“Eurovision” mahnı müsabiqəsində Azərbaycan təmsilçisinin və onun ifa edəcəyi mahnının seçimi martın 1-dək yekunlaşacaq. Müsabiqə üzrə Azərbaycan nümayəndə heyətinin rəhbəri Adil Kərimli bildirib ki, mahnı yazılması üçün artıq yerli və xarici bəstəkarlara müraciət olunub və qəbul fevralın 20-dək davam edəcəkdir. Təmsilçimizin ifa edəcəyi mahnının seçilməsi zamanı münsiflərin rəyi nəzərə alınacaq. Əvvəlki illərdən fərqli olaraq bu il seçiləcək mahnı finala keçən üç namizədin ifasında hazırlanaraq qərar üçün münsiflərin ixtiyarına veriləcək.
   A.Kərimli əlavə edib ki, “Eurovision-2010”da oxunacaq mahnı yazmaq üçün artıq 10-a yaxın bəstəkar müraciət edib və onların hamısı əcnəbilərdir. Ancaq onların sırasında Araş yoxdur.
   Nümayəndə heyətinin rəhbəri “Eurovision-2010” müsabiqəsində Azərbaycanı məhz Safurə Əlizadənin təmsil edəcəyi barədə xəbərləri də təkzib edib: «Əgər bizim əvvəlcədən kimisə göndərmək məqsədimiz olsaydı, o zaman heç milli seçim keçirməzdik və öz təmsilçimizin adını açıqlayardıq. Milli Yayım Şurası olaraq bizim öz təmsilçimizi seçib göndərmək hüququmuz var. Necə ki, TRT milli seçim keçirmədən “ManGa” qrupunun təmsilçiliyini irəli sürmüşdür».