Abbasqulu Nəcəfzadə: «Konsert proqramımız böyük coşquyla qarşılanırdı»
Azərbaycan mədəniyyətinin xarici ölkələrdə təbliği bir ənənə halını alıb. Bir çox mədəniyyət mərkəzləri, yaradıcı qruplar Avropa və Asiya qitəsinin müxtəlif ölkələrinə qastrol səfərlərinə çıxıblar. Bu qruplardan biri də «Oğuzlar» xalq ansamblıdır. Ansambl ötən ay Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Türkiyənin Ankara və Yozqart şəhərlərində qastrol səfərində olmuşdur. Səfər təəssüratları ilə bağlı ansamblın rəhbəri, sənətşünaslıq namizədi Abbasqulu Nəcəfzadə ilə söhbət etdik.
- Ansamblın üzvlərini Atatürk Hava Limanında «Türksoy» Türk Kültür və Sənətləri Ortaq Yönetiminin Azərbaycan ölkə təmsilçisi Elçin bəy Qafarlı və Şimali Kipr üzrə təmsilçisi Gülər xanım Fədai qarşıladılar.
İlk konsert iyulun 8-də Ankara şəhərinin Yunus Əmrə Kültür Mərkəzində keçirildi. Bu konsert «Türksoy» və Altundağ Bələdiyyəsinin təşkilatı dəstəyi ilə baş tutdu. İki saata yaxın davam edən konsertdə hər bir musiqi nömrəsi tamaşaçıların gurultulu alqışları ilə qarşılanırdı.
«Oğuzlar» konsertlərinə bir qayda olaraq «Şur» kompozisiyası ilə başlayırdı. Solo partiyaları Cəfər Nəcəfzadə (kamança), Seyidməmməd Zəkizadə (tar) və mən ifa edirdim. Kompozisiyadan sonra konsertin həm aparıcısı, həm də müğənnisi Şahin İsmayılov səhnəyə çıxıb, tamaşaçıları salamlayır və musiqili çıxışını davam etdirirdi. Ş.İsmayılov sözləri Cəfər Cabbarlıya, musiqisi bu sətirlərin müəllifinə aid edilən «Turan ellərinə salam söyləyin» mahnısını ifa edərkən bütün tamaşaçılar əl-ələ tutub «Yallı» gedirdilər.
Konsert boyu milli ruhda yazılmış rəqslər, xalq və bəstəkar mahnıları bir-birini əvəz edirdi. Ansamblın rəhbəri kimi, müxtəlif alətlərdə- kamança, ney, tütək, zurna, balaban, klarnetdəki ifalarım böyük maraqla qarşılanırdı.
- Sözsüz ki, tamaşaçılar bu musiqiləri hərarətlə qarşıladılar.
- Musiqisi Üzeyir Hacıbəylinin, sözləri Əhməd Cavadın olan «Türkün bayrağı» mahnısını bütün tamaşaçılar ayaqüstə, xorla oxuyurdular. Səhnəni gül-çiçək dəstələri bürümüşdü.
Konsertlərimiz adətən sözləri Cabir Novruza, musiqisi Faiq Sücəddinova məxsus olan «Azərbaycan-Türkiyə» mahnısı ilə tamamlanırdı.
Sonda konsertin təşkilatçıları səhnəyə çıxıb, bizə öz minnətdarlıqlarını bildirdilər. Bundan başqa ansamblın üzvlərinə diplomlar və hədiyyələr təqdim olundu.
- Sizin qrupun konsertlərdən başqa hansısa görüşləri oldumu?
- İyulun 9-da Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün mavzoleyini və muzeyini ziyarət etdik, xatirə şəkilləri çəkdirdik. «Türksoy»un qərargahında olduq. Təşkilatın başqanı, milliyətcə qazax türkü olan Düsen Kaseinov bizi qarşıladı. O, rəhbəri olduğu qurumun fəaliyyəti ilə bağlı maraqlı məlumat verdi, gələcək planlardan söhbət açdı. Bundan başqa «Türksoy»n nəzdində təməli yeni qoyulan muzeyə tar və mənim müəllifi olduğum «Azərbaycan çalğı alətlərinin izahlı lüğəti», «Çalğı alətlərimiz», «Balabançı Həsən dayının gülməcələri», «Xalq çalğı alətlərinin tədrisi metodikası», M.Müşfiqin 100 illik yubileyinə həsr olunmuş «İki mahnı» (fortepiano ilə oxumaq üçün) kitablarını hədiyyə etdik.
Həmin gün axşam «Türksoy» Genel Müdirliyi və Ankara Etimesqut Bələdiyyəsi tərəfindən açıq havada- Atatürk stadionunda təşkil olunmuş konsertimiz çox yüksək səviyyədə keçdi.
- Sizcə, belə coşqu ilə qarşılanmanın səbəbi nədir?
- Düşünürəm ki, bu mədəniyyətlərimizin eyni ruhlu olmasından və Azərbaycan musiqisinə türkiyəlilərin sevgisindən irəli gəlirdi. Biz bu marağı hər bir konsertimizdə hiss edirdik. Yozqart şəhərində iştirak etdiyimiz 10-cu Beynəlxalq Sürməli Festivalında da Azərbaycanı təmsil etdik. Burada da coşquyla qarşılandıq. Ankarada olduğu kimi, Yozqatda da iki gün konsert verdik. Qeyd edim ki, Ankara və Yozqartdakı konsertlərimiz telekanallar vasitəsilə yayımlandı, ölkə mətbuatında, xüsusilə də «Hürriyyət» qəzetində bizim haqqımızda geniş məqalə dərc olunmuşdu. Mən qrupun və öz adımdan Mədəniyyət və Turizm Nazirliyinə, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinə minnətdarlığımı bildirirəm.
Fehruz