Azərbaycan xalqının tarixin qədim qatlarında yaratdığı, dilimizi, zəngin folklorumuzu özündə yaşadan Novruz bayramı xalqımızın milli-mənəvi irsini özündə təcəssüm etdirir. Novruz yeni günün, yeni arzuların, milli ruh və duyğuların bayramıdır. Novruz fəlsəfəsi cəmiyyətdaxili münasibətləri tənzimləyən, insanlar arasında səmimiyyəti, dialoqu önə çəkən yüksək dəyərləri ehtiva edir. 
      
   Novruz ənənələrinə görə, bayram günü küsülülər barışar, hətta qan intiqamını da yaddan çıxarardılar. Bu dəyərlər geniş mənada təkcə cəmiyyət daxilində deyil, eyni zamanda, ölkələr arasında anlaşmanı, sülhü təcəssüm etdirir. Bu baxımdan Novruz bayramını, onun milli özəllikləri ilə yanaşı, sülh və barış kimi bəşəri dəyərlərin təcəssümü olaraq dünyaya tanıtmaq, təbliğ etmək çox vacibdir.
   Azərbaycan xalqı Novruzu tarixən, hətta ayrı-ayrı dövrlərdə ortaya çıxmış məhdudiyyətlərə rəğmən, milli coşqu ilə qeyd edib. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra bu coşqunun miqyası daha da genişləndi, 1992-ci il 27 oktyabr tarixli "Azərbaycan Respublikasının bayramları haqqında" Qanunla Novruz dövlət bayramı kimi təsbit edildi.
   Novruz şənliklərində ölkə rəhbərliyinin şəxsən iştirak etməsi bayram təntənələrinə əlavə rəng qatmaqla yanaşı, eyni zamanda, hakimiyyət-cəmiyyət münasibətlərinə müsbət təsir edir, tarixi irs və ənənələrin ümumxalq atmosferində, milli bərabərlik içində yaşadığını göstərir. Azərbaycanda Novruz günlərində bu cür ümumxalq bayramlaşmasının ənənəsini böyük öndər Heydər Əliyev qoyub. O, Novruz təbriklərində bu bayramın milli-mənəvi dəyərlərin təcəssümü kimi önəmini xüsusi qeyd edərdi: “Xalqımızın saysız-hesabsız milli-mənəvi dəyərləri var və biz bunlarla tarix boyu fəxr etmişik. Amma bütün bu adət-ənənələrin, milli-mənəvi dəyərlərin içərisində ən yüksəkdə duranı Novruz bayramıdır. Bu bayram bizim adət-ənənələrimizi əsrlər boyu yaşadıb bu günlərə gətirdiyi kimi, bu gün də bizi birləşdirir, daha da həmrəy edir».
   Bu nəcib ənənə indi də davam edir. Novruz bayramını hər il ailə üzvləri ilə birlikdə xalqla bir arada qeyd edən prezident İlham Əliyev öz çıxışlarında tarixi irs və çağdaşlığın, milli ruh və bəşəri dəyərlərinin üzvi sintezinin zəruriliyini daima vurğulayır: «Müasirlik, yenilik və eyni zamanda, milli dəyərlərə, milli köklərə bağlılıq. Bugünkü Azərbaycanı təsvir edən bu ideya artıq hamıya bəllidir. Azərbaycan xalqı daim öz milli köklərinə bağlı xalq olmuşdur və bizim gələcək uğurlarımız da məhz bu amillərlə bağlıdır. Biz tarixi irsimizin, zəngin mədəni irsimizin əsasında müasir, güclü Azərbaycan qururuq».







News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar