uğrunda V (beşinci) çövkən milli oyununda 16 komanda iştirak edəcək. 
   Bundan əlavə, artıq bir neçə ildir ki, may ayında Respublika Atçılıq Turizm Mərkəzinin Şəki filialında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunan milli atüstü oyunlar festivalının keçirilməsinə bölgələrdə böyük maraq var.
   
   Çövkənin tarixi
   
   Çövkən oyununun tarixi çox qədimdir. Azərbaycan ədəbiyyatında və mədəniyyətində çövkənin izlərinə çox rast gəlinir. Orta əsrlərə aid miniatürlərdə bu oyunu əks etdirən müxtəlif səhnələr yer alıb. Firdovsi, İbn Sina, Ömər Xəyyam, Hafiz, Nəvai, Xosrov Dəhləvi və digər Şərq şair və mütəfəkkirlərinin əsərlərində də çövkənin adı xatırlanır. Hazırda bütün dünyada böyük həvəslə oynanılan polo idman növünün çövkən oyunundan yararlanaraq yarandığını söyləmək olar. At üstündə oynanılan polonun iki əsr yaşı var. Amma Azərbaycan xalqının milli atüstü oyunu olan çövkən min ildən çoxdur ki, mövcuddur. Bu oyun qədim tarixi olan atçılıq mədəniyyətimizin bir hissəsidir. Onu da qeyd edək ki, qədim miniatürlərdə kişilərlə bərabər qadınlarımızın da çövkən oynamalarının təsvir edilməsi bu oyuna tarixən olan böyük maraqdan xəbər verir.
   Azərbaycana gəlincə, ölkəmizdə 10-dan çox atüstü oyun növü var və bu oyunlar min ildən çox tarixə malikdir. Onlardan çövkən, sür papaq, papaq oyunu, atüstü güləş, yaylıq oyunu və digərləri hazırda Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hazırlanan Azərbaycan qeyri-maddi irs abidələrinin Dövlət Reyestrinin layihəsinə daxil ediliblər. Onlardan ən çox tanınanı və seviləni çövkəndir. 
   
   Qədim milli oyuna yeni münasibət
   
   Azərbaycanda atüstü oyunlar ötən əsrin 70-ci illərində xüsusilə geniş yayılıb. O vaxtlar bu yarışları respublika Kənd Təsərrüfatı Nazirliyi təşkil edirdi. Respublikamız müstəqillik qazanandan sonra bir çox adət-ənənələrimiz kimi çövkən də yeni həyat qazandı. 90-cı illərin sonlarında o vaxt gənclər və idman naziri işləyən cənab Əbülfəs Qarayevin təşəbbüsü ilə bununla bağlı bir neçə turnir də keçirilib. İndi isə Mədəniyyət və Turizm Nazirliyi qeyri-maddi mədəni irsin nümunəsi kimi bu sahənin inkişafını daim diqqət mərkəzində saxlayır. Ümumilikdə atçılığın turizm sahəsi kimi inkişafında bir sıra məqsədlər var. Atçılığın təkcə idman növü olmadığını, onun zəngin ənənələrə əsaslanmaqla, mədəni irsin tərkib hissəsi, ən əsası, turizm növü kimi inkişafını və təqdimatını həyata keçirən Respublika Atçılıq Turizm Mərkəzi fəaliyyət istiqamətlərini günü-gündən genişləndirməkdədir. Təsadüfi deyil ki, mərkəz yarandığı dövrdən keçən qısa zaman kəsiyində yüksək nailiyyətlərə imza atıb. Ən əsası, atçılıqla bağlı milli oyun növlərinin yenidən canlanmasını və inkişafını təmin edib, bu sahəyə öz töhfələrini verib.
   Bununla yanaşı milli atüstü oyunlarımızın dünya miqyasında layiqincə təbliğ edilib tanıdılması da vacib və aktual məsələdir. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çövkən oyununun heç də hazırda bir çox ölkələrdə dəbdə olan müasir polo oyunundan geri qalmadığını vurğulayaraq gələcəkdə milli oyunumuzun dünyanın qeyri-maddi mədəni irs siyahısına daxil edilməsinin gündəmə gələcəyini bildirib.
   
   Çövkən ərənlərin oyunudur
   
   Böyük maraq doğuran, tamaşaçılar tərəfindən həvəslə izlənilən çövkən igidlər, ərənlər oyunudur. Yəhərdə oturmaq, bir əlinlə yüyəni, bir əlinlə isə kos qovmaq üçün ağacı tutmaq, cəld və çevik olmaq, atı idarə etmək, oyunu nəzərdə saxlamaq heç də asan deyil. Əgər at yaxşı təlim almayıbsa, uğur qazanmaq çətindir. Bu oyun üçün xüsusi at növlərinə təlim keçirlər. Həmin atlar qəflətən dayanmağı, geri çevrilməyi, cəld qaçmağı əvvəlki vəziyyətə qayıtmağı bacarmalıdır.
   Fiziki qüvvə tələb edən çövkən oyununda yüksək bacarığa, manevretmə qabiliyyətinə malik olmaq oyunda iştirak edənlər üçün əsas keyfiyyətlərdən biridir. Oyunun yaxşı alınması üçün həm minici, həm də at vəhdət təşkil etməlidir. Oyunun mahiyyəti ondan ibarətdir ki, iştirakçılar iki dəstəyə ayrılır və iki tərəfdə qoyulan dirəklərdən ibarət rəqib qapılarından topu keçirmək tələb olunur. Seçilmək üçün bir dəstənin üzvləri mütləq o biri dəstəninkindən fərqli geyimdə oyuna qatılırlar.
   Oyunda yaş həddi tələb olunmur. Fiziki cəhətdən sağlam olan şəxs hər vaxt çövkənlə məşğul ola bilər. İştirak edən hər komandanın tərkibi 5-6 nəfərdən ibarətdir. Oyun ikihissəli olmaqla 30 dəqiqə davam edir. 10 dəqiqə fasilə olur. Oyunçunun xüsusi geyim formasına papaq, çuxa, at minmək üçün gen şalvar, uzunboğazlı çəkmə daxildir. Oyunçular eyni formadan, eyni uzunluqda olan çomaqdan istifadə edirlər. Bu oyunda istifadə edilən top girdə və çevrəsi 38-41 sm arasında olur. Qapı çərçivəsindən cərimə meydançasına daxil olub topu qapıya vurmaq hesaba alınmır.
   Çövkən oyunlarının hakimi isə, adətən, meydanı at üstündə müşayiət edir. Ona yan xətlərdə duran iki hakim də köməklik göstərir. Oyunçu geyim qaydalarına əməl etməyəndə, kobudluq edəndə meydandan birdəfəlik və ya 2 dəqiqəlik xaric oluna bilər.
   Çövkən oyununda əsas mübarizəni yarımfinala çıxmış dörd komanda aparır. Yerdə qalan komandalar isə sür papaq və papaq oyunlarında qüvvələrini sınayırlar. Hər bir iştirakçı komanda diplom və mükafat almaq imkanına malikdir. Çünki bu turnirlər həm də milli oyunlarımızın təbliği missiyasını daşıyır.
   Son turnirdə Şəki və Yevlax şəhər, Ağcabədi, Ağdam, Ağstafa, Balakən, Goranboy, İsmayıllı, Qax, Qəbələ, Oğuz və Zaqatala rayonlarından olmaqla 12 komanda iştirak edib. Ümumilikdə atüstü milli oyunlar üzrə keçirilən yarışlarda Şəki komandasının uğurlarını xüsusi qeyd etmək gərəkdir. Şəki komandası ardıcıl olaraq 3 dəfə çövkən üzrə Prezident kubokunu qazanıb. Ağstafa, Ağdam rayonlarının da atüstü milli oyunlar ənənəsi güclüdür, Balakən komandası da bu sıraya qoşulub, Oğuz da öz sözünü deyən komandalardandır. Bir sözlə, rəqabət güclənir.
   Artıq çövkən populyarlaşır. Hər hansı sponsor, şirkət bu turnirə qoşulmaqla özünü reklam edə bilər. Tutaq ki, bir komandanın geyim məsələsini öz üzərinə götürmək onlara maddi cəhətdən o qədər də təsir etməz, əvəzində isə mədəniyyətimizə, milli oyunlarımıza dəstək göstərən subyekt kimi nüfuz qazana bilər, daha geniş miqyasda tanınarlar.
   Çövkən sağlamlıq, təbiətə sevgi, asudə vaxtın gözəl təşkili deməkdir. Rayonların özlərində də bu oyunun inkişafına qayğı göstərilməlidir. Ümid edirik ki, keçirilən tədbirlərdə iştirakçıların sayı günü-gündən daha da artacaq.