Muğam sənətinin qorunması və inkişafına xidmət edən “Muğam aləmi” Beynəlxalq festival artıq tarixə qarışdı. Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi, Bəstəkarlar İttifaqının təşkilatçılığı, Azərbaycan Mədəniyyətinin Dostları Fondu, Milli Elmlər Akademiyası Təhsil Nazirliyinin təşkilati dəstəyi ilə keçirilmiş tədbir xalqın ulu sənətə bağlılığını və bunun nəticəsi kimi dövlətin milli mədəniyyət nümunələrinə olan diqqət və qayğısını qabarıq şəkildə göstərmiş oldu.
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü və qayğısı ilə baş tutan bu möhtəşəm müsabiqə mədəniyyət sahəsində inkişafın yeni mərhələsinin başlandığından xəbər verir.
“Muğam aləmi” Beynəlxalq festival çərçivəsində keçirilən silsilə tədbirlər Azərbaycan xalqının musiqisinin, mədəniyyətinin, eləcə də muğamlarımızın təbliği, tədqiqi baxımından olduqca əhəmiyyətlidr. Beynəlxalq muğam müsabiqəsinin münsiflər heyətinin üzvləri, Azərbaycan Milli Konservatoriyasının rektoru, professor Siyavuş Kərimi, Azərbaycanın xalq artisti, professor Arif Babayev, Azərbaycan Bəstəkarlar İttifaqının katibi, professor Ramiz Zöhrabov, YUNESKO-nun nümayəndəsi, Paris Milli Elmi Araşdırmalar Mərkəzinin professoru Jan Dürinq, Ənənəvi Musiqi üzrə Beynəlxalq Şuranın vitse-prezidenti, niderlandlı Vim Van Zanten, türkiyəli musiqişünas Fikrət Qaraqaya və Beynəlxalq Musiqi Sülh Mükafatı laureatı, almaniyalı Mixael Dreyer olduqca gərgin keçən yarışmanı ədalətli qiymətləndirdilər.
Beynəlxalq muğam müsabiqəsinin münsiflər heyətinin rəhbəri, Azərbaycan Milli Konservatoriyasının rektoru, professor Siyavuş Kərimi: «Bu çox böyük və məsuliyyətli, münsiflərin üzərinə böyük məsuliyyət qoyan yarışma idi. Burada dünyanın məşhur ölkələrindən istedadlı ifaçılar yarışırdılar. Müxtəlif ifa tərzləri, fərqli səslər, nəfəslər, bəzən oxşar, bəzən də əks milizmalar. Yəni seçim etmək, hər ifaçının imkanlarını dəyərləndirmək, yüksək peşəkarlıq bacarığını üzə çıxarmaq o qədər də asan deyildi. Amma münsiflər bunun öhdəsindən gəldi və şükür ki, Qran-pri bizdə qaldı. Buna çox ümid edirdik və sevinirəm ki, bu, belə də oldu. Muğamın coğrafiyası çox böyükdür deyə və aləmin muğamının Azərbaycanda cəmlənməsi böyük bir fakt, ümumiyyətlə, bu festivalın keçirilməsi tarixi hadisədir. Bu festival ənənə halını alacaq və əminəm ki, bundan sonra da Azərbaycana muğam dünyasının xiridarları gələcək və muğamımızın təntənəsi göylərə yüksələcək».
Türkiyəli musiqişünas Fikrət Qaraqaya: «Bu müsabiqədə münsiflərin işi çox çətin oldu. Düzü, adil olmaq, doğru qərar vermək o qədər də asan olmadı. Dəyərləndirmədə səs faktoru önə çəkildi. Əsas kriteriya səsin varlığı, muğam oxuma qabiliyyəti idi. Təbii, adil olmağa çalışdıq. Amma unutmaq olmaz ki, hər ənənənin öz kriteriyası var. Bu mənada məmnunluqla qeyd edim ki, Azərbaycanda bu sənət çox yüksəkdir. Məktəblərdə, ali musiqi təhsili müəssisələrində muğamın tədrisi çox yüksək səviyyədədir. Sizdə müəllimlərin və tələbələrin, muğam ifaçılarının səviyyəsi çox yüksəkdir. Onu da qeyd edim ki, Təyyar Bayramov buradakı iki ən gözəl səsdən biridir. Fövqəladə, əla, gözəl səsdir. Bu qəbildən Yulduzun da səsini yüksək dəyərləndirirəm. Azərbaycan bu tədbirin təşkili ilə çox böyük iş gördü. Burada muğama göstərilən qayğı ən gözəl sözə layiqdir. Festival yüksək səviyyədə təşkil olundu. Fərqli ənənələrin daşıyıcıları bir araya gələrək həm təcrübə mübadiləsi apardı, həm də bir-birini tanıdı. Məncə, bu tədbir ənənə olaraq hər ölkədə keçirilməlidir. Muğamın olduğu məkanlarda bu qədim sənətin yaşadılması üçün çalışılmalıdır. Azərbaycan bu işdə qərarlıdır və bu ilk tədbirin ənənə halını alacağına inanıram».
Azərbaycan Bəstəkarlar İttifaqının katibi, professor Ramiz Zöhrabov: «Müsabiqə yüksək səviyyədə keçdi. Burada geniş müzakirələr apardıq, başqa-başqa namizədlər arasından seçim edərək yekdil qərara gəldik. Yarışmaya Almaniya, Niderland, Türkiyə, İraq, İran və ümumilikdə muğamın geniş yayıldığı ölkələrdən iştirakçılar qatılmışdı. Hər bir namizədə yer vermək çətin idi. Çünki yaxşı ifaçılar çox idi. İran, Özbəkistan, Tacikistan, Misir və Mərakeşdən gələn iştirakçıların vokal imkanları və hazırlıqları yüksək səviyyədə idi. Yəni öz musiqilərini göstərirdilər. Amma bəzi adamlar dini musiqilərini gətirmişdilər. O, muğama aid olmadığı üçün nəzərə almadıq. Seçim vaxtı səs və peşəkarlıq meyar kimi önə çəkildi. Müzakirədə də dedim ki, əgər inkişafla götürsək, ən mükəmməli Azərbaycan muğamıdır. Bunun da elmi əsasını Ü.Hacıbəyov qoyub. Üçpilləli təhsil yaradıb, dünyanın heç bir ölkəsində belə bir təhsil sistemi yoxdur. Ona görə də bizdə ifaçılar da yaxşı yetişirlər. İstər instrumental ifaçılar, istərsə də xanəndələr. Ona görə də elə birinci yeri, Qran-Prini Azərbaycana verdilər. Onlar bizim bütün muğamlarımızı bilmirlər, ifaçılarımız da yaxşı tanımırlar. Amma onlar gördülər ki, bizim ifaçılarımız çox yüksək səviyyəlidirlər.
Amma unutmaq olmaz ki, hər bir xalqın musiqisi ona əziz və doğmadır. Türkmən, qazax üçün muğam, Əlcəzairdən, Mərakeşdən olan nuqolar üçün də muğam doğmadır. Bəlkə də biz onların boğazlarını bəyənmirik. Amma onlar üçün o, daha doğmadır. Amma bizim kimi yayılmayıb. Bu gün Azərbaycanda muğam üçün yeni bir mərhələ başlayıb. Bu şəraiti də ölkəmizin birinci xanımı Mehriban Əliyeva yaradıb. Bu günə qədər iki müsabiqə və bir beynəlxalq festival keçirilib. Heç bir ölkədə Muğam ensiklopediyası yoxdur, amma bizdə var. Gərək iki ildən bir belə bir festival keçirilsin ki, bu da davamlı olsun. Bu dəfə də ola bilsin ki, instrumental musiqi ilə bağlı simpozium keçirilsin».
Ənənəvi Musiqi üzrə Beynəlxalq Şuranın vitse-prezidenti, niderlandlı Vim Van Zanten: «Mən ilk dəfədir ki, incəsənət müsabiqəsində iştirak edirəm. Bu müsabiqə sözün əsl mənasında məni təəccübləndirdi. Düşünürəm ki, belə tədbirin keçirilməsi sizin ölkəniz üçün, burada iştirak edənlər üçün çox yaxşı idi.
Mən bir daha Azərbaycan musiqisinin zənginliyinin şahidi oldum. Bu uğura görə Azərbaycan xalqını təbrik edirəm. Hər şey yüksək səviyyədə təşkil olunmuşdu.
Hollandiyada yaşasam da, əslən İndoneziyadanam. Yəni asiyalıyam. Dünya musiqisindən bəhs edərkən deməliyəm ki, mən heç vaxt muğam haqqında, xüsusilə də Azərbaycan muğamı haqqında eşitməmişəm. Əlbəttə, mən makam, Misir musiqisi haqqında məlumatlıyam.
Onu da qeyd edim ki, Azərbaycan muğamının özəlliyi maraqlı və cəlbedicidir. Estetik nöqteyi-nəzərdən burada insanlar səs-küylə, yüksək oxumanı qiymətləndirirlər. Bu şəxsən mənim qiymətləndirməm deyil. Əlbəttə, mən də öz intuisiyamdan istifadə etdim. Lakin mən bacardığım qədər hər bir şeyi bütün kontekstdə qiymətləndirməyə cəhd etməliyəm. Lakin bunun özü də çox çətindir. Çünki mədəniyyətlər çox fərqlidir. Sən kimin yaxşı, kimin pis oxumasını görməyə çalışmalısan. Hər halda yaxşı səs, xoş nəfəs zildə də, bəmdə də olsa, özünü göstərir».
Beynəlxalq Musiqi Sülh Mükafatı laureatı, almaniyalı Mixael Dreyer: «Müzakirələr aparmaq, fərqli muğamları dinləmək çətin idi. Azərbaycan muğamı çox incədir.
Əlbəttə ki, juridə olmaq və qaliblərin seçimi ilə bağlı qərar qəbul etmək çox çətin idi. Bildiyiniz kimi, müsabiqədə müxtəlif ölkələrdən iştirakçılar təmsil olunurdu və mədəniyyətlər müxtəlif olduğundan müqayisə aparmaq çətinlik yaradırdı. Bu baxımdan prizlərin əsl sahibini müəyyən etmək, hansı iştirakçının daha çox mükafata layiq olmasını müəyyənləşdirmək asan deyildi. Amma müsabiqə boyunca bütün həyəcanlara, çətinliklərə, gərginliklərə baxmayaraq nəticə olaraq demək istərdim ki, bu, çox gözəl festival idi.
Festival bir daha göstərdi ki, Azərbaycan regionda çox vacib ölkədir. Bu vaxta qədər də Azərbaycanda maraqlı simpoziumlar, tədbirlər keçirilirdi. Əgər bu kimi tədbirlər bu minvalla davam etdirilərsə, Bakı muğam və digər Şərq musiqiləri üçün başlıca mərkəz olacaq.
Çünki Şərqdə təkcə muğam deyil, digər ənənəvi musiqi növləri də var. Düşünürəm ki, məhz belə bir beynəlxalq festivalın Azərbaycanda reallaşmasına görə özünüzü çox xoşbəxt hesab etməlisiniz.
Festivalın gedişində mənə aydın oldu ki, Azərbaycanda yüksək təhsil görmüş musiqiçilər, ifaçılar var. Onlara dövlət səviyyəsində yaxşı dəstək verilir, müdafiə olunurlar. İşləmək üçün də çox əlverişli imkanlar var. Məsələn, müqayisə üçün deyim ki, Ərəb ölkələrində musiqiçilər daha az dəstəklənir. Azərbaycanda isə klassik musiqiniz olan muğama və muğam ifaçılarına məhz dövlət səviyyəsində dəstək verilməsi, can yandırılması çox müsbət haldır. Muğam həqiqətən Azərbaycanda mədəni həyatın ayrılmaz, mühüm hissəsidir. Bu musiqi, doğrudan da Azərbaycanda milli bənzərlik kimi görünür. Almaniyada da muğam ifaçıları var. Etiraf edim ki, muğam almanları həyəcanlandırır. Düşünürəm ki, muğam Avropada da çox müvəffəqiyyət əldə etməlidir. Ona görə ki, bu elə bir musiqi növüdür ki, ifa olunduqda, hər kəs istər-istəməz bu musiqinin, bu gözəl və canlı səsin təsiri altına düşür».
Həmidə Nizamiqızı