Azərbaycan milli memarlığının klassik nümunələrindən biri də Qazax şəhərinin mərkəzində yerləşən qoşa günbəzli İsrafil ağa hamamıdır. Hamamı dövrünün imkanlı və sayılıb seçilən kişilərindən biri - Qıraq Kəsəmən kəndinin sakini, Qazax diyarında tanınmış sahibkar İsrafil ağa Kərbəlayev tikdirib. Hamam 1903-cü ildə xalqın ixtiyarına verilib.
   Memar Müzəffər Hüseynovun layihəsi əsasında qırmızı kərpicdən kirəclə hörülmüş hamam qoşa günbəzlidir. Geyinmə və yuyunma yerlərinin kənardan görünməyən günbəzlərini də nəzərə alsaq, hamamın iki deyil, səkkiz günbəzli olduğunun şahidi oluruq. Yerli əhəmiyyətli memarlıq abidəsi kimi dövlət mühafizəsinə götürülmüş tikilinin ümumi sahəsi yardımçı otaqlarla birlikdə 420 kvadratmetrdir. Memarlıq cəhətdən Gəncədəki «Çökək» hamamını xatırladan İsrafil ağa hamamının istifadəsində olan otaqlar günbəzlərin üstünə açılmış xüsusi bacalar vasitəsilə işıqlandırılır.
   Yaşlı nəslin nümayəndələrinin sözlərinə görə, hamam səhər saat 6-dan günorta 2-dək qadınlara, 2-dən sonra isə kişilərə xidmət edirmiş. Hazırda yalnız nömrələri istifadə olunan hamamın artıq 25 ildir ki, ümumi şöbəsi işləmir. Bu səbəbdən də abidənin təmir-bərpa işlərinə ehtiyac var. Tarixi keçmişimizi özündə əks etdirən bu memarlıq incisi həm də turizmin inkişafı üçün dəyərli potensialdır. Hamamın təmir olunması onun həm gələcək nəsillərə çatdırılmasını, həm də turizm məqsədləri üçün istifadəsini təmin edəcək.
   
   Nofəl Qurbanov,
   Qazax Mədəniyyət və Turizm Şöbəsinin əməkdaşı