Söhbət insanın hisslərini titrədən musiqidən gedir
   
   Bəli, Rizvan Sədirxanovun yaşam qaynağı, havası, suyu, lap elə ürək döyüntüsü də musiqiylədir. Kimisinə hobbi, kimisinə şöhrət, kimisinə pul-para, al-əlvan həyat, güllü-gülüstanlı təltiflər, mərtəbəli adlar mənbəyi kimi görünən musiqi sahəsi onunçün tam ali bir mərtəbə - Tanrıyla ünsiyyət məqamıdır.
   
   Televiziya ekranlarından, mətbuat səhifələrindən gahda-güzarda rast gəldiyimiz Rizvan Sədirxanov imzası illərdi sənət beşiyi olan məmləkətimizi, «yurdum-yuvam» dediyimiz Azərbaycanı dünyanın sənət beşiyi sayılan ölkələrin mötəbər konsert salonlarına aparır. Gözəl vətənimizin nisgilli məbədi - musiqi beşiyi Şuşada dünyaya göz açan sənətkarın sorağı dünya klassik musiqi və opera sənətinin beşiyi sayılan İtaliyanın ali musiqi ocaqlarından, dünyanın musiqi nəbzi olan festival və yarışmalarından gəlir. Özü də nə az, nə çox - 39 yaşından sonra. Əslində o, bu yaşa qədər neft sahəsində bir sıra elmi irəliləyişlərə imza atıb. Amma nə istehsal prosesinə sərf olunan illər, nə əsrarəngiz Xəzərdəki neft axtarışları, nə bu sahədə vəd olunan perspektiv onu cəlb etmir. Beləcə, ruhunu bağışladığı musiqiylə əbədi ünsiyyətini möhkəmləndirmək üçün 39 yaşında İtaliyada musiqi təhsili almaq iddiasına, özünün dediyi kimi, fantastik arzuya düşür və “istəmək nail olmağın yarısıdır” prinsipi öz bəhrəsini verir.
   
   Neftçi, müğənni?
   
   ...Orta məktəbi qurtardıqdan sonra o vaxtlar camaat arasında «AZİ» adı ilə məşhur olan Neft-Kimya İnstitutuna (indiki Neft Akademiyasına) daxil olur. Tələbə həyatını məhsuldar yaşayır, dağ mühəndisi ixtisası üzrə ali məktəbdən məzun olur.
   Amma musiqi sevdası onu heç cür rahat buraxmır və elə institut illərində indiki Asəf Zeynallı adına Musiqi Kollecinə daxil olmaq sevdasına düşür.
   Beləcə, AZİ-ni fərqlənmə diplomu ilə bitirib dağ mühəndisi ixtisası alanda Musiqi Kollecinin də diplomu cibində idi.
   Qatlayıb saxladığı musiqi məktəbi diplomunu, könülsüz də olsa, bir kənara qoyub neft mədənlərində işləməyə başlayır. «Bahar» dəniz neft yatağına üzən qazma qurğusunun rəisi olur. Daha sonra boruların istismarı üzrə Elmi Tədqiqat İnstitutunda çalışır. Sənətdən, musiqidən uzaq yerlərdə işləyə-işləyə ruhunun həmdəmi musiqidən də qopa bilmir. Sənətkar o günləri belə xatırlayır
   «18 il neft sahəsində çalışdıqdan sonra, nəhayət ki, ürəyimin səsinə səs verib, o sənəti atdım. İncə sənət neftçi sənətinə qalib gəldi. Bir az da ona görə ki, neft də nə vaxtsa bitir, amma incəsənət, musiqi əbədiyaşarlıq mərtəbəsindən heç zaman enməyəcək.
   Yaradanın məni nə üçün yaratdığı haqda fikirləşəndə birmənalı olaraq musiqi, musiqi, musiqi deyirəm. Beləcə tale elə gətirdi ki, mən əbədi və əzəli sevgim olan musiqi ilə tam məşğul olmağa başladım. Bu, belə də olmalı idi. Çünki mən ta uşaqlıqdan mahnı bəstələyirəm. Musiqi bəstələmək mənim üçün nəfəs almaq kimi bir şeydir. Yazmadığım zaman, deməli, yaşamıram.
   Sonra dostlarımla birgə qərara gəldik ki, musiqi sahəsində fəaliyyətimi daha da genişləndirim. Bu işdə mənə dəstək olan dostlarımı da daim yada salıram. Xoşbəxtəm ki, əhatəmdə mənə, sənətimə qiymət verən, məni stimullaşdıran belə gözəl insanlar var».
   
   Məktub yetişdi...
   
   Musiqiçinin taleyi, bir növ, Rəşid Behbudovun - onun “Bəxtiyar” filmindəki qəhrəmanı neftçi Bəxtiyar Muradovun taleyinə bənzəyir. Və əslində onun sənət aləmi ilə sonrakı daha sıx ünsiyyətinin yaranmasının əsas baiskarından biri elə o film olub.
   Neftçiliyini edə-edə 1982-ci ildə konservatoriyanın axşam bölməsinə daxil olur. Buranı da yaxşılardan biri kimi bitirir.
   O, peşəsini mükəmməl bilən bir neftçi olub. O vaxt dəniz neftçilərinin maaşları da yüksək idi - dolanışığı pis deyildi. Amma gedib İtaliyada təhsilini davam etdirmək arzusu ona dinclik vermirdi.
   O, İtaliya prezidentinə ifaları yazılmış kasetlə birgə - öz təbirincə desək, fantastik bir məktub yazır. «1990-cı ilin yayı idi. Düz 2 ay İtaliya prezidentinə yazdığım arzu dolu məktubumun cavabını gözlədim. Bəzən ümidli, bəzən ümidsiz... Necə hiss etmişdimsə, elə də etiraflarım sözə çevrilib düzülmüşdü misralara: «Baxmayaraq ki, mənim 39 yaşım var, daha vaxtdan da keçib. Amma mən əbədi musiqi sevdamı yaşamaq və İtaliyada, opera musiqisinin vətənində təhsil almaq istəyirəm. İnanıram ki, arzumun reallaşmasına şərait yaradacaqsınız...»
   Məktubuma cavab almaq ümidi ilə bağdakı istirahətimi tez-tez yarımçıq qoyub şəhərdəki mənzilimə qayıdır, poçt qutumu yoxlayırdım. Nəhayət, bir gün istəyim reallaşdı. Qutuda gözümə ağ, parlaq, yəni o vaxt bizimkilərdən fərqli bir konvert sataşdı. Məktubu əlimə alanda keçirdiyim hisslər indi də şimşək kimi çaxır beynimdə. Mənim gözlədiyim cavab idi: «Prezident sizin təhsil haqqınızın dövlət hesabına ödənməsinə göstəriş verib. Yeni dərs ilindən Ozimo şəhərindəki Musiqi Akademiyasına dərs almağa dəvət edilirsiniz».
   Biletimi aldım və Moskvadakı İtaliya səfirliyinə yollandım. Orada 5 mahnı oxudum. Səfirlik və konsulluğun bəlkə bir 60 nəfərlik nümayəndəsi məni dinləməyə toplaşmışdı. Məşqsiz - filansız oxudum və bəyənildim. Sonra Bakıya qayıdıb cavab gözlədim və xoş xəbəri aldım. Beləcə, arzularımın və sənətimin İlaliya dövrü başladı...»
   
   Səhnədən səhnəyə
   
   Ozimo Akademiyasında dünyanın müxtəlif ölkələrindən olan 38 tələbədən yalnız birinin Reganati şəhərində keçirilən Benyamino Cili adına müsabiqəyə göndərilməsi məsələsi müzakirə ediləndə Rizvan Sədirxanovun seçilməsi təsadüf deyildi. Çünki İtaliya kimi ölkədə sənət və sənətə münasibət tam fərqlidir.
   1992-ci il noyabrın 3-6-da böyük Cilinin doğma şəhərində keçirilən beynəlxalq tenorlar müsabiqəsində həmvətənlimiz İtaliya, İspaniya, İngiltərə, Fransa, ABŞ, Cənubi Amerikadan... olan 26 ifaçı arasında üstünlük qazandı.
   Tanrı ona iki istedadı qoşa verib: səs və bəstə. O, gözəl, dramatik tenordur. Bəstəkarlığı orjinaldır. Başqa janrlardakı işlərini bir kənara qoyaraq, yalnız mahnı və romanslarını göz önünə gətirsək, bu gün onun Azərbaycan, Şərq, rus və dünya şairlərinin sözlərinə yazdığı yüzlərlə melodiyanı görərik.  

   Yaşamdan nota köçənlər
  
 
   Klassikanın ona yaşam sevinci bəxş etdiyini deyir Rizvan müəllim: «Klassika mənə bütün dünyanı verdi. Musiqinin, sənətin əbədi -əzəli nöqtəsi məncə klassikadı.” Dünyanın ən tələbkar tamaşaçılarının - zövqlü fransızların, tələbkar italyanların, ümumilikdə bilgili dinləyicilərin qarşısında çıxışlar edən ifaçıdan səhnəyə çıxışda nə vaxtsa həyəcan, qəbul olunmama qorxusu yaşayıb-yaşamadığını soruşduqda qorxu yox daim məsuliyyət yaşadığını və ümumilikdə səhnəyə hər çıxışında bütünlükdə tamaşaçını unudaraq musiqi ilə baş-başa qaldığını deyir: «Bu həyəcan əsasən məsuliyyətdən əmələ gəlir və ifaçıya əslində kömək edir. İstənilən halda və istənilən auditoriya qarşısında çıxış edən ifaçı özünə, sənətinə və sənətini təqdim etdiyi tamaşaçıya rəğbətdə olmalıdır. Sənətkar ki səhnənin parıltısında özünü itirdi, deməli, onda heç vaxt heç nə alınmayacaq».
   Rizvan müəllimdən, son zamanlar formalaşmiş klassik musiqinin öz auditoriyası, öz elita ünvanı var kimi fikrə münasibətini də öyrəndik. Cavab birmənalı oldu: «Yox, bu, qətiyyən belə deyil. Çünki elə klassik əsərlər var ki, o lap, belə demək mümkünsə, yoldankeçənə də ləzzət edər. Janrından asılı olmayaraq qulağa yatan, ürəyə yaxın olan hər bir musiqi hər kəs üçündür. Onu qütbləşdirmək, kimlərəsə aid etmək, sənəti cılızlaşdırar, incəsənətin bəşəriyyətə xidmət etdiyi fikrini öləzidər.
   Yaxşı musiqinin qarşısında heç nə dayana bilməz. Ürəkdən gəlmyən, insanın mənəvi dünyasını titrədən musiqi əbədi olmur. Mən daim bu fikrə inanıram. Yoxsa “sən klassik musiqiyə”, “sən muğama”, “sən caza”, “sən də estradaya aid dinləyicisən” demək və onu uzaqlaşdırmaq qəribə, bir az da eybəcər səslənir.
   Məni bu kontekstdə başqa məsələ narahat edir. Bu gün klassik musiqiyə maraq azalıb. Necə deyərlər, az tarladan az məhsul çıxır. Klassik musiqinin auditoriyası məni qane etmir».
   Sonda ondan televiziya kanallarında, mətbuat səhifələrində niyə az-az görünməsinin səbəbini də soruşduq. Maraqlıdır ki, sənətkar burada da auditoriyanı və dinləyici zövqünü əsas gətirsə də, proqramlara çıxışda daim seçim etdiyini bildirdi. Bu, onun özünə və sənətinə verdiyi dəyərdir.
    Düşünürəm ki, dinləyici olaraq bizim ona verdiyimiz dəyər Rizvan Sədirxanov adını televiziya ekranlarından görmə istəyi, səsini tez-tez konsert salonlarından eşitmə arzusudur.
   İnşallah, hər şeyin fərqinə varan Rizvan müəllim bu tamaşaçı gileyini də nəzərə alacaq.
   
   Həmidə Nizamiqızı