Son illər Şərq xalqlarının ənənəvi musiqisinin özünəməxsus növlərinin, o cümlədən Azərbaycan muğamının qorunması və inkişafı ümumdünya miqyasında diqqət mərkəzinə çəkilib. YUNESCO-nun Bəşəriyyətin Şifahi və Qeyri-maddi İrsinə dair Şah Əsərləri Dünya Siyahısına Azərbaycan muğamının daxil edilməsi bu musiqi ənənəsinin böyük bədii dəyərə və mədəniyyətlərarası potensiala malik olduğunu sübut edir.
   
   Bu gün Heydər Əliyev Fondu tərəfindən Azərbaycan muğamına göstərilən diqqət və qayğı, bir-birinin ardınca keçirilən uğurlu layihələr xalqın böyüklüyü və qədimliyinin təzahürü olan muğam sənətinin dövlətin diqqət mərkəzində olduğunu göstərir. Bu fikirlər I Respublika Muğam müsabiqəsinin münsiflər heyətində təmsil olunan görkəmli muğam ifaçıları, musiqişünas və mütəxəssislər tərəfindən də dönə-dönə qeyd olundu.
   Xalq artisti Əlibaba Məmmədov Novruz bayramı ərəfəsində Bakıda keçiriləcək Birinci Beynəlxalq Muğam Festivalının muğam sənətinə töhfə olduğunu və bu çərçivədə keçirilən muğam festivalında ölkəmizi güclü xanəndələr təmsil edəcəyini bildirdi: “Belə bir beynəlxalq tədbir bizim respublikamızda keçirilir. Buraya bütün dünyadan qonaqlar gələcək. Təbii ki, münsiflər heyəti üçün iştirakçı göndərmək çətin olacaq. Üzərimizdə böyük bir məsuliyyət var. Çünki bir-birindən güclü səslər var. Amma biz fəxr edirik ki, bu, bizim respublikadadır.
   Belə bir möhtəşəm tədbirin təşkilinə görə, ölkə prezidentinə və həyat yoldaşına təşəkkür edirik. Mənim kimi səksən yaşlı kişi çox sevinir, çünki muğamın bu səviyyədə qiymətləndirilməsini, bu gününü görə bildim”.
   Xalq artisti Ağaxan Abdullayev isə seçim üçün böyük məsuliyyət daşıdıqlarını ifadə etdi: “Bu, digərlərindən fərqli müsabiqədir, böyük bir hadisədir. Azərbaycanda ilk dəfədir ki, dünya ölkələrinin iştirakı ilə bu səpkidə tədbir keçiriləcək. Çox ciddi hazırlaşmışıq. İşin gedişatı nəticəni göstərəcək. Burada çox güclü səslər var, inşallah, yaxşıların ən yaxşısını seçəcəyik. Dünya ölkələrinin nümayəndələri festivalda misilsiz səslər duyacaq”.
   Azərbaycan Bəstəkarlar İttifaqının katibi, professor Ramiz Zöhrabov da seçimin çətin olduğunu və 27 nəfərin ən layiqlilərinin seçiləcəyinə əmin olduğunu dedi: «Biz dəfələrlə muğam müsabiqəsində seçim etmişik. Amma bu başqa, daha məsuliyyətli seçimdir. Çünki buradan yaxşıların yaxşısı seçiləcək və onlardan ən yaxşıları da ı Beynəlxalq Muğam Festivalında Azərbaycanı təmsil edəcək. Amma onu da deyim ki, hər şey ifaçılardan asılıdır. Ola bilər ki, indiyə qədər tanınan və laureat olan ifaçı bu gün yaxşı oxuya bilməsin və keçməsin. Bu müsabiqədir və onun öz tələbləri var. Amma bütün iştirakçılara bol şans arzulayıram».
   Dəfələrlə muğam müsabiqələrinin münsiflər kürsüsündə oturmuş xalq artisti Mənsum İbrahimov da bu dəfə ən az iştirakçılar qədər həyəcanlı olduğunu və bunun da məsuliyyətdən qaynaqlandığını dilə gətirdi: «Heydər Əliyev Fondunun layihəsi ilə keçirilən müsabiqədən keçənlər bizi beynəlxalq müsabiqədə təmsil edəcəklər. Ona görə də bu müsabiqə bizim üçün çox əhəmiyyətlidir. Odur ki, gərək biz münsiflər gərgin işləməliyik. Amma inanıram ki, o müsabiqədə də bizi təmsil edənlər layiqli ifa göstərib Qran-Prini Azərbaycanda saxlayacaqlar. Bir sənətkar və sadə azərbaycanlı kimi bu mənim ən böyük arzumdur».
   Azərbaycan Mədəniyyəti Dostları Fondunun direktoru İbrahim Quliyev yarışmanın fərqli və daha məsuliyyətli olduğunu diqqətə çatdırdı: «Bu sırf klassik müsabiqə formatındadır. Biz aylarla yox, artıq bir neçə gün müddətində nəticəni görəcəyik. Yenilik də ondadır ki, ifaçıların istedadlarının nəticəsi olaraq onları daha bir müsabiqədə iştirak gözləyəcək. Məncə, bu istər münsif, istərsə də iddiaçı kimi hər kəsin çiyinlərindəki yükü daha da ağırlaşdırır. Çünki Bakıdakı möhtəşəm festivalda bizi təmsil edəcək gənc istedadlar məhz bu 27 nəfərin arasından seçiləcək. Amma onu da deyim ki, mənim üçün seçim etmək bir o qədər də çətin olmayacaq. Çünki əsl səs, sənət və istedad elə ilk boğazdan özünü göstərir».
   Münsiflərin açıqlamasından da göründüyü kimi, bu fərqli yarışma fərqli amplualarda çıxış və yüksək qabiliyyət tələb edir. Çünki bu dəfə seçim zamanı canlı və mikrofonsuz oxu göstərilirdi. Onu yerinə yetirmək isə sadəcə səsinə və muğam biliyinə güvənən ifaçının işidir.
   Dövlət Kukla Teatrının nisbətən kiçik zalında əks-səda verən səs də var idi, münsiflərin «zil yerini oxu» tələbində büdrəyən də. Amma hər halda bu, müsabiqədir və orada udan da, uduzan da olur. Əsas qalib xalq və onun əbədi sədası olan muğamıdır.
   
   Həmidə