Xalq artisti Müzəffər Ağamalızadə:
«Simfonik orkestr üçün lazımlı olan musiqi alətləri üzrə mütəxəssislər azdır»
“Bu sənəti yaşatmaq lazımdır” - deyən, bu yolda yetirmələrinə dayaq olan Bakı Musiqi Akademiyasının müəllimi, xalq artisti, fleyta ifaçısı Müzəffər Ağamalızadə simfonik orkestrin gələcəyini parlaq görmək arzusundadır. O da həmkarları kimi, hesab edir ki, bu sahəni yaşatmaq, gənclərin sənətdə irəli getməsi üçün onlarda sevgi, inam yaratmaq lazımdır.
- Müzəffər müəllim, fleyta ifaçısı olmaq istəyən gənclər varmı?
- Öyrənmək istəyənlər var. Ancaq bunun üçün ilham olmalıdır. Bu, Allah vergisidir. Qazanc arxasınca gedənlər həmişə olub, olacaq da. Bizim konservatoriyada bir müəllimimiz gənclərin daha çox hansı musiqi alətinə meyil etdiyini əsaslandıran sorğu apardı. Məlum oldu ki, 300-dən artıq şagird akkordion sinfində musiqi təhsili alır. Bu isə o demək idi ki, toylarda qazanc əldə etmək istəyənlər akkordion sinfinə yazılır. Maddi maraqdan irəli gələn istək özünü o dövrdə də göstərirdi. Düzdür, sənət naminə bu ifaçılığa meyilli gənclər də az deyil. Klassik musiqi ilə məşğul olub, onu yaşatmaq özü çətin sənətdir, bu yolu sona qədər gedənlər dözümlü insanlardır.
- Bu yolu tutan tələbələrinizdən necə, razısız?
- O qədər də yox. Bizim dövrümüzdə professorlar qeyd edirdilər ki, əgər 10 nəfərdən biri bu yolu layiqincə addımlayacaq, bu sənətdə parlayacaqsa, deməli, bu sənət yaşayacaq. Klassik musiqinin yolunu axıra qədər getmək istəyənlər olsa da, mənzil başına yetişməyə səbirləri çatmır. Bu da bir çox səbəblərdən asılıdır. Bu yolun yolçuları həyatın hər cür çətinliyinə sinə gərib, bacarıq nümayiş etdirirlər. Mən bir neçə musiqi məktəbində fleyta üzrə müəllimlik edirəm. Dərs dediyim tələbələrin arasında istedadı olanlara simfonik orkestrdə çalışmaq imkanı da yaradıram. Bir vaxtlar mənim özüm də tələbə olmuşam, müəllimim professor Ələkbər İsgəndərov məni filarmoniyada işə düzəldib.
- Bu, neçənci ildə oldu?
- Əvvəlcə, qeyd edim ki, Bülbül adına OİMM-i bitirərkən həmin ili konservatoriyada təhsil ala bilmədim. Müəllimim Zilberman məni Opera və Balet Teatrına gətirdi. Orada iki il çalışdım. Bu mənim üçün böyük təcrübə oldu. Həmin illərdə Moskvada on günlük mədəniyyət günləri keçirildi və biz də orada Azərbaycanı təmsil etdik. Keçirilən görüşlər, teatrda çalışdığım illər mənə sənətdə böyük yol açdı. Sonradan 1959-cu ildə konservatoriyada təhsil almağa başladım. Pikolo sinfimiz var idi. Bu söz kiçik fleyta mənasını daşıyır, müəllimimiz Dadaşidze qəflətən dünyasını dəyişdi. Həmin ərəfədə simfonik orkestrə fleyta ifaçısı lazım idi. Məni orada işləməyə çağırdılar və o gündən indiyə qədər də simfonik orkestrin solistiyəm.
- Yəqin ki, bu sənəti seçməkdə valideynlərinizin də rolu az olmayıb?
- Elə bilməyin ki, mənim bu musiqi aləti haqqında məlumatım var idi. Adını belə eşitməmişdim. Düz də qeyd etdiniz, mən atamın istəyi ilə fleyta çalmışam. Atam öyrənmişdi ki, şəhərdə belə bir musiqi məktəbi var. O, musiqiyə olan marağımı nəzərə alıb məni bu sənətə yönləndirdi.
- Simfonik orkestrin gələcəyini necə görürsünüz?
- Eniş bu gün də var və hələ də davam edir. IV kursların dövlət imtahanında müəllimlərlə söhbət zamanı bu qənaətə gəldik ki, bir vaxt gələcək biz xaricdən ölkəmizə işləməyə musiqiçi dəvət edəcəyik. Bu, təkcə fleytaya aid deyil, digər simfonik orkestr üçün lazımlı olan musiqi alətləri üzrə mütəxəssislər də azdır. Gənclərin əksəriyyəti asan yolla pul qazanmağa can atırlar. Fleyta və digər musiqi alətini ifa etmək üçün insanda ruh, işləmək, çalışmaq istəyi olmalıdır. Bu sənət forma tələb edir. Bunun üçün də həyatını, özünü bu işə sərf etməlisən. İndiki gənc bunu etmək istəyindədirmi? Məsələ də elə bundadır. Simfonik orkestrdə olmaq üçün insandan bu tələb olunur.
- Xarici səfərlərdə konsert zamanı dinləyicilərinizdə maraq yaratmaq çətin olmayıb ki?
- Təkcə Almaniyaya 6-7 dəfə səfər etmişik. Fransa, İsveç, keçmiş Sovet İttifaqının əksər respublikalarında dəfələrlə olmuşam. Maraq yarada bilmişik. Almaniyada təəssüratlar fərqli olub. Onlar musiqini bir başqa cür duyur, anlayırlar. Fərəc Qarayevin ansamblı, başda dirijor Rafiq Əzizov olmaqla, 10-12 nəfər heyət alman tamaşaçılarının qarşısında konsert verdi. Bethovenin yaşadığı evdə çıxışlar oldu. Onların musiqiyə olan marağı şəxsən bizi çox təəccübləndirdi. Muğama olan sevgi tamamilə başqa bir təəssüratdır. Əlbəttə ki, bu bizi sevindirməyə bilməz. Orada görkəmli bəstəkarımız Q.Qarayevin əsərləri də səsləndirildi. O, bizim modern musiqimizin inkişafında əvəzsiz xidmətləri ilə seçildi, simfonik orkestr üçün də dəyərli töhfələr verdi.
- Səhnədə çalışıb əmək sərf etdiyiniz illərin mükafatı kimi fəxri ada layiq görülməyiniz özü də böyük göstərici idi.
- Əlbəttə, simfonik orkestrdə ifa edən musiqiçilər arasında xalq artisti olmayıb. Müəllimim Ələkbər İsgəndərov orkestrdə solist işləsə də, çox sonralar əməkdar artist adına layiq görülüb. Son illərdə mədəniyyətə qayğının daha da artması və bizim kimi həyatını musiqiyə həsr edən insanların fəxri adlara layiq görülməsi məni çox sevindirir.
ŞƏMSİYYƏ