Beynəlxalq Muzeylər Günü hər il bir qayda olaraq xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək şüarı ilə keçirilir. Həmin gün muzeylərdə “Açıq qapı” elan olunur, arzu edənlər sərgi və ekspozisiyalara tamaşa edə bilirlər.

2001-ci ildən Avropanın 39 ölkəsinin qatıldığı “Muzeylər baharı” adlı aksiya Fransanın Mədəniyyət və Kommunikasiya Nazirliyinin təşəbbüsü ilə keçirilir. 2002-ci ildən Azərbaycanın da qoşulduğu bu aksiya 2005-ci ildən “Muzeylər gecəsi” ilə əvəz olunub. Həmin gün saat 22.00-dək muzeylərdə müxtəlif tədbir və sərgilərin keçirilməsi ənənə halını alıb.
Ölkəmizin digər muzeyləri kimi, Azərbaycan İstiqlal Muzeyində də bu münasibətlə sərgilər, bayram mərasimləri təşkil olunur. Belə tədbirlərdə internat məktəbi şagirdlərinə, həmçinin qocalar evlərinin sakinlərinə hədiyyələr verilir, onlara çay süfrəsi təşkil olunur.
2007-ci ildə muzeyimizdə “Tarixi işıqlandıran çıraqlar” adlı sərgi-tədbir təşkil olunmuşdu. Sərgidə muzeyin fondundan ölkəmizin tarixinin müxtəlif dövrlərinə dair eksponatlar nümayiş edilmişdi. Muzeylərin ölkəmizin ictimai-siyasi və mədəni həyatında mühüm rolunu nəzərə alaraq, 2010-cu ildə “Muzeylər Günü”ndə “Üzeyir Hacıbəyli-125” adlı sərgidə dahi bəstəkarımızın həyat və fəaliyyətini işıqlandıran fotoxronika nümayiş olunmuşdur.
Bu tədbirlərdə qonaqlara keçirilən sərginin mövzusu ilə bağlı müxtəlif sorğu-anketlər, testlər paylanılır, maraqlı interaktiv oyunlar keçirilir. 2011-ci ildə Muzeylər Günü “Molla Nəsrəddin”-105” şüarı altında keçirilib. İstiqlal Muzeyində bu tarixə həsr olunmuş sərgidə “Kim axtarır, o tapır” adlı interaktiv oyun-viktorinada uşaqlar jurnaldan karikaturalara münasib sitatlar seçirdilər. Sevindirici hal budur ki, belə tədbirlərin ən fəal iştirakçıları şagirdlər, tələbələr, hərbi məktəblərin kursantları, bir sözlə, gənclərimizdir. İstiqlal Muzeyi belə tədbirlərin mövzusunu məhz gənclərin maraq dairələrinə görə seçir. 2011-ci ildə Beynəlxalq Muzeylər Günü münasibətilə “Azərbaycan Musiqisinin İnkişafı və Tədrisi” İctimai Birliyi ilə birgə keçirdiyimiz “Vətənin gözəlliyi uşaqların gözü ilə” adlı sərgi-tədbir də bu qəbildən idi. 2012-ci il muzeyimizdə keçirilən Beynəlxalq Muzeylər Gününün mövzusu Almaniyanın Düsseldorf şəhərində keçirilən «Eurovision-2011» mahnı müsabiqəsində Azərbaycanın qələbəsinə həsr olunmuşdu.
Keçən il muzeyimizdə keçirilən “Yeni adlar” adlı tədbirdə isə gənc rəssamların əsərləri nümayiş olunmuşdu. Builki tədbirimizin də həmin səpkidə keçirilməsi nəzərdə tutulur.
Əlbəttə, muzey işində problemlər də mövcuddur. Bu sahədə ən vacib məsələlərdən biri də muzeylərə yerli vətəndaşları, turistləri cəlb etməkdir. Bu məqsədlə muzeyimizin əməkdaşları ölkəmizin tarixi günlərində təhsil ocaqlarında, hərbi hissələrdə və digər müəssisələrdə mühazirələrlə çıxış edirlər. Turistləri muzeyə cəlb etmək məqsədilə 2012-ci ildə Azərbaycan İstiqlal Muzeyi 15 turizm şirkəti ilə müqavilə bağlayıb.
Keçirilən bütün tədbir və sərgilər televiziya, radiolar vasitəsilə təbliğ olunur, Facebook sosial şəbəkəsindəki səhifəmizdə məlumat yerləşdirilir. Hazırda muzeyimizin rəsmi internet saytının hazırlanması üzərində iş aparılır. Bununla yanaşı, telekanallarda muzeylər haqqında müxtəlif dillərdə reklam çarxlarının yerləşdirilməsi, televiziya və radioda muzeylərimizin təbliğinə aid silsilə verilişlərin təşkili mühüm əhəmiyyət kəsb edərdi. Muzeyşünaslıq və muzey quruculuğu ilə bağlı xüsusi elmi-praktik jurnalın nəşri də məqsədəuyğundur.
Bu gün dövlət tərəfindən muzeylərə göstərilən diqqət və qayğı bizi sevindirir. Bu qayğı ölkəmizdə muzeylərin inkişaf dinamikasında, onların sayının artmasında da özünü göstərir. Təsadüfi deyil ki, MDB ölkələrində əhalinin sayına nisbətdə muzeylərin və muzeylərə gələnlər ziyarətçilərin sayına görə Azərbaycan irəlidədir.

Nigar Qazızadə,
Azərbaycan İstiqlal Muzeyinin elmi katibi







Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar