İstanbulda Kazım Qarabəkir Paşanın ev-muzeyi açılıb
  
   İstanbulun Erenköy rayonunda Mustafa Kamal Atatürkün “Şərq cəbhəsinin komandanı” adlandırdığı silahdaş dostu, Türkiyə Böyük Millət Məclisinin sədri olmuş Kazım Qarabəkir paşanın ev-muzeyi fəaliyyətə başlayıb.
  
   Xatırladaq ki, general Kazım Qarabəkir (1882-1946) Azərbaycanın istiqlal tarixində önəmli rol oynamış şəxs, Türkiyənin görkəmli hərbi və dövlət xadimidir. 1919-cu ildə Osmanlı ordusunun Şərq cəbhəsinə komandanlıq edən Kazım Qarabəkir paşa Naxçıvanın erməni-daşnak işğalından qorunmasında, bu bölgənin tarixi Azərbaycan torpağı olaraq qalmasında müstəsna xidmətlər göstərib.
   Ev-muzeyində görkəmli sərkərdənin Ərzurumdan Təbrizədək Şərq cəbhəsindəki şücaətindən bəhs edən eksponatlar və üç minə yaxın kitab nümayiş etdirilir.
   Bundan başqa, Qars, Gümrü və Moskva müqavilələrinin imzalandığı qələmlər də eksponatlar arasındadır.
   Paşanın qızı Timsal Qarabəkir muzeydə jurnalistlərlə söhbətində bildirib ki, uşaqlıq illəri Ərzurum, Qars və Vanda keçən Kazım Qarabəkir Osmanlı imperiyasının son illərində şərq vilayətlərini ruslardan və onlara xidmət edən erməni quldur dəstələrindən azad edərək, Təbrizə qədər gedib. Lakin Mondros (Mudros) atəşkəs sazişi imzalandıqdan (30 oktyabr 1918 - red.) sonra geri dönmək əmri alır. İmperiya süqut etdikdən sonra Mustafa Kamal Atatürklə birlikdə Anadolunu düşməndən xilas edən Kazım Qarabəkir ermənilərin qətlə yetirdiyi ailələrin altı minə yaxın yetim uşağına sahib çıxıb.
   Timsal Qarabəkir atasının həyatından daha bir maraqlı epizodu anladıb. Qars müqaviləsi imzalandığı zaman (13 oktyabr 1921) Kazım Qarabəkir bir erməni nümayəndəyə sual verir: “Belə qısa boyunuzla o nəhəng Osmanlıya qarşı necə çıxdınız?” Erməni deputat cavab verir: “Bizi aldatdılar, paşam! İmperialist qüvvələr bizə vədlər verdilər. Sivaşa qədər bütün Şərqi Anadolunu bizə verəcəklərini söylədilər”.