Qapıdan içəri daxil olduqda dərin sükut, eyni zamanda bu sükutun tarix yaşadan ab-havası insanı ovsunlayır. Möhtəşəm tikili, əsrarəngiz məkan... Bəlkə də vaxtilə burada yaşamış, xalqı üçün böyük işlər görmüş azərbaycanlı oğlunun ruhunun sirridir insanı ovsunlayan...
Milli Azərbaycan Tarixi Muzeyi - növbəti səfərimiz keçmişimizin və bu günümüzün bir çox səhifələrini yaşadan bu məkanadır. Muzey Bakının ən gözəl memarlıq abidələrindən birində - məşhur sahibkar və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin mülkündə yerləşir. Bina 1895-1901-ci illərdə, o vaxtlar şəhərin baş memarı olan polşalı İosif Qoslavskinin layihəsi əsasında tikilib. Bu sarayda 1920-ci ildən bəri fasilələrlə muzey fəaliyyət göstərir.
Prezident İlham Əliyevin tapşırığına əsasən 2005-2007-ci illərdə bina müasir muzey tələbləri səviyyəsində əsaslı təmir olunub. Muzeyin müxtəlif fondlarında 300 minədək maddi mədəniyyət nümunəsi qorunur. Muzeyin kitabxanasında böyük hissəsi XIX-XX əsrlərə aid olan 80 mindən artıq kitab, jurnal, qəzetlər toplanmışdır. Binada H.Tağıyevin ev-muzeyi də fəaliyyət göstərir. Muzeydə 5 elmi və elmi-fond şöbələri, bərpa laboratoriyası, 11 fond və kitabxana fəaliyyət göstərir.
Muzeyin birinci mərtəbəsində kitabxana, laboratoriya, fondlar, iş otaqları, ekspozisiya, konfrans və sərgi zalları, ikinci mərtəbədə ekspozisiya zalları, həmçinin bəzi fondlar yerləşir. Üçüncü mərtəbədə isə fondlar və iş otaqları yerləşir. Ekspozisiya zallarında Azərbaycan tarixinin ən qədim zamanlardan bu günədək olan dövrləri xronoloji ardıcıllıqla təqdim olunur.
Birinci zal ibtidai icma dövrünü, daş dövründən başlayaraq sonrakı mərhələləri, həmçinin ölkəmizin ən qədim flora və faunasını əks etdirir. Burada muzeyin ən qədim eksponatı - təqribən 25-30 milyon il yaşı olan, Şamaxıda Maykop çöküntüləri geoloji təbəqəsindən tapılan daşlaşmış ağac nümayiş etdirilir. Təqribən 70 min il əvvəl yaşamış kərgədan və vəhşi at kəllələri, Ağstafa rayonu ərazisindən tapılmış, 2-3 milyon il əvvəl yaşamış filin baldır və diz sümüklərinin daşlaşmış qalıqları maraqlı eksponatlardandır. Azıx mağarasından tapılmış, 350-400 min il yaşamış qadına məxsus alt çənə sümüyünün mulyajını da (əsli muzeyin xüsusi fondunda saxlanılır) burada görmək mümkündür.
Tunc və erkən dəmir dövrlərinə (e.ə. VI-I minilliklər) dair ekspozisiya da maraq doğurur. Burada ilk tunc dövrünə aid (Təpəyatağı-Xudat, Babadərviş-Qazax, Xınıslı-Şamaxı, I Kültəpə və s.) nümunələr, o cümlədən Naxçıvandan tapılmış qayıqvari dən daşı nümayiş olunur. Diqqət çəkən eksponatlardan biri də son tunc - ilk dəmir dövrünə aid tayfa evinin maketidir. Göygöl rayonu ərazisində arxeoloji qazıntılar zamanı aşkarlanmış evin uzunluğu 17 metr, eni isə 7 metrə yaxındır. Müxtəlif məişət əşyaları, silah, ov sursatları dövrü daha dolğun əks etdirir.
Qədim və orta əsr dövründən (e.ə. IX-b.e. XII) bəhs edən zalda Azərbaycanda mövcud olmuş ilk dövlətlər, onların yaşayışı, həyat tərzi barədə məlumat almaq olar. Burada həmçinin Azərbaycanın müxtəlif yerlərində (Şamaxı, Şəki, Mingəçevir, Abşeron, Tərtər və s.) qazıntılar zamanı aşkar edilən qızıl bəzək əşyaları - müxtəlif qolbaqlar, boyunbağılar, qaşlı və qaşsız üzüklər, sırğalar, toqqa bəndləri, piləklər, asmalar, müxtəlif muncuqlar və s. nümayiş edilir.
“Azərbaycan XII-XV əsrlərdə” bölməsində minillik tarixə (VI-XVI) malik Şirvanşahlar dövlətinin çiçəklənmə dövründən bəhs olunur. Burada Şirvanşah Sultan Məhəmməd Qazinin möhürü, Şirvanşahların Bakıdakı türbəsindən tapılmış yaqut və firuzə qaşlı qızıl sancaq və sırğa, Bakıda, İçərişəhərdə aparılan arxeoloji qazıntılar zamanı aşkar edilən şirli matra və küpə, həmçinin üstü yazılı minalı mis qazança, tunc şamdanlar, saxsı çıraqlar və s. eksponatlar var. Diqqət çəkən eksponatlardan biri də qoç formasında olan başdaşıdır. Türk tayfalarında, xüsusən Ağqoyunlu və Qaraqoyunlularda qoç igidlik, qəhrəmanlıq mənasını ifadə etdiyindən, çox vaxt döyüşçü və sərkərdələrə, eləcə də hörmətli şəxslərə başdaşısı olaraq qoç formasında olan abidə qoyulurdu. Qarabağdan gətirilmiş XIV-XVI əsrlərə aid bu qəbir daşının hər iki üzündə at belində ov təsvirləri, «Allah, Məhəmməd, Əli» yazısı var.
Muzeydə Azərbaycan XVI-XVIII əsrlərdə, Xanlıqlar dövrü, XIX əsrin əvvəlində Azərbaycan torpaqlarının İran və Rusiya tərəfindən bölüşdürülməsi, Azərbaycan I Dünya müharibəsi (1914-1918) illərində, Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920) və s. tarixi dövrləri əks etdirən bölmələr də eksponatlarla zəngindir. Bununla yanaşı, muzeydə xalçaçılıq və ipəkçilik, elm və mədəniyyət, ticarət, Azərbaycan muğamı və s. zallarda müxtəlif sənədlər, nadir eksponatlar qorunub saxlanılır.
Muzeydə olduğumuz zaman bir maraqlı arxiv sənədi haqqında da məlumat aldıq. Belə ki, muzeyin 90 illiyi ərəfəsində arxivdə araşdırma aparılarkən 1930-1940-cı illərdə burada çalışan işçilərin sənədlər qovluğunda Azərbaycan Sənaye İnstitutunun memarlıq fakültəsinin ikinci kurs tələbəsi Heydər Əlirza oğlu Əliyevin öz əli ilə yazdığı 3 sənəd tapılıb. 1940-cı ilin 2 iyulunda muzeyin direktorunun (Z. Əliyev) adına ekskursovod vəzifəsinə qəbul olunmaq xahişi ilə yazılmış ərizəyə avtobioqrafiya və şəxsi vərəqə də əlavə olunmuşdur. Ümummilli liderin həyatı ilə bağlı bu maraqlı fakt araşdırılıb və onun qısa müddət ərzində burada çalışdığı məlum olub.
Milli Azərbaycan Tarixi Muzeyinin fəaliyyəti, ekspozisiyalarının zənginləşdirilməsi daim diqqət mərkəzindədir. 2010-cu ildə ölkə Prezidentinin sərəncamı ilə muzeyin 90 illik yubileyi geniş şəkildə qeyd olunub. Son bir neçə ildə muzeyə Prezidentin ehtiyat fondundan, bir dəfə isə Nazirlər Kabinetinin investisiya fondundan əlavə vəsaitlər ayrılıb. Bu vəsaitlər hesabına muzey üçün yeni materiallar, eksponatlar alınıb. Həmçinin bir çox qədim eksponatlar bərpa olunub.
Təbii ki, muzeyin ekspozisiya zalları, fondları, arxivi, burada keçirilən müxtəlif tədbirlər, sərgilər haqqında məlumat geniş və tükənməzdir. Yaşadığımız hər gün xalqımızın böyük tarixinə daha bir səhifə əlavə edir.
Reyhan İsayeva