- Heydər Əliyev Fondu Azərbaycan muğamının qorunması, inkişaf etdirilməsi, muğam ifaçılarının rifahı naminə çox iş görüb. Bu yaxınlarda dünyada analoqu olmayan Muğam Mərkəzinin tikilib istifadəyə verilməsi də dediklərimizin əyani sübutudur. Gənc ifaçılara təqaüdlərin verilməsi, onların disklərinin buraxılması sənətdə yeni addımlar atan insanlar üçün böyük köməkdir. Bizə isə yalnız öz üzərimizdə çalışmaqla göstərilən etimadı doğrultmaq qalır.
Məhz Heydər Əliyev Fondunun köməyi ilə biz gənc xanəndələr ustadlarımızın tanınmaq və sevilmək baxımından 35-40 ilə gəldiyi yolu cəmisi bir neçə ilə gəldik. Müəllimlərimiz həmişə söz düşəndə deyirlər ki, bizim üçün heç vaxt belə şərait yaradılmayıb. Əldə etdiklərimizə zülmlə, əziyyətlə nail olmuşuq. Və gərək onlara da minnətdar olaq ki, o qədər əziyyətin içində muğamı qoruyub saxlaya biliblər, çətinliklərdən bezməyiblər.
Hesab edirəm ki, fondun köməyi olmasaydı, şəxsən mənim üçün bu mərtəbəyə yüksəlmək çox çətin olardı, hətta mən deyərdim ki, uzun illər lazım olardı. Düzdür, məndə əzmkarlıq, iradə var. Amma hansı sahədə olursa-olsun, dövlət qayğısı olmadan irəliləmək çətindir.
Buna görə də əldə etdiyim uğurlara görə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya dərin təşəkkürümü bildirirəm. Çünki Azərbaycan muğamına bu qədər diqqət və qayğı məhz onun təşəbbüsü ilə göstərilir.
FƏXRİYYƏ