Bəstəkarlar İttifaqında xüsusi canlanma yaradan yubiley festivalının 4-cü günündə uşaqlar üçün nəzərdə tutulan növbəti tədbir keçirildi.Bu tədbirin əhəmiyyəti 2009-cu ilin ölkəmizdə “Uşaq ili” kimi qeyd olunması ilə bağlı keçirilən silsilə proqramlarla həmahənglik təşkil etməsi idi. «Azərbaycan bəstəkarları - uşaqlara” adı altında təşkil olunmuş tədbirdə Ü.Hacıbəyli, A.Zeynallı, Q.Qarayev, F.Əmirov, T.Quliyev, M.Mirzəyev və b. bəstəkarların əsərləri Bakı şəhərinin orta ixtisas,uşaq musiqi məktəbləri şagirdlərinin ifasında səsləndi.
   
   Axşam isə festivalın konsert proqramının davamı Azərbaycan Dövlət Filarmoniyasında oldu. Filarmoniyanın nəzdindəki Xalq çalğı alətləri orkestri bütövlüklə yeni repertuarla, indiyədək səsləndirilməmiş və ya az səslənmiş əsərlərdən ibarət proqramla çıxış etdi. Bədii rəhbər və dirijor Ağaverdi Paşayev idi.
   Bəstəkarlardan Yaşar Xəlilovun yeni yazdığı tar və xalq çalğı alətləri orkestri üçün konserti,Nazim Quliyevin “İlham və Fərizə” oratoriyasından ariozo,Ceyhun Allahverdiyevin “Oğuznamə” əsəri maraqla qarşılandı.
   Konsertin 2-ci bölməsində hamımızın musiqişünas kimi tanıdığımız Ramiz Zöhrabovun “Ərdəbil lövhələri” süitası səsləndi. Xalq musiqisi materialı üzərində qurulan bu əsər xalq çalğı alətləri orkestrində öz təbii səs çalarlarını ona görə tapırdı ki,musiqişünas alimimiz, həm də bir bəstəkar kimi orkestrləşdirməni zövqlə etmişdi. Orkestrin tərkibinə qoboy, fleyta kimi alətlər daxil etməklə, Zöhrabov səslənmə balansını qoruyub, tənzimləməklə yanaşı, orkestrin səs palitrasını yeni tembrlərlə zənginləşdirmişdi. Bu isə musiqişünas alimin bilik və təcrübəsindən irəli gəlir.
   Festivalın 5-ci qünü - noyabrın 16-sı tarixində saatlarından Moskva konservatoriyasının professoru, musiqi nəzəriyyəçisi Meduşevskinin musiqişünaslığın aktual problemlərinə həsr olunmuş mühazirəsi ilə başladı. Bəstəkarlar İttifaqının konsert salonuna toplaşan musiqişünaslar və tələbələr özlərini maraqlandıran suallarla Meduşevskiyə müraciət etdilər.
    Daha bir necə saatlıq fasilədən sonra “Gənclər-avanqardda” adlı gənc bəstəkarların musiqisindən ibarət konsert proqramında müxtəlif müasir musiqi üslubunda yazılmış əsərlər səsləndirildi.Əsərləri Nizami Zeynalovun təşkil etdiyi “Con Tempo”- solistlər ansamblı ifa edirdi.
   Konsertdə müasir musiqi üslublarında bir sıra əsərlərin müəllifi kimi tanınmış bəstəkar Aleksandr Çaykovski (Moskva) də tamaşaçı qismində iştirak edirdi.
   Axşam saatlarında növbəti konsert proqramı Rəşid Behbudov adına Mahnı Teatrında başlandı. Azərbaycan bəstəkarlarının estrada janrında yazdıqları bir çox mahnılar səsləndi. Son vaxtlar mahnı janrında məhsuldar işləyən tanınmış bəstəkarımız Eldar Mansurovun konsertin hazırlanma və təşkil edilməsində böyük əməyi oldu. Festivalın bu günü də xoş ovqatla başa çatdı.