Ötən həftə musiqi günümüzə həsr olunmuş növbəti tədbirlərdən biri də Bədii Sərgi Salonunda baş tutdu. “Azərbaycan təsviri sənətində musiqi obrazları” adlı sərgidə T.Ə.Kərimovun “Ü.Hacıbəyov”, M.Ə.Mustafayevun “Bahar simfoniyası”, E.Şaxtantinskayanın “Müslüm Maqomayev”, “Qara Qarayev”, N.Ə.İsmayılovun “Sevinc”, T.Nərimanbəyovun “E.Sabitoğlu”, Ş.N.Ələkbərovun “Muğam-Segah” və başqa rəsmlər sərgiləndi.
   Sərgidə iştirak edən Mədəniyyət və Turizm Nazirliyinin incəsənət şöbəsinin məsləhətçisi Qalib Qasımov tədbirlə bağlı fikirlərini söylədi: “ Bu sərgi Dövlət Rəsm Qalereyasının təşəbbüsü ilə baş tutub. Burada nümayiş etdirilən əsərlərin böyük əksəriyyəti də qalereyanın, eyni zamanda Dövlət İncəsənət Muzeyinin fondundan seçilib. Bizim bu sərgini təşkil etməkdə əsas məqsədimiz Azərbaycan rəssamlarının musiqi mövzusuna müraciətini nümayiş etdirməkdir. Bildiyiniz kimi, Üzeyir bəyin ad gününə həsr olunmuş silsilə tədbirlər keçirilir və Üzeyir musiqi həftəsi münasibətiylə biz qalereyanın bu təşəbbüsünü dəstəkləyirik. Gördüyünüz sərgidəki bu gözəl əsərlər yenidən tamaşaçıların ixtiyarına buraxılıb. İstənilən adam bizim sərgini gəlib ziyarət edə, əsərlərlə tanış olub onlardan böyük zövq ala bilər”.   

  Yeganə