(əvvəli ötən sayımızda)
   
   Ümummilli lider Heydər Əliyevin dövlətçilik strategiyasını layiqincə davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev milli-mədəni irsimizə, o cümlədən xalçaçılıq sənətimizin inkişafına, dünyada tanınmasına böyük diqqət göstərir. 2005-ci il fevralın 7-də Prezident İlham Əliyev “Azərbaycanda xalça sənətinin qorunması və inkişafı haqqında” qanunun icra edilməsi barədə sərəncam imzaladı. Qanun Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi sahəsində Dövlət Proqramının qəbul edilməsi, Azərbaycan xalçası reyestrinin tərtib olunması, itirilmə təhlükəsi olan nadir Azərbaycan xalçalarının və xalça məmulatlarının müasir üsullarla bərpası, xarici ölkələrin muzeylərində saxlanılan Azərbaycan xalçalarının ölkəyə qaytarılması, ölkə daxilində və xaricdə muzeylərdə və şəxsi kolleksiyalarda saxlanılan nadir Azərbaycan xalçaları barədə kataloqun hazırlanması, eləcə də təhsil müəssisələrində xalça sənəti üzrə kadrların hazırlanması, xalça sənətinə dair elmi tədqiqat işlərinin əlaqələndirilməsi məsələlərini ehtiva edir.
   Prezidentin 2007-ci ilin martın 6-da imzaladığı “Azərbaycanda muzey işinin yaxşılaşdırılması haqqında” sərəncam Xalça Muzeyinin tarixində də yeni səhifə açdı. Sərəncamda Bakı şəhərində Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin yeni binasının tikintisi məsələsi də əksini tapmışdı. 2008-ci il mayın 15-də paytaxtdakı Dənizkənarı Milli Parkın ərazisində Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi binasının təməlqoyma mərasimi oldu. Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etdi.
   “Açılan xalça” formasında inşa edilən muzey kompleksi Bakının memarlığına rəng qatmaqla yanaşı, eyni zamanda xalçaçılıq sənətinin, xalça məmulatlarının zənginliyinin, xalq tətbiqi sənət nümunələrinin təqdimat yeri olacaq və Azərbaycan xalçası tədqiqatçılarını daha çox cəlb edəcək.
   Yeni bina muzey işlərini müasir tələblər üzərində qurmaq imkanı yaradacaq.
   Müasir standartlara, o cümlədən müasir ekspozisiya quruluşuna uyğun inşa edilən muzeydə zəngin zərgərlik toplusunun nümayişinə imkan yaranacaq. Burada Azərbaycan muzey tarixində ilk dəfə olaraq Azərbaycan zərgərliyini özündə əks etdirən ekspozisiya bölməsi təqdim olunacaq.
   Muzeyin yeni binasında Azərbaycanda ilk dəfə olaraq “uşaq muzeyi” sektorunun da fəaliyyət göstərməsi nəzərdə tutulub. Muzey hər yaş qrupuna uyğun müxtəlif proqramları, uşaqlarda vətənpərvərlik hissini, soykökə bağlılığı aşılayan tədbirləri, beynəlxalq seminar-treninqləri, dünya muzeylərinin qabaqcıl praktikasını ölkəmizdə tətbiq edən uğurlu layihələri ilə həmişə gündəmdə olub, tamaşaçı zövqünü formalaşdırıb. Məktəblilərlə, tələbələrlə maarifləndirici iş aparıb, muzeylə ailə arasında bilik, savad körpüsü yaradıb. Yeni binada uşaqlarla iş aparılması üçün xüsusi məkan ayrılması artıq hazırlanmış uşaq proqramlarının daha geniş miqyasda həyata keçirilməsinə imkan verəcək.
   Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi üçün belə möhtəşəm binanın inşası vaxtında atılmış addımdır, çünki o, xalçalarımızın toplandığı, mühafizə olunduğu, tədqiq və təbliğ olunduğu mərkəzdir.
   Prezident İlham Əliyevin siyasəti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın fəaliyyəti sayəsində ölkəmiz mədəni irsin qorunması işində böyük uğurlar əldə edib. Azərbaycan muğamı, aşıq sənəti, Novruz bayramı kimi milli-mədəni dəyərlərimizlə yanaşı, “Azərbaycan xalçası” sənəti də UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına (noyabr, 2010) daxil edilib.
   Söz yox ki, Azərbaycanın xalça sənətinin ümumbəşəri sərvətə çevrilməsi qarşımızda daha böyük məsuliyyət qoyur. Beynəlxalq Muzeylər Şurasının (İCOM) muzeydə fəaliyyət göstərən Azərbaycan Milli Komitəsinin beynəlxalq konfranslarda iştirakı, həyata keçirdiyi əhəmiyyətli layihələr, təşkil olunan treninqlər xalça sənətimizin təbliğində mühüm rol oynamışdır.
   İCOM-un Azərbaycan Milli Komitəsi 2008-ci ilin dekabrından başlayaraq 30 ay müddətində Almaniyanın Xalq Universitetləri Birliyinin Beynəlxalq Əməkdaşlıq İnstitutu ilə birlikdə Avropa Birliyinin dəstəyi ilə “Azərbaycan Respublikasında yaşlıların təhsili” proqramı çərçivəsində “Sıxıntı, toz və köhnəlikdən uzaq muzeylərarası dialoq üçün ömür boyu təhsil məkanı kimi (A-MUSE-ALL)” layihəsi həyata keçirib. Layihə muzeylərin peşəkarlıq və mədəniyyətlərarası ünsiyyət bacarıqlarını artıraraq, onların sosial öyrənmə və həmrəylikdə fəal iştirakını təmin etmişdir. 2011-ci ilin aprelində layihə çərçivəsində muzeydə “Bakı DVV International” təlimi keçirilmişdir. Təlimlərin nəticəsi olaraq “Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Muzeyinin təhsil proqramları” bukleti, “Azərbaycan xalçaçılıq ənənələri və bədii sənət sahələrinin saxlanılması və təbliği məqsədilə muzey təhsili proqramlarının inkişafı üzrə metodiki göstəriş” CD əyani vəsait kimi nəşr olunub.
   2011-ci il yanvarın 11-dən fevralın 11-dək Mədəniyyət və Turizm Nazirliyi, İCOM Azərbaycan Milli Komitəsi və UNESCO-nun Moskva Bürosu ilə birlikdə keçirilən “Azərbaycan xalçaçılıq ənənələri muzey təhsilində” ikimərhələli təlim-seminar da əhəmiyyətli tədbirlərdəndir. Mədəniyyət və Turizm Nazirliyi, ICOM Azərbaycan Milli Komitəsi 2011-ci il iyunun 13-də Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyi ilə birgə “Silahlı münaqişələr zamanı mədəni sərvətlərin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyasının II Protokolunun yerinə yetirilməsinin praktiki təlimatı müzakirəsinə həsr olunan ixtisaslaşdırılmış təlim keçirdi.
   Ümumbəşəri sərvətə çevrilən xalça sənətinin dünyada tanıdılması sahəsində 2010-cu ildən fəaliyyət göstərən “Azərbaycan xalçaçıları” İctimai Birliyinin nailiyyətlərini də qeyd etmək gərəkdir. 2011-ci il noyabrın 28-29-da İndoneziyanın Bali şəhərində UNESCO-nun qeyri-maddi mədəni irslə bağlı Dövlətlərarası komitəsinin 6-cı sessiyasında 27 digər qeyri-hökumət təşkilatı ilə yanaşı, “Azərbaycan Xalçaçıları” İctimai Birliyinin də müstəqil ekspert kimi qeydiyyata alınması ilə bağlı akkreditasiyası tövsiyə edilib. Birliyin əsas məqsədlərindən biri də müasir xalq ustalarının inkişafına təkan verməkdən, onların imkanlarının üzə çıxarılmasından ibarətdir.
   Son ildə bu istiqamətdə əhəmiyyətli layihələr həyata keçirilmişdir. Birlik muzey ilə birlikdə Özbəkistanla qarşılıqlı mədəniyyət əlaqələri qurmuş, Azərbaycan və özbək xalqının sənət nümunələrini bir araya gətirərək, “Özbəkistan bədii sənətkarlığı: ənənələr və müasirlik” adlı sərgi təşkil etmişdir. Həmin təşəbbüsün davamı olaraq bu il Daşkənd şəhərində Azərbaycanın xalq sənətkarlarının əl işlərindən ibarət sərgi təşkil olunacaq.
   Müasir xalq sənətkarlarımızın təbliği və tanıdılması sahəsində apardığımız işlərin bir nümunəsi də 2011-ci ildə muzeydə tikmə ustası Mehriban Əliyeva-Xəlilzadənin əl işlərindən ibarət satış-sərginin təşkilidir. “Tikmələrin izi ilə” adlı sərginin müsbət nəticəsi özünü çox gözlətmədi. Tikmə ustası ötən ilin sentyabrında İranın Xorasan vilayətinin Bocnurd şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının Mədəniyyət Müəssisəsinin təşkilatçılığı ilə xalq tətbiqi sənəti ustalarının əl işlərindən ibarət sərgidə iştirak etdi.
   Keçirilən əhəmiyyətli tədbirlərdən biri də Naxçıvan MR-də “Naxçıvan xalçaçılıq ənənələri bu gün” adlı elmi-praktiki konfransdır. Konfrans ərəfəsində Naxçıvanın müasir xalq sənətkarlarının sərgisi də nümayiş olundu.
   Dünya muzeylərində “Qafqaz”, “İran”, “Şərq”, bəzən də “erməni” xalçası adı altında dünyada təhrif olunmuş adlar ilə təqdim olunan Azərbaycan xalçalarının beynəlxalq aləmdə təbliğatı da prioritet istiqamətlərdən biridir. Bu məqsədlə “Azərbaycan xalçaçıları” İctimai Birliyi muzeyin qədim unikal xalçalarının çeşniləri əsasında toxunmuş, xalça sənətinin bədii məktəblərini (Quba, Bakı, Şirvan, Gəncə, Qazax, Qarabağ) təmsil edən mini-replika xalçalardan ibarət sərgi-satış layihəsi hazırlayıb. Layihədə qədim çeşnilərimiz xalça sənətinin dünyada təbliğinə və tanıdılmasına ciddi təsir göstərə bilməsi məqsədilə müasir dizayn tələblərinə uyğun - kiçik ölçülərdə, miniatür formada hazırlanmışdır.
   İctimai Birliyin Azərbaycan, ingilis və rus dillərində fəaliyyət göstərən “Xalça” beynəlxalq onlayn jurnalının da əsas məqsədi dərin köklərə malik olan qədim və müasir Azərbaycan və ümumiyyətlə, Şərq xalçaları haqqında məlumatları dünya ictimaiyyətinə çatdırmaqdır. Azərbaycan xalçasının təbliği sahəsində muzeyin həyata keçirdiyi nəşrlər də xüsusi əhəmiyyətə malikdir. 2011-ci ildə “Azərbaycan Xalçası” kitabım macar və ərəb dillərində nəşr olunub. Bu kitablar xarici ölkələrdə Azərbaycan xalça sənətinin bir daha təbliğinə imkan yaradır. Nəşrlərə görə mən Azərbaycanın Macarıstan və Misirdəki səfirliklərinə dərin təşəkkürümü bildirirəm.
   Muzeyin “Təsviri və dekorativ-tətbiqi sənət məsələləri” toplusu Prezident yanında Ali Attestasiya Komissiyası tərəfindən tövsiyə edilən nüfuzlu nəşrlər siyahısına daxil edilmiş və beynəlxalq standart seriya nömrəsi - İSSN almışdır. İldə 4 dəfə nəşr edilən topluda xalça sənəti ilə yanaşı, fəlsəfə, arxeologiya, epiqrafika, etnoqrafiya və s. sahələri əhatə edən tədqiqatlar əksini tapır.
   2012-ci ildə muzey ümummilli lider Heydər Əliyevin, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın xalça sənəti ilə bağlı müstəsna xidmətlərindən bəhs edən “Azərbaycan xalçası: qayğı ilə yaşayan milli sərvət” kitabının, “Nizami obrazları xalçalarda” miniatür kitabının nəşr edilməsini nəzərdə tutub.
   Yubiley ərəfəsində muzey əhəmiyyətli layihələrin həyata keçirilməsini planlaşdırır. Bu sıraya “Azərbaycan Xalçaları Böyük İpək Yolunda” adlı sərginin təşkili də daxildir.
   2012-ci ilin oktyabrında Türkiyənin Konya şəhərindəki Səlcuq Universiteti ilə birlikdə Bakıda “IV Beynəlxalq türk əl toxumaları (tekstil) və ənənəvi sənətlər” Beynəlxalq Konfransın keçirilməsi nəzərdə tutulub. Noyabr ayında Bakıda muzey tərəfindən İCOC (Şərq xalçaları üzrə Beynəlxalq Konfrans) ilə birlikdə “Azərbaycan xalçası və onun dünya mədəniyyətinə inteqrasiyası” adlı V beynəlxalq konqresin təşkilinə hazırlıq görülür. İlin sonunda beynəlxalq sərgilər silsiləsindən olan Ostrava şəhərindəki (Çexiya) muzeydə “Əbədi odlar yurdu - Azərbaycanın minillik mədəniyyəti” adlı sərgi təşkil olunacaq.
   Mütəmadi olaraq yerli və xarici ölkə informasiya vasitələrinə Azərbaycan xalça sənəti, həmçinin muzey haqqında geniş məlumatlar verilir. Bizi bir məsələ çox narahat edir. Bu da ondan ibarətdir ki, bəzən KİV-də və yaxud da nəşr olunan materiallarda muzeyimiz, o cümlədən xalça sənəti haqqında səhv məlumatlar verilir, keçirdiyimiz tədbirlərdən söz açılarkən muzeyin rolu vurğulanmır. Məsələn, “Azərbaycan xalçaları - Qarabağ məktəbi. 2012” adlı təqvim dəstində, xalça muzeyinin fondunda 1150936 (bir milyon yüz əlli min doqquz yüz otuz altı) əşyanın, o cümlədən 10000-dən (on mindən) artıq keramika, bədii metal, zərgərlik nümunələri, qızıl-gümüş əşyalar, milli geyim və tikmələr, həmçinin tunc dövrünə aid arxeoloji qazıntılardan tapılmış məmulatların olması barədə yanlış məlumat yerləşdirilib. Halbuki muzeyin fondunda ümumilikdə 10000 (on min) əşya mühafizə olunur.
   Belə məlumatların beynəlxalq miqyasda da yayıla bilməsini nəzərə alaraq muzey barədə, o cümlədən xalça sənəti haqqında təhriflərə yol verilməsi arzuolunmazdır. Gələcəkdə media nümayəndələri Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi ilə əlaqə saxlayıb məlumatları dəqiqləşdirdikdən sonra çap etsələr, daha yaxşı olar.
   
   Röya Tağıyeva,
   sənətşünaslıq doktoru, professor, L.Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin direktoru, İCOM Azərbaycan Milli Komitəsinin sədri, “Azərbaycan xalçaçıları” İctimai Birliyinin sədri







News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar