Cəlil Məmmədquluzadənin ev-muzeyində hər eksponat bir xatirəni dilləndirir
   
   Bakı şəhəri, Süleyman Tağızadə küçəsi, 56. Bu ünvan çoxlarına tanışdır. Bu məkan «Sizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlarım!» - deyə Azərbaycan xalqı və müsəlman dünyasını fanatizmdən, xurafatdan, savadsızlıq və cəhalətdən elmə, ürfana, inkişafa çağıran, bu yolda zaman-zaman təzyiqlərə, təqiblərə, məhrumiyyətlərə məruz qalan dühanın ocağıdır. Burası bütün azərbaycanlıların mirzəsi yükünü daşıyan millət daşımız Mirzə Cəlilin və elə onun qədər mübariz Həmidə xanımın pir olası məkanı, zamanında bütün düşünən beyinlərə, millət və vətən sevdalıların üzünə açıq isti ocağıdır.
   
   Mirzə Cəlilin həyat məqamlarından
   
   Azərbaycan ictimai fikir tarixində «Molla Nəsrəddin» kimi fundamental bir ədəbi məktəbin binasını qoymuş Cəlil Məmmədquluzadə ilə bağlı aşkar edilən hər yeni sənədin, faktın ədəbiyyatımız, tariximiz üçün mühüm əhəmiyyəti var. Çünki istər çar rejiminin, istərsə də sovet hakimiyyətinin böyük Mirzə Cəlilə münasibəti birmənalı olmayıb. Belə ki, 1920-ci ilin yazında baş verən mürəkkəb hadisələr zamanı Mirzə Cəlil qardaşı Mirzə Ələkbərin təkidi ilə ailəsini də götürüb Təbrizə köçür. Burada böyük çətinliklə «Molla Nəsrəddin» məcmuəsinin nəşrini davam etdirir. Ədib 1921-ci ilin yayında N.Nərimanov tərəfindən Sovet Azərbaycanına dəvət olunur və həmin ilin iyununda Bakıya gəlir.
   Ədibin Bakıya gəlişi birmənalı qarşılanmır. Çox maneələrdən sonra ona «Molla Nəsrəddin»i nəşr etdirməyə icazə verilir. İndi ev-muzeyi kimi fəaliyyət göstərən mənzili də ona yaşayış və redaksiyasının yerləşməsi üçün verirlər.
   Bakıda jurnalın nəşri zamanı da Mirzənin fəaliyyətinə ciddi nəzarət olunmuş, məcmuədə siyasi xarakterli kəskin yazıların verilməsi qadağan edilmişdi. Lakin ögey münasibət bununla da məhdudlaşmır. Türk dillərinin saflığı və yeni əlifbaya keçid ideyalarının əsas carçılarından olan Mirzə Cəlil 1926-cı ilin fevral-mart aylarında Bakıda keçirilən I Türkoloji qurultaya dəvət olunmur.
   1931-ci il aprelin 14-də Azərbaycan K(b)P MK katibliyinin qərarı ilə, təməlini qoyduğu və 25 il redaktoru olduğu «Molla Nəsrəddin» jurnalı “Azərbaycan Mübariz Allahsızlar Birliyi”nin şuralarının «Allahsız» orqanına çevrilir, Vəli Xuluflu dərginin yeni redaktoru təyin olunur. Ən qəribəsi bu idi ki, jurnal yaradıcısının adı heç redaksiya heyətinə belə daxil edilmir. Bu haqsızlıqlara dözə bilməyən Mirzə Cəlil açıq və ya üstüörtülü şəkildə etirazını bildirir və elə buna görə də təqiblərə məruz qalırdı.    

   Əbədi ehtiyac və Kefli İsgəndər
   
   Nə qədər ki, cəmiyyətdə Şeyx Nəsrullahlar, Məmmədhəsən əmilər, Novruzəlilər, Qurbanəli bəylər dolaşır, deməli, Mirzə Cəlilə və onun Kefli İsgəndərinə ehtiyacımız var. Bu ünvanı da bu ehtiyaca əlac umusuyla gəzdik. Bələdçimiz isə ömrünü Mirzə Cəlil ocağının yaşamasına həsr edən Pərixanım Mahmudova - muzeyin direktoru oldu.
   «Bu ünvan Mirzə Cəlilin Bakıya qayıtdıqdan sonra yaşadığı mənzildir. Deyim ki, bu muzeyin tarixi də ədibin taleyinə bənzəyir. 1979-cu ildə Azərbaycanın görkəmli mədəniyyət və incəsənət xadimlərinin ev-muzeylərinin yaradılması haqqında sərəncam verilmiş və burada Cəlil Məmmədquluzadənin də adı qeyd olunmuşdu. Ümumiyyətlə, respublikamızda ev-muzeyləri şəbəkəsinin təşəkkül tapması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Qeyd olunan sərəncam da böyük öndərin bu sahədə həyata keçirdiyi siyasətin bir nümunəsi idi. Amma həmin sərəncamdan sonra Cəlil Məmmədquluzadənin ev-muzeyinin təşkili prosesi çox uzun çəkdi. Çünki bu ev üç ailə arasında bölünmüşdü. Məmmədquluzadələr ailəsi çox böyük olub. Öz ailə üzvləri ilə yanaşı, qohum-qardaşları, ehtiyacı olan dost-tanış uşaqları və s. Yəni indi muzey kimi fəaliyyət göstərən bu evi öz aralarında bölən ailələrin tələblərini ödəmək, onları yeni mənzillərlə təmin etmək müəyyən vaxt apardı. Bu mənzil muzeyin sərəncamına veriləndə sökülüb-dağılmış, divarlarında suvağı tökülmüş, tavanından yağış daman acınacaqlı bir məkan idi...”
   Muzeyin təmiri də maliyyə çətinlikləri üzündən bir neçə il sürdü. Böyük öndər Heydər Əliyev 1993-cü ilə respublikada hakimiyyətə gələndən sonra muzeyin hələ də xalqın ixtiyarına verilməməsindən xəbər tutaraq bu barədə göstəriş verdi, bir il sonra təmir başa çatdı və nəhayət, 1994-cü il dekabrın 28-də muzeyin rəsmi açılışı keçirildi. Açılışda prezident Heydər Əliyev iştirak etmişdi.
   Direktorun sözlərinə görə, muzey açılanda fondlarda 3 minə yaxın eksponat toplanmışdı və bu, muzey əməkdaşlarının böyük zəhmət və axtarışlarının nəticəsində mümkün olmuşdu. Hazırda muzeyin fondlarında 5 minə yaxın nümunə olsa da, onların arasında Mirzə Cəlilin şəxsi əşyası çox azdır. Çünki Həmidə xanım həyat yoldaşının yaradıcılığını yüksək qiymətləndirdiyindən onun ölümündən sonra şəxsi əşyalarının əksəriyyətini, eləcə də əlyazmalarını respublikanın müvafiq arxiv, muzey və digər müəssisələrinə verib.
   
   Ədibin əlyazmalarını yandırdığı soba... yenə də soyuqdur
   
   Birinci zalda Mirzə Cəlilin həyat və fəaliyyətini əks etdirən fotolar, sənədlər, bəzi əlyazmalarının surətləri yerləşdirilib. Otağa daxil olan andan fotolar böyük Mirzə Cəlilin iç dünyasının, xalqına, insanlara, ətrafına münasibətinin xəyali şərti model-portretini yaradır. Bu «portret»i dövrünün görkəmli ziyalıları, Azərbaycanın milli özünüdərkində əməyi olanların fotoları tamamlayır.
   İkinci ekspozisiya zalı Məmmədquluzadələrin qonaq otağı olub. Buradakı mebellər, yemək dəstlərinin düzüldüyü masa, ətrafdakı stullar, ümumilikdə bu sadəlik ilk baxışda diqqəti cəlb edir.
   Evdə iki soba var. Amma bunlardan hansının ədibin əlyazmalarını yandırdığı üzüqara soba olduğunu təyin etmək çətindir. Həmidə xanım xatirələrində yazır ki, «Mirzə Cəlil bir gün uşaqların otağını qızdırmaq üçün ... əlyazmalarını yandırdı».
   
   Dərvişvari etiraf
   
   Mənzilin quruluşu, tərtibatı, içərisindəki əşyalar və bu ailə haqqındakı xatirələr onların həyat və yaşam tərzi haqqında aydın təsəvvür yaradır. Hiss olunur ki, Məmmədquluzadələr ailəsi sadə həyat tərzinə üstünlük verib, dəbdəbədən uzaq olublar.
   Həmidə xanımın xatirələrindəki bir fikir diqqətimi cəlb etdi: «Mirzə Cəlil bir dəfə özü haqqında mənə belə dedi: «Mən ailə həyatı üçün yaranmamışam. Əslində dərvişvari bir adamam, xasiyyətim ağırdır, əsəbiyəm. Etiraf edirəm ki, mənimlə yaşamaq çətindir. Uşaqları tərbiyə etməyə səbrim çatmır. Sən məni ailə adamı eləyibsən».
   Bu fikri davam etdirən muzey direktoru Həmidə xanımın xatirələrinə əsasən ədibin şəxsi keyfiyyətləri barədə də məlumat verdi: «Mirzə Cəlil ətrafına, insanlara qarşı çox həssas, diqqətli olub. O, tanışlarını evə dəvət etsə, o qədər də danışmaz, sadəcə qulaq asarmış. O, ailəsini çox sevib, harada olursa-olsun, onlarla məktublaşıb. Övladlarından daha çox Midhətə bağlı olub».   

   Həmidə xanımın otağı
   
   Bu munis, xudmani otaqda Həmidə xanıma aid müxtəsər bir aləm yaradılıb. Evin xanımının zövqünü əks etdirən otaqda bütün xanımların çox sevdiyi iri güzgü var. Tez-tez səfərlərdə olan xanımın iri əl çantası, şəxsi əşya və bəzək nümunələrini yığdığı heybəsayağı kosmetika qabı, bir dəst kostyumu və süni xəzdən hazırlanmış üst geyimi bu xanım, onun zövqü haqqında müəyyən təsəvvür yaradır. Ümumilikdə bu otaqda ailəsinə və həyat yoldaşına bağlı Həmidə xanımın yaşam tərzi, düşüncələrinin hakimliyi var.
   
   Ömrün son akkordları
   
   Dördüncü otaq isə Mirzə Cəlilin dramaturgiyasına və «Molla Nəsrəddin» jurnalına həsr olunub. Nümunələr arasında «Molla Nəsrəddin» dərgisinin Tiflis, Təbriz və nəhayət, Bakı dövrünü əks etdirən eksponatlar da var.
   Otağın mərkəzində nərd masası və iki stul qoyulub. Bu da ev sahibinin stolüstü oyunlara meylli olduğunu və mütəmadi olaraq dostları ilə dama, şahmat, nərd oynadığını göstərir.
   Beşinci zal da sadəliyi ilə diqqət çəkir. Jurnalın redaksiyasının yerləşdiyi otaqda ədibin şəxsi kitabxanasından qalan az sayda kitabın toplandığı iki şkaf, yazı masası, iri termo və Həmidə xanımın ad günü münasibətilə ona hədiyyə etdiyi divar saatı var.
   Direktor Pəri Mahmudova ziyarətçilərin daha çox bu otaqda ayaq saxladıqlarını, onun ədibin şəxsi əşyalarına, yazı masasına, üzərindəki nümunələrə diqqətlə baxdıqlarını deyir: «Bu, ədibin iş stoludur. Dövlət Ədəbiyyat Muzeyindən verilmiş bu masada «Molla Nəsrəddin» jurnalının 1-ci nömrəsi, yazı ləvazimatları var. Bu guşədə isə ədibin istifadə etdiyi məişət alətləri nümayiş olunur. Mirzə Cəlil evdə kiçik təmir işlərini özü görərmiş. Həmidə xanım xatirələrində onun eyvanın kilidini təmir etdiyi zaman insult keçirdiyini və 1932-ci il yanvarın 3-də beyninə qansızma nəticəsində vəfat etdiyini yazır».
   Beləcə, böyük ömrün son akkordlarının vurulduğu mənzili və zaman «maşını»nın unutduğu ortamı tərk etdik. Geridə müqəddəs ocağı ziyarətdən yaranan xoş təəssürat və böyük ədibin hələ də var olan qəhrəmanları qaldı.
   
   Həmidə Nizamiqızı







News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar