Şəki Xan Sarayı Azərbaycanın orta əsr memarlığının ən görkəmli və nadir abidələrindən biridir. Bina Azərbaycanda ilk müstəqil xanlığın əsasını qoyan Hacı Çələbi xanın nəvəsi Hüseyn xanın dövründə tikilib. Hüseyn xan eyni zamanda “Müştaqi” təxəllüsü ilə şeirlər yazdığından bəzi mənbələrdə bu saray Müştaq imarəti kimi də qeyd olunur.
   
   Gerçəyin rəvayətə qarışdığı tarix
   
   Şəki Xan Sarayının digər bir adı isə rəvayətə əsaslanır. Rəvayətə görə, Şəki xanı ustaya saray tikməyi tapşırır. Saray hazır olandan sonra soruşur ki, bundan yaxşısını ucalda bilərsənmi? Usta cavab verir ki, əgər daha çox pul versələr, bundan möhtəşəmini tikərəm. Bu cavab xanı bərk qəzəbləndirir. Kiminsə sarayının onun sarayından daha üstün olmasını istəməyən xan memarı edam etdirir. Ona görə də Şəki Xan Sarayını “memarını edam etdirən saray” da adlandırırlar. Lakin bu bir rəvayətdir. Həqiqət isə budur ki, sarayı tikdirən Məhəmməd Hüseyn xan Həsənağa oğlu Müştaqinin ölümü çox faciəli olub. Belə ki, Hacı Abdulqadir xan xanlığı ələ keçirərək qardaşı oğlu Hüseyn xanı öldürtdürür. Bu hadisə 1780-ci ilin avqustunda baş verir. Abdulqadir xanın altmış nəfərədək dəstəsi gecə xəlvətcə qalaya daxil olur və saraya hücum edir. Bu vaxt saraya bitişik evdə - Müzəyyən (Qurğuşunlu) otaqda olan xan qapıları içəridən bağlayıb hücum edənlərlə atışmağa başlayır. Xanın yanında olan kiçikyaşlı oğlu Fətəli də tüfəngləri doldurmaqla atasına kömək edir. Bir neçə saatlıq atışmadan sonra xan ağır yaralanır. Qapını sındırıb xanı tuturlar. Onu bir həftə saxladıqdan və hansısa müqaviləyə imza atdırdıqdan sonra boğub öldürürlər. Beləliklə, 1759-1780-ci illərdə Şəkinın xanı olmuş Məhəmməd Hüseyn xan Müştaqinin xanlığı faciəli sonluqla bitir.
   Babası Hacı Çələbi xanın ənənələrini davam etdirərək Şəkidə neçə-neçə saray, məscid, mədrəsə tikdirən Hüseyn xan yazdığı poetik əsərlər kimi, tikdirdiyi binaların daş və kərpiclərinin, ağac və şəbəkələrinin rənginə, naxışına, ölçüsünə də həssaslıqla yanaşırdı. Onun tikdirdiyi Xan Sarayı indi də hər kəsi heyran edir.
   Sarayın tikilmə tarixi mənbələrdə 1760-1765-ci illər göstərilir. Dünyada öz orijinallığı ilə yeganə olan Şəki Xan Sarayının memarı şirazlı Hacı Zeynalabdindir. Sarayın xüsusi tikinti üslubu var. Onun tikintisi zamanı mismardan və ya yapışdırıcıdan istifadə olunmayıb. Saray 2 mərtəbədən, 6 otaqdan, 4 dəhlizdən, 2 güzgülü eyvandan ibarətdir. Mərtəbələr eyni quruluşludur: mərkəzdə böyük salon və salonun hər iki mərtəbəsindəki dəhlizlərə bitişik yan otaqlar.
   
   Milli rəssamlıq və xalq tətbiqi sənətimizin incisi
   
   İkinci mərtəbəyə yan otaqların arxasında yerləşən pillələrlə qalxırlar. Mərtəbələr arasında daxili əlaqənin olmaması sarayı iki hissəyə - rəsmi (qonaq) və şəxsi (xüsusi) hissəyə ayırır. Aşağı mərtəbənin zalından o zamanlar rəsmi qəbullar üçün istifadə edilib.
   Sarayın baş fasadı cənuba baxır. Baş fasadın şəbəkə tipli pəncərələri binaya xüsusi gözəllik verir. Pəncərə şəbəkələrinin həndəsi ornamentli fiqurları, onlara vurulan müxtəlif rəngli şüşələr fasadın digər ornamentli səthləri ilə uyğunlaşır. Belə şəbəkəli fonda piştağın dərin taxçaları sarayın birinci mərtəbəsinə olan girişləri və onların üzərindəki ikinci mərtəbənin balkonlarını çərçivəyə alır. Beləliklə, sarayın baş fasadının kompozisiyası üç elementin uzlaşması ilə xarakterizə edilir: divarların ornamentliliyi, naxışlı şəbəkə və piştağların genişliyi.
   Şəki Xan Sarayı eyni zamanda Azərbaycan rəssamlıq və xalq tətbiqi sənətinin nadir incilərindəndir. Sarayın rəssamlıq nümunələri bu günə qədər öz ecazkarlığını qoruyub saxlayıb. Onun divarları müxtəlif mövzulu rəsmlərlə bəzədilmişdir. N.Gəncəvinin “Xəmsə”sinin motivləri əsasında çəkilmiş şəkillər, ov və döyüş səhnələri, təbiət və müxtəlif geometrik ornamentlərlə zəngin rəsmlər saraya xüsusi gözəllik verir. Burada həmçinin saray əhlinin və kəndlilərin həyatını təsvir edən səhnələr əksini tapıb. Şəki Xan Sarayının divar rəsmlərində əsasən göy, qırmızı, qızılı və sarı rənglərdən daha çox istifadə edilib.
   Tarixçilər bildirir ki, Xan Sarayı təkcə memarlıq abidəsi kimi deyil, eyni zamanda tərbiyəvi, əxlaqi əhəmiyyət daşıyan abidədir. Otağa daxil olarkən yırtıcı heyvanlar, tavanda isə taxt-tacı çiyinlərində saxlayan iki nəhəng şir təsviri ilə qarşılaşırsan. Onların ayaqlarının altında isə sürüşkən balıqlar həkk edilib. Yəni bu o deməkdir ki, taxt-tacı igidlər, görkəmli dövlət adamları saxlayır. Balıq isə o anlama gəlir ki, öz gücünə çox güvənmək lazım deyil, düşüncə ilə idarəçilik vacibdir. Çünki bir zaman taxtdan sürüşüb yıxıla bilərsən. Həmin bu otaqdan çıxan zaman isə ağzında gül olan qurdun quzu ilə bir yerdə otladığını görürsən. Yəni dövlət xadimi olaraq Şəki xanları dünyanı belə görmək istəyirdilər. Bu baxımdan Şəki Xan Sarayı dünyanın ibrətamiz abidələrindən biri hesab olunur.
   Saraya müxtəlif vaxtlarda naxış vurmuş rəssamlardan beşinin adı bizə məlumdur. Birinci mərtəbədə salonun naxışlarının xeyli hissəsi 1895-1896-cı illərdə şamaxılı rəssam və nəqqaş Mirzə Cəfər tərəfindən işlənib. İkinci mərtəbədəki zala vurulan naxışların çoxu ustad Abbasqulunun və şuşalı rəssam, usta Qəmbərin adı ilə bağlıdır. Bundan başqa, Şəki Xan Sarayında ikinci mərtəbənin yan otaqlarının naxışlarında şamaxılı Əliqulu və Qurbanəlinin adları da yazılıb.
   Ümummilli lider Heydər Əliyevin tarixi-mədəni irsimizə diqqəti sayəsində bina əsaslı təmir-bərpa olunub. Bərpa işləri 1999-cu ildə Azərbaycan hökuməti ilə Beynəlxalq İnkişaf Assosiasiyası arasında imzalanan “Mədəni irsin qorunması layihəsi” çərçivəsində həyata keçirilib. Görülən işlər nəticəsində sarayın özülü möhkəmləndirilib, taxta döşəmə dəyişdirilib. Sarayın divarlarında olan rəsm əsərləri yenidən bərpa olunub. Saraydakı naxışların zənginliyinə, rəng çalarına, stalaktit oymalara, kompozisiyalara baxdıqca ata-babalarımızın bacarığına, zövqünə bir daha heyran olursan.
   
   Mehparə







Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar