Şəki təkrarsız tarix-memarlıq abidələrinin zənginliyi ilə seçilən şəhərlərimizdəndir. Təsadüfi deyil ki, ulu öndər Heydər Əliyev Şəkini ”Memarlıq şəhəri” adlandırmışdı. 
   Bu memarlıq abidələrindən biri də karvansaralardır. Orta əsrlərdə şəhərimizdə beş karvansaranın olması Şəkinin vaxtilə Yaxın Şərqin mühüm ticarət mərkəzlərindən olduğunu göstərir.
   Təəssüf ki, dövrümüzə onlardan yalnız ikisi - Yuxarı və Aşağı karvansara gəlib çıxıb. Bu günə kimi öz gözəlliyini, memarlıq üslubunu saxlayan, hazırda mehmanxana kimi istifadə edilən “Yuxarı karvansara” müsafirlərin ən sevimli istirahət yerinə çevrilib.
   XVIII-XIX əsrlərdə tikilmiş “Aşağı karvansara” özünün funksional xüsusiyyətlərinə görə başqalarından seçilir. Böyüklüyü, rahatlığı, səfalı bir məkanda yerləşməsinə görə Cənubi Qafqazda tayı-bərabəri yoxdur. Tikintidə Şəki memarlığının əsasını təşkil edən bişmiş kərpicdən, çay daşından, kirəmitdən, yerli materiallardan məharətlə istifadə olunması binaya xüsusi gözəllik verir. Burada tağbəndlərdən istifadə edilməsi bu gözəlliyi daha da artırır. Yolüstü karvansaralardan fərqli olaraq burada istirahət otaqları ilə yanaşı müxtəlif görüşlər keçirmək, müqavilələr bağlamaq və s. üçün xüsusi otaqlar da inşa edilmişdir.
   8000 kvadratmetrlik sahəni əhatə edən “Aşağı karvansara”nın 242 otağı var. Burada tacirlərin mallarını saxlamaq, alver etmək, rahat yaşamaları üçün hər cür şərait olub.
   Karvansaranın dörd iri darvazası qonaqpərvərliklə müsafirlərin üzünə açılsa da, bağlandıqda alınmaz qalaya çevrilməsi Şəki sənətkarlarının yüksək dünyagörüşünə, memarlıq bacarığına malik olduqlarını göstərir.
   Təəssüflər olsun ki, belə bir əvəzsiz tarixi - memarlıq abidəsindən uzun müddət istifadə edilmədiyindən, baxımsız qaldığından, təbiətin şıltaqlıqlarına davam gətirməyərək aşılanmalara məruz qalaraq qəzalı vəziyyətə düşmüşdü. Nəhayət, dövlətimizin tarixi irsimizə qayğısı nəticəsində hazırlanmış xüsusi layihə əsasında 2010-cu ilin yanvar ayında “Aşağı karvansara”da təmir-bərpa işləri başlandı. Qışın şaxtasında, yayın qızmarında burada görülən işlər yüksək keyfiyyətlə yerinə yetirilirdi. Mürəkkəb konstruksiyalı abidənin bərpasında bütün işlərin şəkililər tərəfindən icra edilməsi, onların ata-babalarının sənətkarlıq ənənələrini yaşatması və sadiq qalmaları alqışlanmalıdır.
   Artıq binanın 5 min 197 kvadratmetrlik dam örtüyü yenidən quraşdırılaraq kirəmitlə örtülmüş, 2 taylı 4 darvaza, 170 pəncərə, 128 qapı təzələnmiş, 30 tağbənd qurulmuş, istinad divarları hörülərək başa çatdırılmışdır. Bu ilin baharında qonaqları qəbul etmək üçün son tamamlama işləri görülür.
   Yeri gəlmişkən, Şəkidəki digər tarixi abidələrdə - “Yeraltı hamam”da, M.F.Axundzadənin ev-muzeyində, Nakam adına mərkəzi kitabxana binasında aparılan təmir-bərpa işləri də yaxın müddətə başa çatacaq.
   Əminik ki, yaxın gələcəkdə Qala divarları, Şəkixanovların evi, Ağvanlar hamamı, Dərə hamamı, Giləhli məscidi və digər tarix-memarlıq abidələri də bərpa edilərək xalqın istifadəsinə veriləcəkdir.
   
   Günel Həsənova,
   Şəki Şəhər “Yuxarıbaş” Dövlət Tarix-Memarlıq Qoruğunda mühafiz







Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar