Salman Qənbərov: «...Cazı daha çox ziyalılar dinləyir»
  
   Caz musiqisi nədir? Həyatımızda, mədəniyyətimizdə rolu və əhəmiyyəti nədən ibarətdir? Bu sahədə bilgilərimiz çoxdurmu, yoxsa... Bu və digər sualların cavabı peşəkar cazmen, sözün həqiqi mənasında sənətkar adına layiq musiqiçi, «Bakustik caz» qrupunun lideri Salman Qənbərovla söhbətimizdə aşkarlanacaq.
  
   - Salman bəy, Siz bu gün Azərbaycan musiqi məkanında caz ənənələrini davam etdirən öncül musiqiçilərdən birisiniz. Cazın auditoriyasının məhdud çərçivədə olduğunu nəzərə alsaq, professional musiqiçi kimi yaradıcılıq imkanlarınızı arzuladığınız səviyyədə reallaşdıra bilirsinizmi?
   - Razıyam, mən hər zaman kəmiyyətə yox, keyfiyyətə önəm vermişəm. Çoxluq, tünlük olan məkanı sevmirəm. Artıq 1997-ci ildən etibarən Vaqif Mustafazadə adına «Jazz Club»da çıxış edirəm. Bu yer ümumiyyətlə mənə çox əzizdir.
   - Qəribədir ki, «Jazz Centre»dən fərqli olaraq «Jazz Club»da insan özünü daha səmimi, rahat hiss edir.
   - Mənə elə gəlir ki, müxtəlif tədbirlərin, yubileylərin keçirilməsi üçün «Jazz Centre»in geniş məkanı daha münasibdir. Amma haqlısınız, «Jazz Club» mənimçün daha xoş və rahatdır. Orada daim hərəkət, demokratiya var. Gələn auditoriyanı da kluba girişlərindən, kimin harada, necə əyləşməsindən, hətta hansı məqsədlə gəlməsindən belə artıq tanıyıram.
   - Son zamanlar caz musiqisinin efir təbliğatı daha geniş vüsət alıb...
   - (ironik gülüşlə) Ya gecə yarısı, ya da səhərə yaxın. Adlarımızı nə yazırlar, nə də deyirlər, sanki heç yoxmuşuq kimi. Mənim adımı yazmasınlar, amma heç olmasa qrupun adını - «Bakustik caz» yazsınlar. Tamaşaçı da bilməlidir ki, konkret hansı musiqiçini dinləyəcək. Yəni öncədən bilməlidir ki, gözləməyə dəyər, yoxsa başını atıb yatsın. Digər tərəfdən, bu həm də hörmət, professional yanaşmadır. Caz musiqisini təəəssüf ki, kliplərin içində yayımlayırlar.
   30-cu illərin «Lətif» adlı səssiz filmi üzərində Fəxrəddin Dadaşovun kamançada, Natiq Şirinovun nağarada və mənim royalda filmə baxaraq instrumental improvizələrimiz yerli telekanal vasitəsilə lentə alınıb. Özü də müəllif hüquqlarına sahiblənərək. Ancaq indiyədək yayımlanmır. Avropa mədəniyyətində dəbdə olan bənzər layihə məgər indiyədək Azərbaycanda və ya MDB dövlətlərində gerçəkləşibmi?! Əgər estrada müğənnilərindən hansınınsa klipində ilk dəfə banan çəkilibsə, onu mütləq təbliğ edirlər ki, Azərbaycanda birinci dəfə banan filankəsin klipində göstərildi!
   - Demək olmaz ki, cazsevərlər arasında caz musiqisinin fəlsəfəsini hər kəs dərk edir, anlayır. Bu baxımdan, belə bir fikir də formalaşıb ki, caz musiqisi intellektuallar üçündür. Maraqlıdır, cazda intellektual meyar necə müəyyənləşdirilir?
   - Etiraf edək ki, bu gün cazı daha çox ziyalılar dinləyir. Zavoda, fabrikə gedən fəhlə caza qulaq asmayacaq. İnsanlar üzərində müşahidələrim və həyat təcrübəm mənə dinləyici auditoriyasını tanımağıma kömək edir. Yəni təxmini bilirəm ki, caz musiqisini dinləməyə gələnlər hansı zamanda hansı üsluba üstünlük verirlər: klassik caz, avanqard caz, pop-caz, yoxsa folk-caz. Bu baxımdan, proqramı öncədən deyil, gecəyə toplaşan dinləyicilərin zövqünə görə müəyyənləşdiririk. Yəni dinləyicinin tələbatını ani hiss etmək bacarığı olmalıdır ki, deməsin «bu musiqi mənlik deyil» və ya «mən cazı sevirəm, amma başqa səpkidə dinləmək istərdim».
   - Ümumiyyətlə, cazı anlamaq lazımdırmı, yoxsa sadəcə dinləmək və ruhunu qidalandırmaq kifayət edir?
   - İlk növbədə, insanda dinləmək qabiliyyəti olmalıdır. Mümkündür ki, birinci dinləyişdən nəsə anlaşılmasın. Məgər Avropa dinləyiciləri Alim Qasımovun oxuduğu mahnıları, dəstgahları anlayırlarmı? Əsas odur ki, dinləməyi, cazla «tanışlığı» arzulayasan. Xırdalasaq, caz musiqisinin də Üzeyir Hacıbəyovu, Qara Qarayevi var. Sadəcə olaraq, klassiklərin 600 ilə keçdiyi yolu caz musiqisi 100 ilə keçib. Ümumiyyətlə, «caz» sözünün tərcüməsi yoxdur, kimsə həddən ziyadə feyziyablığını, heyranlığını bildirmək üçün «ca-a-az» adlandırıb, belə də qalıb. İndiki zamanda caz musiqisinin sərhədləri də pozulub, bilmirsən cazdır, yoxsa akademik-avanqard.
   - Bildiyimə görə, siz böyük konsert salonlarında, saraylarda çıxış etməyi sevmirsiniz.
   - Mən realistəm. Caz festivalı çərçivəsində mümkündür ki, çıxış edim. Ancaq yenə də zövq ala bilmirəm. Yadımdadır, ilk keçirilən caz festivalında tamaşaçılar pulsuz, sırf dəvətnamələr əsasında saraya gəlmişdilər. Yəni «fərqli yoxdur kim ifa edəcək, havayı konsertdir, gedim baxım» düşüncəsilə gələnlərə axı mən necə ifa edim?!
   - Yeri gəlmişkən, milli musiqilərimiz digər janrlarla sintez ediləndə «amandır, qoymayın, musiqimizi bərbad hala saldılar» kimi ittihamlar artıq yerli-yersiz dəbə düşüb. Sizin ünvanınıza bənzər ittihamlar deyilməyib ki?
   - Sizə bir hadisəni danışım. Bir neçə il əvvəl Kapelhausda solo konsertimdə ekspromt çıxış oldu. Bildiyim sadəcə konsertimə bir saatlıq zamanın ayrılması idi. Gecəni «Mu... Qam» adlandırmışdım. Çoxları elə bildi ki, muğam, segah ifa edəcəyəm. Əslində isə bu sözün mənası «Musiqi Qəmbərovundur» anlamını verirdi (Gülərək). Sadəcə olaraq, həmkarlarıma azacıq sataşdım. Yəni camaatı cəlbetmək məqsədilə muğam adından istifadə edənlərə bu mənim zarafatyana etirazım idi. Digər bir tərəfdən, bu cür ittihamları ancaq Habil Əliyev deyər. Hansı ki, özü cavanlığında Qənbər Hüseynlinin «Cücələrim»ini nə günə salmışdı. Təbii ki, sözün yaxşı mənasında. Habil Əliyevin ifasındakı «Cücələrim»də toyuq, cücə səsi də vardı. Maraqlıdır, o vaxt Habil bəy bu iradları necə qarşılayardı?! İnsan qocaldıqca «...bizim vaxtımızda belə idi» deməyə adət edib. Onsuz da çərçivəsi məhdud olan muğamın köklərini Alim Qasımov bilir, ancaq improvizə də etmək istəyir. Dünyanın hər yerini gəzib, görüb, dünyagörüşü onu yeniliklərə sövq edir. Yəni kiminsə ağlına gəlməyən Alimin ağlına gəlib. Buna görə də qınamaq düzgün deyil. Əks halda, musiqidə inkişaf da olmaz. Dədə-babalardan, babəklərdən, koroğlulardan bəsdir danışdıq. Artıq bugünkü qəhrəmanlardan danışmağın vaxtıdır!
   - Bir neçə il öncə Bakı Musiqi Akademiyasında caz fakültəsi açıldı. Tədris sahəsinin səviyyəsini necə dəyərdəndirirsiniz?
   - Bəli, ancaq tək mən çox iş görə bilmərəm. Heç kəs ayda 10 dollara işləməyə razı olmaz. Mənim işləməyimə səbəbsə, maddi ehtiyac deyil, uşaqların caza olan həvəsləridir. Bu baxımdan, caz təhsilinin ümumi səviyyəsi heç də qənaətbəxş deyil. Musiqi əlifbasını bilməyib, bəstəkarlıq iddiasına düşənlər var. Ümumiyyətlə, caz musiqisinin konkret ixtisası yoxdur, burada pianonu, nəzəriyyəni, stil tarixini, bəstəkarlıq, polifoniya, dramaturgiyanı bilmək lazımdır ki, sonradan «tapdım» deməyəsən.
   - Azərbaycan cazının dünya musiqi aləmində yeri varmı?
   - Nə bilim vallah, Əzizə Mustafazadəni götürsək, ona Azərbaycan cazı demək olarmı, bilmirəm. Baxmayaraq ki, o, adının Azərbaycanla hallanmasını istəmir. Ancaq mən Vaqif Mustafazadənin musiqisi, ifası üçün darıxıram. Onun səmimiyyəti Əzizədə yoxdur. Azərbaycan musiqisini ifa etsə də, hiss eləmir. Təəssüf ki, nə qədər tanınırıq desək də, belə deyil. Heç kəs tanımır, bizdən gözləntiləri də təkcə folklordur. İnanmırlar ki, Azərbaycanda Murad Adıgözəlzadə, Rəna Rzayeva, Murad Hüseynov kimi pianoçularımız var. Gözəl violonçel ifaçılarımız var, amma şəraitsizlikdən ümidsizləşir, ruhdan düşürlər. Beynəlxalq masştabda turnelər təşkil edilməlidir. Mədəniyyətin siyasət strategiyası düzgün qurulmalıdır.
   - Yaradılıcıq planlarınızı bilmək maraqlı olardı.
   - Avqust ayının 21-də Almaniyanın Osnabryuk şəhərində Şərq ölkələrinin musiqisi festivalı keçiriləcək. Hər il keçirilən bu festival artıq ənənəvi hal alıb. Dörd günlük bu festivala dunyanın demək olar ki, bütün ölkələrindən qatılacaqlar. Azərbaycan həmin festivalda «Bakustik-caz» qrupu ilə təmsil olunacaq. Bundan başqa, oktyar ayında Azərabycan mədəniyyəti günləri çərçivəsində İsveçrəyə səfər edəcəyik.
   Yaxın gələcəkdə yeni kompozisiyardan ibarət növbəti albomum da işıq üzü görəcək.
  
   Söhbətləşdi: Sevda