Hər bir xalqın dünya mədəniyyətinə bəxş etdiyi görkəmli şəxsiyyətləri, söz sərrafları var. Belə şəxsiyyətlər tarixə dünya ədəbiyyatının klassiki, böyük şair və dramaturq, nəzəriyyəçi və ədəbi prosesin təşkilatçısı kimi daxil olmuşlar. 
   
   Dünya muzeyləri sırasında belə dünya şöhrətli şəxsiyyətlərin adı ilə bağlı xatirə muzeyləri mühüm yer tutur. Onu da qeyd edək ki, bu qəbildən olan muzeylər sənətkarın doğulduğu, boya-başa çatdığı, ömrünün əsas hissəsini yaşadığı məkanlarla yanaşı, onunla az-çox bağlılığı olan yerlərdə də yaradılmışdır. Bu ideyanın ilk olaraq gerçəkləşməsi isə Vilyam Şekspirin və Valter Skottun adları ilə bağlıdır.
   Dahi ingilis dramaturqu Vilyam Şekspirin Böyük Britaniyanın Stratford şəhərindəki ev-muzeyi hazırda çox məşhurdur, turist və seyrçilərin ən çox ziyarət etdiyi məkanlardan sayılır. Şekspir 1564-cü ildə bu evdə dünyaya gəlib, uşaqlıq və gənclik illərini Stratfordda keçirib, ilk təhsilini burada alıb, sonradan Londona gedib.
   Dramaturq ömrünün son illərini də Stratfordda yaşayıb və burada dünyasını dəyişib. Bu ev XIX əsrin ortalarında muzey yaradılanadək Şekspir nəslinin istifadəsində olub. Məhz həmin vaxtlar ictimaiyyətin maddi və mənəvi köməyi ilə bu ev «Şekspirin ad günü komitəsi» tərəfindən alınıb və burada muzey təşkil edilib.
   Bu muzey özünün orijinallığı ilə diqqəti cəlb edir. Muzey Şekspir burada yaşadığı vaxtdan üç əsr sonra təşkil edilib. Muzeyin yaradıcıları həmin şəraiti bərpa etməli olublar, evi, oradakı əşyaları Şekspir dövrünə uyğunlaşdırıblar.
   Yazıçılardan Böyük Britaniyada Valter Skott (1771-1832) və Çarlz Dikkensin (1812-1870), Fransada Onore de Balzak ((1779-1850), Viktor Hüqo (1802-1885) və Qustav Floberin (1821- 1886), Amerikada Mark Tven (1835-1910), Cek London (1876-1916) və Ernest Heminqueyin (1899-1961), digər qələm sahiblərinin xatirə muzeyləri də məşhurdur. Ernest Heminqueyin Kubada, Havana şəhəri yaxınlığında fəaliyyət göstərən xatirə muzeyi də turistləri cəlb edən mədəniyyət ocaqlarındandır.
   Böyük alman dramaturqu, şair və filosof Fridrix Şillerin (1759-1805) Almaniyanın Leypsiq, Drezden və Veymar şəhərlərində xatirə muzeyləri fəaliyyət göstərir. Dramaturqun Veymardakı xatirə muzeyi onunla əlamətdardır ki, o, ömrünün uzun illərini indi muzey kimi fəaliyyət göstərən bu evdə yaşamış, dünyasını da bu evdə dəyişmişdir. Yazıçının ən məşhur əsəri - «Vilhelm Tell» bu evdə ərsəyə gəlmişdir.
   Veymarda digər alman şairi və mütəfəkkiri Yohann Hötenin (1749-1832) də xatirə muzeyi də yaradılmışdır. Şairin xatirəsi ilə bağlı başqa bir muzey Düsseldorf şəhərindədir.
   Rusiyada ədəbi-xatirə muzeyinin təşkili ideyası 1837-ci ildə böyük rus şairi A.S. Puşkinin faciəli qətlindən sonra meydana gəlsə də, yalnız 1879-cu ildə Tsarskoye Selo liseyində kitabxana yaradılır, 1889-cu ildə isə bu kitabxana Puşkin muzeyinə çevrilir. Şairin Mixaylovsk kəndindəki məşhur muzeyi isə 1908-ci ildə açılmışdır.
   Bu gün Rusiya Federasiyasının müxtəlif guşələrində A.S.Puşkinlə yanaşı, rus ədəbiyyatının klassiklərindən L.N.Tolstoyun, F. M.Dostoyevskinin, İ.S. Turgenevin, M.Y.Lermontovun, A.P.Çexovun, M.Qorkinin və başqalarının xatirə muzeyləri fəaliyyət göstərir.
   Ukraynada Lesya Ukrainkanın, Taras Şevçenkonun, İvan Frankonun, Gürcüstanda Vaja Pşavelanın, Akaki Seretelinin, İlya Çavçavadzenin, Qazaxıstanda Abayın, Cambulun, Muxtar Auezovun, digər söz sərraflarının xatirə muzeyləri var.
   Muzey işində ədəbi qəhrəmanların adları ilə bağlı muzeylərin təşkili praktikası da mövcuddur. İngilis yazıçısı Artur Konan Doylun məşhur detektiv qəhrəmanı Şerlok Holmsa həsr olunmuş eyniadlı muzey, fransız yazıçısı Qustav Floberin «Madam Bovari» romanının qəhrəmanı Madam Bovariyə həsr olunmuş eyniadlı muzey bu qəbildəndir. Rusiyanın Leninqrad vilayətinin Vıra kəndində yaradılmış muzey «Stansiya nəzarətçisinin evi» adlanır. 1972-ci ildən tamaşaçılarını qəbul edən bu muzey Puşkinin «Stansiya nəzarətçisi» povestinin qəhrəmanının adı ilə bağlıdır.
   Turgenevin Moskva şəhərində 2009-cu ildə açılmış xatirə muzeyi də daha çox yazıçının bir əsəri - məşhur «Mumu» hekayəsi ilə əlaqələndirilir. Muzeyin yaradıldığı imarəti moskvalılar «Mumunun evi» adlandırırlar. Məsələ burasındadır ki, «Mumu» hekayəsində təsvir olunan hadisələr məhz bu evdə baş vermişdir. Həyətdə dalandar Gerasimin saxladığı iti - Mumunu məhv etdirən zalım xanımın prototipi İvan Turgenevin doğma anasıdır. Onun anası ömrünün son 10 ilini bu evdə yaşamış, burada da dünyasını dəyişmişdir.
   Əlbəttə, yuxarıda adlarını sadaladığımız bu muzeylərin hər biri həmin sənətkarın ömür yolunu əks etdirir, həmin mövzuda əşyaları toplayır, qoruyur və təbliğ edir. Bu muzeylər çox haqlı olaraq müqəddəs sənət məbədləri adlandırılır, eyni zamanda, sənətsevərləri cəlb edən mədəniyyət mərkəzləridir. Burada ədəbiyyatla bağlı birliklər, poeziya dərnəkləri yaradılır, rəngarəng tədbirlər - sərgilər, kitab təqdimatı mərasimləri, yubileylər, konsertlər, poeziya axşamları keçirilir.
   Bu qələm sahiblərinin hər biri öz xalqının oğludur, milli ruhda köklənmişlər. Bununla yanaşı, onların hər birinin yaradıcılığı ümumbəşəri mahiyyət kəsb edir. Dünyanın müxtəlif guşələrindən gələn ziyarətçilər bu sənətkarların ömür yolu, milli, eyni zamanda, ümumbəşəri mahiyyət kəsb edən ədəbi irsi ilə tanış olur. Bütün bunlar isə xalqlar arasında mədəni mübadilənin və qarşılıqlı zənginləşmənin inkişafına mühüm təsir göstərir. Ona görə ki, belə yaradıcı şəxsiyyətlər bütün dünyaya məxsusdur…
   Gələcək yazılarımızda bu muzeylər barədə söhbət açmağa çalışacağıq.
   
   Adilxan Bayramov,
   filologiya elmləri doktoru






Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar