Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyası (COP29) üçün maraqlı repertuar tərtib edib.
Bu çərçivədə noyabrın 17-də növbəti konsertdə bədii rəhbər və baş dirijor Xalq artisti Fəxrəddin Kərimovun idarəsi ilə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri çıxış edib. Solistlər Səid Məmmədov (skripka) və İrina Mehdiyeva (piano) olublar.
Konsert proqramına klassik musiqi şedevrləri və müasir musiqi ənənələrini ahəngdar şəkildə birləşdirən Azərbaycan və Avropa bəstəkarlarının əsərləri – Cakomo Puççininin “Xrizantema”, Klod Debüssinin “Ay işığı”, Vaqif Mustafazadənin “Mart”, Antonio Vivaldinin “Fəsillər” silsiləsindən “Qış”, Astor Piazzollanın “Fəsillər” silsiləsindən “Bahar” əsərləri daxil edilib. Avstriya bəstəkarı Robert Fuksın 3 nömrəli serenada (“opus 21”) əsəri Bakı səhnəsində ilk dəfə ifa olunub.
Səsləndirilən əsərlərdəki təbiət motivləri sənət prizmasından ətraf mühit problemlərinə diqqət çəkib. Çünki musiqi qlobal problemlərin həllində insanları birləşdirəcək universal bir dildir.
Xalq artisti Fəxrəddin Kərimov konsertdən sonra təəssüratını bölüşüb: “Kamera repertuarı kifayət qədər genişdir: orkestrin ehtiyatını və musiqi üfüqlərini genişləndirir. Digər tərəfdən, bu, müxtəlif üslublarda yazılmış musiqidir. Dinləyicilərimizə estetik zövq bəxş etməklə yanaşı, Azərbaycan musiqisini populyarlaşdırmaqla, mümkün qədər çox bəstəkarın müxtəlif üslublarda yaratdığı əsərləri ifa etməyə çalışırıq. Tamaşaçı dinləyirsə və bundan həzz alırsa, demək ki, biz düzgün yoldayıq və bu, həm də bizi ruhlandırır”.
Orkestrin solisti İrina Mehdiyeva deyib: “Filarmoniyanın səhnəsində çıxış etmək həmişə xoşdur. Yaradıcılıq prosesində tez-tez qastrol səfərlərində oluruq, lakin ən yaxşı olanı ev səhnəsidir. Ən tələbkar tamaşaçı sizi çoxdan tanıyandır və bu, böyük məsuliyyətdir. Hər şeyin yaxşı getdiyinə çox şadam. Maestro əla proqram seçib, klonsert gözəl alındı”.
Solist Səid Məmmədov da COP29 günlərində əcnəbi qonaqların da yer aldığı tamaşaçı zalı qarşısında çıxış etməyin onun üçün xoş olduğunu bildirib.