Fevralın 19-dan martın 2-dək xalq artisti, professor Ramiz Quliyev Ankara Dövlət Türk Milli Orkestrinin dəvəti ilə Turkiyənin Ankara, İstanbul, İzmir və Şanlı Urfa şəhərlərində solo konsertlərlə çıxış edəcək. İlk dəfə olaraq həmin orkestrin müşayiətilə Ramiz Quliyevin ifasında Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri, həmçinin, klassik Azərbaycan muğamları da səslənəcək.
   Sənətkarın oğlu Eyyub Quliyevin qəzetimizə verdiyi məlumata görə, konsertlərdə orkestrə Turkiyədə yaşayan həmyerlimiz, istedadlı musiqiçi Abdulla Qurbani dirijorluq edəcək. Eyni zamanda Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dərs vəsaiti kimi nəşr etdirdiyi Ramiz Quliyevin “Azərbaycan bəstəkarlarının əsərləri” məcmuəsinin Turkiyədə təqdimat mərasiminin keçirilməsi də nəzərdə tutulur.
   Bundan əlavə, Ramiz Quliyev Türkiyə ali musiqi təhsil ocaqlarında ustad-dərsləri də keçəcək. Turkiyə səfərindən dərhal sonra tarzənin İran İslam Respublikasının paytaxtı Tehran və Şiraz şəhərlərində baş tutacaq 25-ci Beynəlxalq Musiqi Festivalında iştirakı da nəzərdə tutulur.