Bugünlərdə Q.Qarayev adına 8 saylı və 15 saylı musiqi məktəblərinin kollektivi Xaçmaz şəhərində olmuşlar. Rəngarəng musiqi nömrələrindən ibarət repertuarla sözügedən musiqi məktəblərinin kollektivi iki günlük yüksək səviyyəli konsertləri və açıq dərsləri ilə Xaçmaz musiqisevərlərini məmnun etdilər.
   Xaçmaz Şəhər Uşaq Musiqi Məktəbi və Uşaq İncəsənət Məktəbində iki günlük konsertr zamanı Q.Qarayev adına Musiqi Məktəbinin istedadlı və müsabiqələr laureatları olmuş şagirdlərinin çıxışları çox böyük maraqla dinlənildi. Zalın dinləyicilərlə dolu olması isə təqdirəlayiq bir hal idi.
   Kamil Həsənovun (fortepiano), Ağahüseyn Əhmədovun (fortepiano), Natiq Hüsiyevin (skripka), Samir Səlimovun (tar); Mədinə Şahgəldiyevanın (kamança); Aygül Həsənovanın (qanon) təqdim etdikləri repertuar səmimi hisslərlə qarşılandı.
   Proqramda M.Mirzəyev “Konsert skerso”su, F. Şopen - Etüd N 5 (fortepiano); F.Şopen Vals N14, E.Nəzirova Prelüd N1, N2 (fortepiano); P.Çaykovski “Melodiya”, F.Əmirov “Muğam-poema” (skripka); S.Ələsgərov “Rəqs-Tokkata”, F.Əmirov “Min bir gecə”baletindən “Rəqs”, Muğam - “Qatar” (tar); Diniku “Xora-stokkato”, C.Cahangirov “Qəzəl”, muğam “Rahab” (kamança); S.Ələsgərov “Şalaxo”, A.Məlikov “Məhəbbət əfsanəsi” baletindən “Qızların rəqsi”, Muğam “Bayatı-Şiraz” (qanon) kimi maraqlı nömrələr təqdim edilmişdir. Musiqi nömrələrini konsertmeyster Sevinc Kərimova müşayiət etmişdir.
   K.Paşazadənin skripka, T.Məmmədovanın fortepiano, T. Babayevanın kamança, V.Budaqovun tar ixtisası üzrə verdikləri açıq dərslərdə düzgün oturma qaydası, alətin düzgün tutulması, kaman və mizrabla səlis işləmək, əllərin düzgün qoyuluşu və s. Vacib məsələlər üzrə dərslər keçirilmiş, tövsiyələr verilmiş, əsərlər üzərində təhlil və araşdırmalar aparılmışdı. Nəzəriyyə üzrə isə Tünzalə Əliyeva(nın) solfecio fənnindən “interval” və “ölçülər” mövzusunda açıq dərs verərək şagirdlərlə intonasiya və solfecio nömrələrinin oxunuşunu öyrətmişdir.
   Sonra Bakıdan gəlmiş qonaqlar incəsənət məktəbinin rəsm qalereyasında istedadlı şagirdlərin əl işlərinə baxdılar, yazıçılar və bəstəkarların heykəllərindən ibarət “Şəxsiyyətlər muzeyi”ni seyr etdilər.. Ulu öndər Heydər Əliyevin adını daşıyan parkda Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoydular.
   
   Leyla
   VAQİFQIZI