Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi Milli Musiqi Günü ilə əlaqədar olaraq, Beynəlxalq Musiqi həftəsi çərçivəsində, daha dəqiq desək, sentyabrın 17- də Niyazinin mənzil muzeyində ev-muzeyin 15 illiyinə və görkəmli bəstəkar Zülfüqar Hacıbəyovun 125 illiyinə həsr olunmuş tədbir keçirdi. Tədbiri muzeyin direktoru, sənətşünaslıq namizədi, əməkdar mədəniyyət işçisi Alla Bayramova açıq elan etdi. Tədbirdə öz ürək sözləri ilə mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, “Zülfüqar Hacıbəyovun həyat və yaradıcılığı” haqqında məruzə ilə Azərbaycan Milli Elmlər Akademiyasının elmi işçisi Cülyetta Cəbrayılbəyli çıxış etdi. Daha sonra isə fortepianoçu, violonçelist və skripkaçılarımızın ifasında konsert proqramı nümayiş olundu.
   Tədbirdə həmçinin bir çox muzey əməkdaşları, Bakı Musiqi Akademiyasının dosenti, əməkdar incəsənət xadimi, pianoçu Ülviyyə Hacıbəyova, Simli kvartetin musiqiçiləri və başqaları da iştirak edirdilər.
   Beynəlxalq Musiqi Həftəsi çərçivəsində keçirilən növbəti tədbir isə sentyabrın 18- də Bakı Musiqi Akademiyasının qarşısında baş tutdu. Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyevanın və digər mədəniyyət işçilərinin çıxışlarından sonra konsert proqramı başladı.
   Qeyd edək ki, konserti dinləmək üçün akademiyanın binası qarşısına böyük bir izdiham toplaşmışdı. Dinləyicilərin içində Musiqi Akademiyasının, digər musiqi məktəblərinin müəllim və şagird heyətindən başqa, adi insanlar da çoxluq təşkil edirdi. Hətta təsadüfən yoldan keçən həmvətənlərimiz də bir anlıq ayaq saxlayıb orkestrlərin ifasında səslənən möhtəşəm musiqiləri dinləyirdilər. Ki, bu da bizim xalqın musiqiyə olan böyük hörmətinin özəl göstəricisidir.
  
   Könül N.