«Sona bülbüllər» oxuyur...
   Bu sözlərdən sonra qeyri-adi oxucu o saat fikirləşəcək ki, aparıcı Qədir Rüstəmovun adını çəkəcək. Aparıcı isə Firudin Ağayevin adını çəkir. Və ətrafa eyni ilə Qədir Rüstəmovun səsi kimi bir səs yayılır. Bir azdan alqış səsləri ətrafı bürüyür.
   Sumqayıtda ona Lerikin Qədir Rüstəmovu deyirlər.
   Firudin Ağayevin dedikləri:
   - Bir dəfə xalq şairi Bəxtiyar Vahabzadə Lerikə gəlmişdi. Mədəniyyət evində konsert zamanı məni ürəkdən dinləyən xalq şairi birdən ətrafdakılara dedi:
   - «Lerikin də Qədir Rüstəmovu varmış». 1962-ci ildə Lerik rayonunun Sors kəndində anadan olub. Hələ uşaqlıqdan onun səsi, musiqiyə böyük həvəsi böyük qardaşı Əhmədağa müəllimin diqqətindən yayınmamışdır.
    Firudin Ağayev yeniyetmə vaxtlarında rayonda bədii özfəaliyyət kollektivində çalışmış, el şənliklərində çıxış etmişdir.
   1990-cı ildə Firudin Ağayev qardaşı Əhmədağa müəllimlə Bakıya gəlir.
   Firudin Bakıya gəldiyi ilk günləri belə xatırlayır:
   - Biz məşhur tarzən, respublikanın xalq artisti Bəhram Mansurovla görüşdük. O, bizi evinə dəvət etdi. Bir neçə muğama qulaq asandan sonra dedi:
   - «Onu ora aparın - Asəf Zeynallı adına Musiqi Məktəbinə. Bu oğlanın çox məlahətli səsi var.
   Bu qayğı, bu tərif onu bir az da ruhlandırır. Sonradan Firudin Ağayev taleyini Sumqayıtla bağlayır. Əvvəlcə 4 saylı şəhər klubunda dərnək rəhbəri işləyir. 1991-ci ildə «Ruh səndə, güc səndə, inam səndədir» adlı müsabiqədə birinci yeri tutur.
   1992-ci ildə Bakıda Cabbar Qaryağdıoğluna həsr edilmiş muğam müsabiqəsi keçirilir. Həmin müsabiqədə Arif Babayev, Ağaxan Abdullayev, Həkim Qəni, Nəriman Əliyev kimi tanınmış muğam biliciləri münsiflər heyətinin üzvləri idilər. Müsabiqədə Aygün Bayramova, Qəzənfər Əliyev və başqaları da iştirak edirdilər. Burada o üçüncü yeri, sonra zona müsabiqəsində birinci yeri tutur.
   Müğənni Firudin Ağayev Sumqayıtda keçirilən bütün tədbirlərdə iştirak edir.
   Onun repertuarı muğam və xalq mahnıları ilə zəngindir.
   «Çahargah», «Rast», «Bayatı-Şiraz», «Şur», «Mirzə Hüseyn», «Sona bülbüllər», «İrəvanda xal qalmadı», «Şuşanın dağları», «Apardı sellər Saranı», «Olmaz-olmaz», «Deyin, hardadır?» və sair muğam və mahnıları onu dinləyicilərin sevimlisinə çevirmişdi. 1983-1984-cü illərdə onun ifasında «Sarı bülbül», «Çahargah» təsnifi respublika radiosunun Qızıl fonduna daxil olaraq indiyədək səslənməkdədir.
   Müğənni Firudin Ağayev yaradıcılığının ən məhsuldar dövrünü yaşayır. Hazırda o, H.Z.Tağıyev qəsəbəsindəki Ə.Bakıxanov adına Uşaq Musiqi Məktəbində və «Dostluq» mədəniyyət evində uşaqlara muğamın sirlərini öyrədir.
   
   İbrahim Abdullayev