Girişi İstiqlaliyyət küçəsi tərəfdən - Əlyazmalar İnstitutu ilə eyni qapıdan olan Hüseyn Cavidin ev-muzeyi Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının nəzdində fəaliyyət göstərən üç muzeydən biridir.
Muzeyin yerləşdiyi bina tanınmış milyonçu Hacı Zeynalabdin Tağıyevin şəxsi təşəbbüsü və himayəsi ilə memar İ.V.Qoslavskinin layihəsi əsasında 1898-1901-ci illərdə tikilmiş və müsəlman qadın məktəbi üçün nəzərdə tutulmuşdu. Məktəb 1918-ci ilədək fəaliyyət göstərib. 1920-30-cu illərdə burada Darülmüəllimin (pedaqoji məktəb), 1930-cu ildən sonra Mərkəzi İcraiyyə Komitəsi, daha sonra Respublika Ali Sovetinin Rəyasət heyəti, hazırda isə AMEA Füzuli adına Əlyazmalar İnstitutu yerləşir. Əlyazmalar İnstitutunun ikinci mərtəbəsindən muzeyin fərdi giriş qapısı var və Cavidin ev- muzeyinin burada yerləşməsi haqqında məlumat verən lövhə vurulub: “Böyük şair və mütəfəkkir Hüseyn Cavidin Vətənə qayıdışı və yaşadığı mənzildə ev-muzeyinin açılması Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü, cəsarəti və ardıcıl səyləri ilə gerçəkləşmişdir”. Hüseyn Cavidin ev-muzeyinin yaradılması haqqında 604 saylı ilk qərar Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi və Nazirlər Soveti tərəfindən 25 noyabr 1981-ci ildə qəbul edilib. Respublika Mədəniyyət Nazirliyinin 1991-ci ildə qəbul etdiyi qərarla muzey üçün Azərbaycan Dövlət Əlyazmalar İnstitutunun yerləşdiyi binanın birinci mərtəbəsində 5 otaq ayrılır. Nəhayət, 1995-ci ildə Respublika Nazirlər Kabinetinin qərarı ilə H.Cavidin ev-muzeyi həmin binanın 3-cü mərtəbəsində yerləşən və şairin 1920-ci ildən 4 iyun 1937-ci ilə qədər yaşadığı, əsərlərinin əksəriyyətini yaratdığı mənzilə köçürülüb. H.Cavidin ev-muzeyinin açılışı 2002-ci il oktyabr ayının 24-də, şairin 120-ci doğum günündə olmuşdur. Muzeyin girəcəyində heykəltəraş Ömər Eldarovun yaratdığı və əsli Hüseyn Cavid prospektində Milli Elmlər Akademiyasının əsas binası ilə üzbəüz bağda ucalan tuncdan düzəldilmiş “Cavid abidəsi”nin gipsdən olan kiçik variantı qoyulub. 175 sm. hündürlüyü və 75 sm. eni olan bürünc rəngli abidə 60 sm. hündürlüklü möhkəm taxta təməl üzərindədir.
Muzey 4 otaqdan ibarətdir: “Cavidin yaradıcılığı”, “Cavidin ömrü”, “Cavidin faciəsi” və “Cavidin şöhrəti”. “Cavidin yaradıcılığı” adlandırılan otaqda adından da bəlli olduğu kimi şairin həyat və yaradıcılığını əks etdirən fotolar, əlyazmaları və müxtəlif dillərə tərcümə olunmuş əsərləri saxlanılır. İkinci otaqda isə Cavidin ailəsi ilə bağlı fotoşəkillər, həyat yoldaşı Müşkünaz xanımın portreti, sandıq, geyim dolabı, tikiş maşını və masa vardır. Cavidin əsərlərinin qorunub saxlanılmasında bu masanın əvəzedilməz rolu olub. Muzeyin direktoru Gülbəniz Babaxanovanın verdiyi məlumata görə, H.Cavidin evini müsadirə edərkən ailə üzvləri masanın siyirmələrini qoruyub saxlaya biliblər və beləliklə siyirmələrdə qalmış əlyazmalar zaman-zaman günümüzə gəlib çatmışdır. “Cavidin faciəsi” adlandırılmış otaq repressiya dövrünü əhatə edir. Otaqda H.Cavidin həbsi ilə bağlı sənədlər, onun barmaq izləri, Cavidin əleyhinə yazılmış məqalələr, həbsdə olduğu müddətdə ailəsinə yazdığı məktublar qorunub saxlanılır. Burada rəssam Oqtay Sadıqzadənin repressiyaya həsr olunmuş “Qara yazı” adlı portret əsəri də diqqət çəkir.
Qeyd edək ki, Hüseyn Cavidin 2012-ci ildə keçiriləcək 130 illik yubileyi ilə bağlı muzeydə təmir işləri artıq başlanıb. Muzeyin direktoru Gülbəniz Babaxanova son dövrlər görülən işlər haqqında məlumat verərək bildirdi ki, yubiley münasibətilə bir sıra layihələrin həyata keçirilməsi nəzərdə tutulub.
H.Cavidin ev-muzeyi həm də Beynəlxalq Muzeylər Şurasının Azərbaycan Milli Komitəsinin üzvüdür və mütəmadi olaraq öz məqalələri ilə komitənin Fransada hər ay çap olunan jurnalında yer alaraq muzeyin beynəlxalq aləmdə təbliği istiqamətində ciddi işlər görür.
Yeganə Cansail