Röya Tağıyeva: “Azərbaycan Xalçaçıları İctimai Birliyinin UNESCO-nun Hökumətlərarası Komitəsində akkreditasiyası xalq sənətimizi beynəlxalq miqyasda daha geniş tanıtmağa imkanlar açacaq”
   
   Xəbər verdiyimiz kimi, noyabrın 22-dən 29-dək İndoneziyanın Bali adasında UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 6-cı sessiyası keçirilib. Sessiyada ölkəmiz üçün əlamətdar olan qərarlar qəbul olunub.
   
   Azərbaycan Hökumətlərarası Komitənin vitse-prezidenti (İran, Mərakeş və Madaqaskarla birlikdə) seçilib. Bundan əlavə, dünyanın müxtəlif ölkələrindən 27 qeyri-hökumət təşkilatı ilə yanaşı, respublikamızdan da iki qurumun - Azərbaycan Xalçaçıları İctimai Birliyi və Musiqi Dünyası İctimai Birliyinin akkreditasiyadan keçirilməsi tövsiyə edilib.
   Sessiyada iştirak etmiş L.Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq doktoru, professor Röya Tağıyeva ilə İndoneziya səfərinin təəssüratları ilə yanaşı, muzeyin həyata keçirdiyi layihələr, Azərbaycan xalçasının təbliği ilə bağlı 2011-ci ildə görülən işlər, gələcək planlar barədə də danışdıq.
   
   Xalça sənətinin beynəlxalq miqyasda təbliğinə töhfə
   
   Həmsöhbətimiz Azərbaycan Xalçaçıları İctimai Birliyi və Musiqi Dünyası İctimai Birliyinin UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsində akkreditasiyasının mədəni irsimizin dünyada təbliğinə töhfə verəcək hadisə kimi dəyərləndirdi: “Bununla bağlı qərar 2012-ci ilin iyul ayında veriləcək. Bizim üçün bu hadisənin əhəmiyyəti böyükdür. Bu imkandan istifadə etməli, Azərbaycanın bir çox adət-ənənələrini UNESCO-nun siyahısına salmaq üçün çalışmalıyıq. Bütün bunlar Azərbaycanın xalq sənətini beynəlxalq miqyasda tanıtdırmağa imkan yaradır. Azərbaycan Xalçaçıları İctimai Birliyi üçün də bu çox əlamətdar hadisədir. Məlumat üçün deyim ki, bu qurum 2008-ci ildə Azərbaycanın xalça ustaları, rəssamlar, tədqiqatçılar tərəfindən təsis edilib. 2010-cu ildə fəaliyyətə başlayan İctimai Birliyin əsas məqsədi milli mədəniyyətimizin, zəngin xalça sənətimiz öyrənilməsi və təbliğinə töhfə verməkdir”.
   Azərbaycan Xalçaçıları İctimai Birliyi ötən müddətdə bir sıra işlər görüb. 2009-cu ildə ölkənin müxtəlif zonalarında xalçaçıların respublika yarış festivalını keçirib, həmçinin toxucuların əl işlərini İsveçrənin Bazel şəhərində Azərbaycan mədəniyyəti günlərində nümayiş etdirib. 2010-cu ildə Azərbaycan xalçasının UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ Siyahısına daxil edilməsi ilə bağlı hazırlıq işlərinin görülməsində, digər qurumlarla yanaşı, birlik də iştirak edib.
   Bu il Azərbaycan Xalçaçıları İctimai Birliyi Özbəkistanın «MEROS» assosiasiyasının və «Özbəkistan mədəniyyət və incəsənət forumu» fondu ilə birgə «Özbəkistanın bədii sənətkarlığı: ənənələr və müasirlik» adlı sərgi keçirdi. Bu il həmçinin Naxçıvanda birliyin xətti ilə «Naxçıvan xalçaçılıq ənənəsi bu gün» mövzusunda elmi praktiki konfrans keçirilib. Tədbir müasir dövrdə Naxçıvanda xalçaçılığın inkişaf şəraitini öyrənilməsi və istehsal vəziyyətinin təkmilləşdirilməsi üçün təkliflər hazırlanması məqsədi daşıyırdı. Konfransın nəticəsi olaraq birliyin Naxçıvanda filialının yaradılması qərara alınıb.
   
   Xalq sənətkarlarımız «Art-Bazar» sərgisində
   
   Röya Tağıyeva onu da bildirdi ki, Azərbaycan Xalçaçıları İctimai Birliyinin özbəkistanlı həmkarla əməkdaşlığının davamı olaraq 2012-ci ildə Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək «Art-Bazar» sərgisində Azərbaycan xalq sənətkarlarının iştirakı nəzərdə tutulub. Birlik «Xalça» adlı beynəlxalq onlayn jurnal da yaradıb. Azərbaycan, rus və ingilis dillərindəki internet jurnalın redaksiya heyətində dünyanın tanınmış rəssamları, tədqiqatçıları toplaşıb. Hər nümayəndə ölkəsinin mədəni həyatında baş verən, əsasən də xalçaçılıqla bağlı yeniliklərə dair informasiyaları bu saytda yerləşdirir.  

   Dünya muzeylərindəki xalçalarımızı daha geniş təbliğ etməliyik
   
   Həmsöhbətimiz bildirdi ki, Azərbaycan xalçaçılıq sənətinin UNESCO tərəfindən Bəşəriyyətin qeyri-maddi mədəni irs Siyahısına daxil edilməsi zəngin mədəni irsimizin dünyada daha geniş təbliğinə kömək edəcək. Eyni zamanda, bu, beynəlxalq miqyasda xalçaçılıq sənətimizə, xalçalarımıza yönələn iddiaların qarşısının alınmasında bizə əlavə imkanlar açır: “Xalq öz mədəniyyətini təsdiq edəndən sonra xalq olur. Ona görə də ən əsası xalq sənətini yaşatmaq, gələcək nəslə ötürməkdir. Azərbaycan müstəqil dövlətdir və bütün dünyaya sənətini tanıtmalıdır. Bu bizim əsas məqsədimizdir. Dünya muzeylərindəki xalçalarımızı daha geniş təbliğ etməliyik, bu sənət nümunələrinin məhz bizim xalqa məxsus olduğunu dünyaya tanıtmalıyıq. Mütəmadi olaraq dünyada keçirilən sərgilər, çap olunan kitablar, qurulan əlaqələr də bu məqsədimizi həyata keçirmək üçün vasitədir. Bütün bunların nəticəsində sənət nümunələrimizin bizə aid olduğunu isbatlayacağıq”.
   
   Azərbaycanda ilk Uşaq Muzeyi
   
   Direktor hazırda muzeydə həyata keçirilən proqramlardan danışaraq, layihələrin bir qisminin uşaqlarla bağlı olduğunu bildirdi: «Mütəmadi olaraq uşaqlarla əlaqə yaratmaq, onlara irsimizi ötürmək məqsədilə proqramlar həyata keçiririk. Bu proqramlar məktəblilər və bağça uşaqları üçündür. Uşaqlar gözlərini açanda Azərbaycan xalçalarını, naxışlarını görməlidirlər. Bizdə rəsm, musiqi dərnəkləri var. Onlara musiqidə adət-ənənələri öyrədirik. Toy mərasimlərində xalçalar necə istifadə olunub, toylarımızın tarixi, xalq oyunlarını, həmçinin dastanlarımızı onlara elə öyrədirik ki, bu yorucu olmasın. Proqramlardan bir neçəsini misal çəkə bilərəm. «Öz xalçanı yarat» proqramında uşaqlar kompyuterdə xalça naxışlarından istədikləri xalçanı yaradırlar. «Öz suvenirini yarat» proqramında uşaqlar ailə üzvlərinə hədiyyə etməyi arzuladıqları suveniri yaradırlar. Digər bir proqramda isə uşaqlar öz yaşıdları üçün ekskursiya aparırlar».
   Xalça Muzeyinin yeni binasında isə xalçaçılıq sənətimizlə bağlı çoxlu yeniliklər gözlənilir. Onlardan biri də Azərbaycanda ilk dəfə olaraq Xalça Muzeyinin nəzdində Uşaq Muzeyinin yaradılması olacaq. Xalça Muzeyinin uşaqlarla bağlı başladığı proqramlar Uşaq Muzeyində daha geniş şəkildə keçiriləcək. Proqramlarla yanaşı müxtəlif dərnəklər də fəaliyyət göstərəcək.
   Röya Tağıyeva milli irsimiz, adət-ənənələrimiz, xalq sənətimizlə bağlı məktəblərdə xüsusi bir fənnin tədris olunmasını arzuladığını da bildirdi. Onun sözlərinə görə, beynəlxalq miqyaslı bu təcrübədən Azərbaycan da yararlanmalıdır: «İstəyərdim ki, uşaqlarımız da bizim adət-ənənəmizi, dastanlarımızı, xalçalarımızı, muğamımızı, aşıq sənətimizi dərindən bilsinlər. Fransada bir «Qobelen» muzeyi var. Bu muzey onların tarix, coğrafiya kitabına salınıb. Mən istəyərdim ki, bizim adət-ənənə, irsimiz də məktəblərdə fənn kimi uşaqlara tədris olunsun. Uşaqların marağı ilə məhdudlaşmaq olmaz».
   
   «Azərbaycan xalçası Böyük İpək Yolunda»
   
   Azərbaycan xalçaçılığının, mədəni irslə yanaşı, həm də ölkəmizin turizm potensialının bir qolu olduğunu nəzərə alaraq, Xalça Muzeyi turistlərlə bağlı layihələr də işləyir. Turistlər üçün ekskursiyalar təşkil olunur, «Azərbaycan xalçası Böyük İpək Yolunda» adlı sərgi nümayiş olunur. Sərgidə Azərbaycan xalçasının tarixi, xalçaçılıq məktəblərimiz barədə məlumatlar əksini tapır. Turistlər Azərbaycan xalçasının Avropaya necə gedib çıxması barədə məlumatlar alırlar: «Azərbaycana gələn turistlər hər zaman ilk olaraq bizim xalçalarımızla maraqlanıblar. Bizim ən dəyərli hədiyyəmiz məhz xalça olub. Evimizin yaraşığı xalçadır. Biz xalça sənətimizi müasir mühitə daha geniş, dolğun uyğunlaşdırmalıyıq. Xalçanın texnologiyasından istifadə edərək müxtəlif əşyalar yarada bilərik. Bizim muzeydə saxlanılan xalçalara baxarkən görürsünüz ki, xalq necə dizayner olub. Duzqabı, xurcun və digər əşyalar üçün kompozisiyalar yaradıb. Müasir dizaynerlərin də bugünkü tələbə uyğun formalar hazırlamasına ehtiyac var”.
   Beynəlxalq Muzeylər Şurasının (İCOM) Azərbaycan Milli Komitəsinə rəhbərlik edən Röya Tağıyeva söhbət əsnasında qurumun 2011-ci ildə gördüyü işlərdən də söz açdı. Bildirdi ki, il ərzində diqqətə layiq tədbirlərdən biri «DVV İnternational» - Azərbaycan-Alman nümayəndəliyinin birgə layihəsi üzrə Quba şəhərində «Qubanın sənət inciləri. Quba xalça məktəbinin ənənələri və onun digər sənət sahələrinə təsiri» adlı dəyirmi masa və Şimal regionun sənətkarlarının əl işlərindən ibarət sərginin keçirilməsidir. Bu tədbir Avropa Komissiyasının dəstəyi ilə gerçəkləşib. Həmçinin «Sərgi Təlimi Twinning» layihəsinin məsləhətçisi, almaniyalı ekspert Manfrod Navrod tərəfindən Xalça Muzeyində muzey icması üçün təlimin keçirilməsi yaddaqalan tədbirlərdən olub.
   
   Gülər Nizamiqızı