Tanınmış ifaçı Məhəbbət Kazımov problemə ciddi yanaşılmasını istəyir
   
   Bu gün istənilən auditoriyada ən çox müzakirə mövzusuna çevrilən məsələlərdən biri də bəzi müasir "mahnı"lardır. Kimi onların qeyri-əxlaqi, boş, bivec hisslər məcmusu olduğunu, kimi də ümumilikdə kütləyə ünvanlandığından onların o qədər də ciddiyə alınmamasını düşünür. Hətta bunları müəyyən diskussiya və tok-şoular üçün "ciddi" mövzu edən şou-biznesçilərin, sadəcə, başqatma marağına, gəlirə işlədiklərini vurğulayanlar da az deyil.
   
   Belə olan təqdirdə, təbii, düşük sevgilər, saxta vətənpərvərlik, çürük bəşərilik və onlardan da aşağı valideyn-övlad münasibətlərini "tərənnüm" edən "mahnılar" yaranır. Hələ "toy tutmaq" eşqi ilə nəinki yol-rizini unutduğu kənd-kəsəyinin , hətta məhəlləsinin, çal-çəpərinin şərəfinə mahnı yazdırıb oxuyanları demirik.
   Bütün bunlardan sonra, bu biabırçı "sənət" çılpaqlıqlarına don geyindirmək mümkün deyil və xalqa ancaq danışmaq, bizə isə yazmaq qalır. Tanınmış müğənni, nisgil və yanğı ilə ifa etdiyi "Laçınım" mahnısına toylarda qol götürüb oynayanlara qeyzlə yanaşan, ərki çatanlara isə alqışlanası bir qadağa qoyan Məhəbbət Kazımov söhbətimizdə elə bu nüansları önə çəkdi.
   Xalq mahnı və təsniflərindən, muğamlardan savayı, ifa etdiyi 100-dən artıq bəstəkar mahnısına geniş auditoriya sevgisi qazandırmış müğənni bütün bunların sirrini söz və musiqinin uyarsızlığında, ifaçıların qeyri-peşəkarlığında görür.
   - Özünə hörmət edən istənilən müğənni, bəstəkar tərəfindən təqdim olunan mahnının mətninə diqqət yetirməli, onda məna, məzmun yükü axtarmalı, bir şey tapmadıqda, o mətnin özünü itirməlidir. Belə olmasa, o "mahnı" söz, bəstə və ifaçı "müəlliflər"dən başqa heç kəsə gərək olmayacaq.
   Mahnıların musiqisinə gəlincə isə, vallah, biz nə qədər "müasirliyə" qaçsaq da, sonda xalqın yaratdığı mənəvi xəzinəyə qayıdırıq.
   Mən hər zaman bu prinsipi önə çəkmişəm və şükürlər olsun ki, xalq tərəfindən, ünlü sənətkarlarımız tərəfindən qəbul olunmuşam.
   Bu sahədəki problemlərin müğənnilərin toy uğrunda mücadiləsindən qaynaqlandığını düşündüyümdən el məclislərində daha çox iştirak edən sənətçi kimi onun da müşahidələri ilə maraqlandım. Müğənninin cavabı kifayət qədər maraqlı oldu:
   - Bu nə sözdü ortaya salıblar, bilmirəm. Efirə çıxıb bir ağızdan deyirlər ki, bəs belə musiqini xalq istəyir. Axı belə deyil. Bu nə yalandır xalqın adından danışırlar?! Problem ondadı ki, o müğənnilərin sənətkarlıq keyfiyyəti, peşəkar ifa qabiliyyətləri çatmır. Yox əgər zövqlər korlanıbsa, bunun da günahı bəzi sənətçilərdədir.
   Bəzi müğənnilərin "ulduz" xəstəliyinə tutulduğunu da xoşagəlməz məqam kimi önə çəkən ifaçı bu işdə telekanalları, ucuz şou-proqramları günahlandırdı:
   - Sadəlik, təbiilik, təvazökarlıq istənilən incəsənət insanının içində olmalıdır. Onlar - içərisində yetişdikləri bu xalqın hər bir nümayəndəsinə eyni gözlə baxmalı, sayğı göstərməlidilər. Biz bu keyfiyyətləri qüdrətli sənətkarlardan, böyük müğənnilərdən əxz etmişik. Amma indi bəzilərinin gözü ayağının altını görmür. İstəmirəm kimsə məndən incisin, amma səhnəyə dünən çıxıb bu gün fəxri ad alan sabah havalanmağa başlamamalıdır.
   Bəlkə kimlərsə mənim paxıllıq, ad davası etdiyimi düşünər. Yox, belə deyil. Amma hər şeyin öz yeri var, axı. Rəsmi ad xəlqi alqışlardan sonra gəlməlidir. Ad dalınca qaçanların çoxusu xalqın alqış dadından məhrumdur. Mən hələlik bu xalqın alqışlanan övladı olmağımı ən yüksək ad hesab edirəm. Nə vaxt məsləhət bilərlər, onda rəsmi ad da verərlər. Mən xalqıma, ölkəmə, dövlətimə xidmət edirəm.
   M.Kazımov gündəmdə qalmaq üçün efir-ekranda müğənnilərin çıxardıqları oyunbazlığa da münasibət açıqladı.
   - Mən bu boş-boş söz-söhbətlərə, dava-dalaşa, atmacalara gedən adam deyiləm. Belə şeylərdən dayanmadan qaçıram. Hər hansı proqrama çıxmaq üçün səs-sənətimdən savayı verəcəyim bir şey yoxdur. Bu, xarakterimə yaddı. Amma heç bir səviyyəli verilişin, konsert təşkilatçısının dəvətini rədd etmirəm.
   Bu gün də yeni repertuar üzərində çalışdığını bildirən müsahibim, hazırda yeni disk üçün mahnılar yazdırır:
   - Bu ilin ortalarında işıq üzü görəcək diskdə pərəstişkarlarıma sürprizim olacaq. İstəyirəm onlara daim gözəl mahnılar hədiyyə edim. Çünki məni yaşadan onların alqış dolu sevgisidir. Elə bu eşqə görə də heç vaxt həvəsdən düşmürəm. Onu da etiraf edim ki, bircə gün oxumasam, ruhumu ölmüş, həyatımı bitmiş hesab edərəm.
   Açılan hər sabahın onu doğma el-obaya - Qarabağa, Laçına yaxınlaşdırdığına əmin olan müğənni, bu arzusunun gerçəkləşəcəyi günün uzaq olmadığını da bildirdi.
   
   Səbinə Kərimli