Sallanar torbalar bacadan,
    Uşaqlar pay istər ucadan.
   
   Baharın gəlişini - Günəş təqvimi (hicri-şəmsi ) ilə yeni ilin başlanmasını dünyanın ayrı-ayrı ölkələrində müxtəlif tərzdə, forma və məzmunda bayram edirlər. Şərq xalqlarının məişətində, milli adət-ənənələrində bu fəsli qarşılamaq üçün çeşidli mərasimlər, bayramlar var. 
   
    Dünya xalqları içərisində “fəsillərin şahı”nı qarşılamağa hamıdan öncə azərbaycanlılar başlayır. Su, yel, torpaq və od çərşənbələri - bunların hər həftə birinin qeyd olunması martın 20-dək bütün bayram hazırlıqlarını həyata keçirməyə şərait yaradır.
   Baharın gəlişi ilə bağlı keçirilən mərasimlər zamanı diqqətçəkən məqamlardan biri Novruz personajlarının - Kosa ilə Keçəlin pay yığması, uşaqların qapılara papaq ataraq pay gözləməsidir. Maraqlıdır, belə adətlər əvvəllər də olub, yoxsa hansısa adət zaman və məkan daxilində təhrif edilib, dəyişikliyə məruz qalıb? Papaqatma ənənəsi nə ilə bağlıdır? Bu suallarla alim və folklorşünaslara müraciət etdik.
   AMEA-nın Folklor İnstitutunun elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Qalib Sayılbəyli deyir ki, əvvəllər Novruz şənliklərində papaq atmaq ənənəsi olmayıb. Bayram payının istənilməsi üçün papaq atılması sonradan yaranıb. “Bilirsiniz ki, papaq həmişə qeyrət rəmzi sayılıb. Qədim dövrlərdə uşaqlar papaq sallamazdılar, bel şalı sallayardılar. Bu şairlərimizin əsərlərində qeyd olunur.  

   Bayram idi, gecəquşu oxurdu,
   Adaxlı qız bəy corabın toxurdu,
   Hər kəs şalın bir bacadan soxurdu,
   Ay nə gözəl qaydadı şal sallamaq,
   Bəy şalına bayramlığın bağlamaq.
   
   Şal istədim, mən də evdə ağladım,
   Bir şal alıb tez belimə bağladım,
   Qulamgilə qaçdım, şalı salladım,
   Fatma xala mənə corab bağladı,
   Xan nənəmi yada salıb ağladı.
   
   Məhəmməd Şəhriyarın “Heydərbabaya salam” poemasında da qeyd olunduğu kimi, pay istəmək üçün şal atılıb, bacadan torba sallanıb, papaq atılmayıb. Alim onu da vurğulayır ki, adətən şal ən doğma adamların qapısına atılardı. Şalın arasına bayram payı qoyulardı. Çox vaxt şal boş qalmazdı: “Bu müxtəlif cür yozulurdu. Ola bilsin ki, şal atan həmin evdən kimisə sevirdi. Çox vaxt şalı atan adam tanınardı. Əgər razılıq var idisə, pay qoyulardı. Yox idisə, boş qaytarılardı”.
   Folklorşünas alim bu gün ilaxır çərşənbə və Novruz şənliklərində qapılara papaq atılmasına müsbət yanaşmır.
   Uşaq vaxtı bayram günlərində dəfələrlə evlərin bacasından şal, torba, papaq salladığını deyən qocaman alim, filologiya elmləri doktoru, professor Məhərrəm Cəfərli bu adətin arxasında sevinmək, şənlənmək, sevinci paylaşmaq istəyinin dayandığını deyir. “Əvvəllər hər evin bacası olardı. Xüsusilə kənd yerində o bacalardan torba sallayardılar. Eyni zamanda şal atardılar. Bu ənənə qədimdən belə olub. Uşaq papaq atar, sonra qaçıb gizlənərdi. Ev yiyəsi də evində olan bayram şirniyyatından şala, papağa pay qoyardı”.
   M.Cəfərli Novruz şənliklərində Kosa ilə Keçəlin pay yığmasında heç bir qəbahət görmür: “Bütün bunlar xalq tamaşalarıdır, yazın gəlişi ilə bağlı oynanılan xalq mərasimləridir. Əvvəllər indiki kimi tamaşalar, teatrlar yox idi. Xalqın əylənməyə ehtiyacı var idi. Kəndirbazlar, pəhləvanlarla yanaşı, kosa və keçəl xalqı əyləndirər, xoş əhval-ruhiyyə yaradardı”.
   Filologiya elmləri doktoru Azad Nəbiyev də papaq atmaq ənənəsinin sonradan formalaşdığını, əvvəl bacadan şal sallamaqla evdən pay istəmək ənənəsi olduğunu bildirir. Onun sözlərinə görə, Novruz nəğmələrində də bu məqam əksini tapıb.
   
   Həcələr, hücələr,
   Uzanar gündüzlər,
   Qısalar gecələr,
   Sallanar torbalar bacadan,
   Uşaqlar pay istər ucadan,
   Xanım bacı dursana,
   Torbanı doldursana.

   Azad Nəbiyev: “Bu ənənənin tarixi çox qədimdir. O dövrlərdə torpaq damlı evlərin bacasından torba sallanar və bu torbaya bayram şirniyyatı qoyulardı. Son vaxtlar bu ənənə papaqatdı adəti ilə əvəz olunub. Bu, Novruz şənliklərinin, mərasim və ritualların maraqlı növlərindən və tiplərindən biridir”.
   Son vaxtlar bu mərasimə birmənalı olmayan münasibətdən gileylənən folklorşünas pay istəməyin ətrafında yaradılan mənfi xarakterli fikirlərin yanlış olduğunu vurğuladı: “Papaqatdının guya ələbaxımlılıq kimi keyfiyyətlər aşıladığını düşünənlər çox səhv fikirləşirlər. Bu sadəcə bayramın bir elementidir. O, bütün siyasi rənglərdən, mənəvi əxlaqi ləkələrdən uzaqdır. Bayram ənənələrini siyasiləşdirmək, onları milli-mənəvi dəyərlər çərçivəsindən çıxarıb başqa ölçü və qəliblərdə təqdim etməyi yanlış hesab edirəm. Bu bayramın özəlliklərindən biri uşaqların sevindirilməsi olduğu halda papaq atılmasında, bayram payı istənilməsində nə pis cəhət ola bilər ki?!. Keçəllə Kosa Novruz bayramının rəmzləridir. Qışın ömrünü başa vurması ilə yazın qovuşması arasında mübarizə gedir. Bu düşüncənin tərkibində obrazlaşdırma var. Keçəl və Kosa yaz və qışın rəmzləridir. Bir ölür, biri dirilir. Mərasim eyni zamanda xoş əhval-ruhiyyə yaradan bir tamaşadır”.
   
   Ceyhun







News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar