Elman Bədəlov uşaqlıq çağlarımın sənətkarıdı. Onun haqqında yazmağa başlayanda ilk ağlıma gələn cümlə bu oldu.
   O, yaddaşımda ilişib qalan sənətkarlarla bağlı xatirələrin ilk ünvanlarından biridi. Məktəbə təzə-təzə getdiyim, əlim qələm tutan vaxtlarda hafizəmə yazılmış görüntülü xatirələrin içərisində Xan əmi, Rəşid Behbudov, Şövkət Ələkbərova, Əbülfət Əliyev, Hacı Məmmədov, Bəhram Mansurov, Sərvər İbrahimov, Hafiz Mirzəliyev, Tələt Bakıxanov və başqa klassik biçimli xanəndə, tarzən və kamançaçıların arasında yer tutanların biri idi Elman Bədəlov. O günlərdən otuz ildən artıq keçib.
   Mən o vədə bu gözəl kaman ifaçısını elə hey televizorda çalan görürdüm. Şəxsiyyətindən, yüksək insani keyfiyyətlərindənsə xəbərim yoxuydu. Bunları çox sonralar bildim. Sənətə məhəbbətimin təsirilə teatra, yazı-pozuya üz tutanda. Amma görünür bu da bir qismətdi ki, müəyyən tədbirlərdə atüstü gördüyüm sənətkarla qabaq-qənşər oturub yerli-yataqlı söhbət eləməyə macal tapmadım. Üzüm-gözüm mətbuata yenicə öyrəşmişdi ki, qəfil acı xəbər çatdı qulağıma: Elman müəllim həyatla vidalaşdı. İndiki kimi yadımdadı, 1991-ci ilin iyun ayıydı. Altmış iki il əvvəl iyunun isti günlərinin birində dünyaya gələn Elman Bədəlov köç etdi. Orası da yadımdadı ki, bu itki ilə bağlı ilk yazını mərhum şairimiz Şahmar Əkbərzadənin imzasıyla "Mədəniyyət"də oxudum.
   İndi aradan illər keçəndən sonra Elman müəllimin şəxsində necə sənətkarı və insanı itirdiyimizi əməllicə kəsdirirəm. Görünür, onun əsl dəyərini başa düşmək üçün yaşa dolub, sənət aləmində baş verən keyfiyyət və kəmiyyət dəyişikliyini tamam-kamal təhlil edə bilmək lazımmış. Və indi mən yaxşı başa düşürəm ki, Şahmar Əkbərzadənin için-için göynərtisinin səbəbi nəymiş. Əvvəla, o, mənim indiki yaşımdan xeyli böyük idi, həyatın eniş-yoxuşundan keçmişdi, saf-çürük eləməyə qabiliyyəti çatırdı. İkincisi, Elman Bədəlov Şahmar müəllimə dərs demiş, qəlbində sevimli müəllimlərindən biri kimi yuva salmışdı.
   Bəli, Elman bəyin olduqca savadlı riyaziyyat müəllimi olmasını desək, yəqin bilməyənlərə təəccüblü görünər. Ancaq həqiqətdi.
   Böyük Vətən müharibəsindən sonrakı illərdə o zaman fəaliyyət göstərib, sonra bir müddət işinə fasilə vermiş Ağdam Dövlət Dram Teatrında musiqiçi kimi çalışması, Ağdam Musiqi Məktəbində dərs deməsi də olub Elman müəllimin. Ta 1957-ci ilədək. Bu, o zamanıydı ki, Elman Bədəlov çıxışıyla fərqləndiyi respublika müsabiqəsində böyük sənətkarların diqqətini cəlb etmişdi. Məhz bunun nəticəsi olaraq doğulub boya-başa çatdığı Ağdamla sağollaşıb Bakıya gəlmişdi. Elə o gələn olmuş, taleyini birdəfəlik Bakıya bağlamışdı. Bakıda keçən otuz dörd illik müddətdə onun dəyişməz iş yeri sayılan Azərbaycan Televiziyasının Xalq çalğı alətləri orkestrində bir-birindən gözəl ifalar etmişdi. Həmin illərin xeyli hissəsi milli teleradionun qızıl fondundadı. Hərdən efirdə o günlərə şahidlik edən lentlər göstərilir, səsləndirilir.
   Elman Bədəlov Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülmüşdü. Əlli üç yaşında - dahi Üzeyir bəyin yaratdığı, ölməz Səid Rüstəmovun uzun illər rəhbərlik edib formalaşdırdığı xalq çalğı alətləri orkestrində iyirmi beş il sərasər çalışandan, uşaq musiqi məktəbində yoruldum demədən dərs deyəndən sonra... Sonrakı illərdəsə fəxri ad dəyişikliyi baş tutmamışdı, heyif ki. Onun qapıları döyməmək xasiyyəti, hamıynan münasibətdə pərdə saxlaması, görünür bu kişinin halal haqqını almasına kömək əvəzinə, mane olub. Bəli, başqa cür düşünə bilmirsən. Elə indinin özündə də Elman bəyə münasibət ciddi dəyişməyib. Nədən ki, ailəsinin mövqeyi də rəhmətliyin xasiyyətinə uyğundu. Səbirlə, mədəniyyətlə oturub onun layiqincə qiymətləndiriləcəyinə, yada salınacağına inanır bu sadə insanlar. Ömür-gün yoldaşı Elmira xanımdan tutmuş qızlarına, nəvələrinəcən - hamı insaf-mürvətlə haqqın yetişəcəyinə gümanlıdı. Ona görə də Elman Bədəlovun adını dilinə gətirən istənilən şəxs bu ailəyə sayğı və ehtiramla yanaşır. Açığı mən bu diqqətlə rastlaşanda sevinməklə yanaşı, mütəəssir də oldum. Düşündüm ki, görəsən, hər kəsi özünə layiq qiymətlə, lap elə yoxluğunda iki-üç kəlmə xoş sözlə xatırlamaq niyə belə çətindi?..
   Ancaq sağ olsunlar - xalq artistləri Canəli Əkbərov və Ramiz Quliyev. Onu xüsusi hörmətlə yada saldılar. Birgə çıxışlarından ürək dolusu danışdılar. Yetirməsi, günümüzün tanınmış kamança ustası Ağacəbrayıl Abbasəliyev də ustadını andığıma görə minnətdarlığını xüsusi bildirdi. Və Elman Bədəlovun ifaçılıqla yanaşı, pedaqoq kimi məharətini yüksək qiymətləndirərək, onun əlindən su içənlər arasında gözəl ifaçı, rəhmətlik Ədalət Vəzirov, özü və digər tanınmış kamançaçıların olduğunu qeyd etdi. Həqiqətən, düz sözə nə deyəsən. İfaçılıq və pedaqoqluğu eyni dərəcədə yüksək səviyyədə qovuşdurmağı bacarmış Elman bəy, hələ sağlığında bütün mükafatlara, qiymətlərə layiq idi. Bizsə nəinki o vaxt, hətta bu gün də xəsislik edirik. Elman Bədəlov kimi sənətkarların haqqında vaxtaşırı nəsə yazmağa, lent yazılarını vaxtaşırı efirə verməyə qıymırıq. Yenə Allah Mustafa Çəmənli və Çingiz Abbasov kimi sənət cəfakeşlərindən razı olsun, əllərindən gələni əsirgəməyiblər.
   İllər gəlib keçir, təqvim dəyişir, arzular təzələnir, planlara, nailiyyətlərə yenə rəng qatılır. Dəyişməyənsə, yaddaşımızda qalan xatirələrdi. Elman Bədəlov kimi sənətkarı dipdiri saxlayan xatirələr. Elman Bədəlovla indiki gənc oxucunun, gələcəyin təmsilçilərinin görüşünə körpü salan xatirələr...
   
   Seymur ELSEVER
   
seymur_elsever@yahoo.ru