Haqq aşığı
   
   Aşıq şeirinin şəksiz və şəriksiz padşahı Abbas Tufarqanlı 400 ildən çoxdur ki, sənətinin sultanı, söz karvanının yorulmaz, usanmaz yolçusudur. Aşıq Tufarqanlı o bəxtəvər padşahlardandır ki, onun xəzinəsinin qapısı hər kəsin üzünə açıqdır. Bu qapıdan kimsə əliboş geri dönməz, bu xəzinə nə azalmaz, nə tükənməz.
   
   Mən sənə can dedim, sən də mənə can,
   Alış eşq oduna, mənim kimi yan.
   Adım Aşıq Abbas, yerim Tufarqan,
   Gahdan ağla, gahdan yada sal məni.
   
   Tarixin yaddaşında, zamanın çarxında, sazın ruhunda, “Qul Abbas”, “Tufarqanlı Abbas”, “Şikəstə Abbas”, “Yazıq Abbas”, “Bikəs” təxəllüsləri ilə yaşayan aşıq Abbas Tufarqanlının dünyası dünyanın özü qədər əzəli və əbədidir...
   
   Usta ol, ustanı tanı,
   Üstümüzdə durub qanı.
   Qul Abbasın din-imanı,
   Get, pərim, gələ bilmərəm.
   
   Tufarqanlı Abbasın nə zaman anadan olub, dünyasını dəyişdiyi məlum olmasa da, ehtimal edilir ki, o XVI əsrin sonlarında - XVII əsrin əvvələrində Güney Azərbaycanda yaşayıb-yaratmış, deyilənlərə görə, Şah Abbasın müasirlərindən olmuşdur. Abbas Tufarqanlının həyat və yaradıcılığı barədə ən diri və duru mənbə əsrlərin sınağından çıxmış “Abbas və Gülgəz” dastanıdır.
   Gənc yaşlarında Abbasa buta verilir, o Batmançı Məhəmməd xanın bacısı Gülgəz Pərinin sorağı ilə Təbrizə gedir. Yuxuda bir-birlərini görən sevgililər görüşüb əhdi-peyman bağlayırlar. Şah Abbas da Gülgəz Pərinin gözəlliyini eşidib öz pəhləvanı Dəli Becanı Təbrizə Gülgəzi gətirməyə göndərir. Dəli Becan qızı zorla İsfahana aparır. Aşıq Abbas bu xəbəri eşidib sevgilisinin sorağı ilə yola düşür.
   
   Nə ağlarsan, nə sızlarsan,
   Bir dərdi beş olan könlüm!
   Axırda zünnar bağlarsan,
   Qəmə yoldaş olan könlüm!
   
   “Abbas və Gülgəz” dastanının əldə tam yeddi variantı, yeddi variantın da hər birinin özünəməxsus orijinal cəhətləri, fərqli xüsusiyyətləri var.
   
   Duman, gəl get bu dağlardan,
   Dağlar təzə bar eyləsin.
   Nə gözlərim səni görsün,
   Nə könlüm qubar eyləsin.
   
   Əksər dastan qəhrəmanları kimi Abbasın da başına bir çox müsibətlər gəlir. Yolda karvana çatan Abbası Dəli Becan su quyusuna atır. Xoca Yaqub onu xilas etmək üçün kəndə gedir, qayıdanda gözünə inanmır. Dastan boyu Abbas ağır sınaqlara çəkilsə də, gözəgörünməz bir qüvvə onu xilas edir.
   
   Mən Abbasam, yara qurban yar üçün,
   Doğra bağrım, kəs ciyərim, yar üçün,
   Yar odur ki, bu dünyada yar üçün,
   Yaxa yırta, zülf dağıda, yara üz.
   
   Dastandan məlum olur ki, dövrünün açıqgözlü insanlarından olan Abbas Tufarqanlı üç dildə - ərəbcə, farsca, türkcə söz demək qüdrətinə malik olmuşdur.
   
   Yaşa, sevdicəyim, yaşa,
   Yazılanlar gələr başa,
   Bir yandan özün bas daşa,
   Bir yandan el car eyləsin.
   
   Zəhərli quyuya salınsa da, bütün bəlalardan sağ-salamat çıxan Abbası yeni bəlalar gözləyir. Onu dar ağacından asmağa aparırlar. Abbas ayrılıq vədəsinin çatdığını güman edir.
   
   Abbas deyər: gül fəslidi,
   Bundan artıq dərd hansıdı?
   Ayrılığın vədəsidir,
   Gəl könlümü al, ölürəm.
   

    “Abbas və Gülgəz” dastanının sonu xoşbəxtliklə bitir. Abbasın başına bir çox müsibətlər gəlsə də, sonda Şah Abbas aşıq Abbasın haqq aşığı olduğuna əmin olub sevgililərə xeyir-dua verir. Abbas da şaha “mərhəmətin artıq olsun, Pərini mənə buta verən həmişə köməyimizdədir” - deyir.
   Aşıq Abbas Tufarqanlının sənətkarlıq qüdrəti, şairlik məharəti, üslub xüsusiyyəti, obraz yaratmaq qabiliyyəti, təbinin rəvanlığı, dilinin səlistliyi və gözəlliyi qarşısında insanlar bu gün də heyranlıqlarını gizlədə bilmir.
   
   Ay ağalar, gedənə bax, gedənə,
   Məni gözü yaşlı qoyub yar gedər,
   Yüklənibdi qəflə-qatır, barxana,
   Sanasan ki, küllü-aləm var gedər.
   
   Abbas qüdrətli bir şair-aşıq olmuş, gözəlləmələr, nəsihətamiz ustadnamələr, mənalı, həm də gözəl təcnislər, şux, oynaq gəraylılar, divanilər yaratdığı kimi, gözəl dastanlar da qoşmuş, öz dövrünün ən çirkin hadisələrindən birini “gözəl qızların güclə saraya aparılmasını” məharətli dastançı kimi dolğun yaratmışdır. Aşıq dastançılar isə zamanın axarında bu dastanı müxtəlif variantlarda danışmışlar. Abbasın dastançı şair-aşıq olduğunu sübut edən ən yaxşı dəlillərdən biri də onun bu dastandan başqa “Abbas” adlı daha bir əsərinin olmasıdır.
   
   Qədəm qoyub yar bağına gələndə
   Elə gəl, elə get yol inciməsin.
   Şəkər ləblərindən mənə busə ver,
   Dodaq tərpənməsin, dil inciməsin.
   
   Aşıq Abbasın uğurlu ustadnamələri gözəlləmələrindən də çoxdur. “Bəyənməz”, “Əyilməz”, “Olmaz” rədifli qoşmaları əsrlərdir aşıqların dilinin əzbəri, dastanların zinətidir. Aşıq Abbas Tufarqanlı həm də dərd, kədər, nisgil şairidir.
   
   Ölkəmizdə nə aşnayam, nə yadam,
   Dost yanında nə qəmginəm, nə şadam,
   Ay camaat, nə bəlalı səyyadam,
   Tor qururam tərlan üçün, sar gəlir.
   
   Söz-sənət karvanında yüz illər yol gələn Abbas Tufarqanlı dünyasına boylandıq, ustadın fikir bağçasından söz dərdik, ruhlandıq, təzələndik. Ruhumuza sağlıq!
   
   Təranə Vahid







News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar