Gənc xanəndələr üçün nəzərdə tutulmuş eyniadlı layihə reallaşdı
   
   İfa olunduğu dəmlərdə «yüngül ayaqları» yox, ağır başları dəbərdər muğamlar. «Segah»ında bəmə saldığı ruhumuzu «Heyratı»sıyla zilə çəkib şahə qaldırar. «Qatar»ıyla könülləri qatar-qatar pərvazlandırar. Bəxtiyar Vahabzadə demiş, bəlkə bir gün bütün keçənləri oyandırar...
   
   24 fevral. “Şirvanşahlar Saray Kompleksi” - Dövlət Tarix-Memarlıq Qoruq-Muzeyi. «İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilati və informasiya dəstəyi ilə “Muğam axşamları” adlı yeni layihənin startı həmin gün saat 17.00-da verildi. İyirmi həftə ardıcıl təşkil olunacaq “Muğam axşamları”ndan ibarət silsilədə gənc xanəndələr bir-birindən maraqlı konsert proqramları ilə çıxış edəcəklər.
   “Muğam axşamları”nın başlanış mərasimində çıxış edən mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi rəisinin müavini Samir Nuriyev və Açıq Cəmiyyət İnstitutu-Yardım Fondunun incəsənət və mədəniyyət proqramlarının əlaqələndiricisi Cahangir Səlimxanov son illər Azərbaycanda muğam sənətinin inkişafı və təbliği ilə bağlı görülmüş işlərdən, həyata keçirilən mühüm layihələrdən danışdılar.
   Bildirildi ki, bu layihə 2007-2008-ci illərdə YUNESKO-nun, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin, Yaponiya hökumətinin dəstəyi ilə Beynəlxalq Musiqi Şurasının Azərbaycan Milli Komitəsi tərəfindən icra olunan “Əbədi muğam“ layihəsi çərçivəsində Şirvanşahlar Saray-Kompleksində keçirilən həftəlik muğam konsertləri silsiləsinin davamıdır.
   Açılış mərasimində muğam axşamlarının yüksək səviyyədə keçəcəyindən əminliyini bildirən mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva fikrini belə tamamladı: “Tarixi və mədəni dəyərlərimizi qorumaq, onları yaşadaraq gələcək nəsillərə çatdırmaq hər birimizin məsuliyyətidir. Bu mənada Şirvanşahlar Sarayında bu gün açılışını etdiyimiz «Muğam axşamları»nın həm musiqisevər, həm də tariximizlə maraqlananlar üçün dəyərli bir tədbir olacağına inanıram”.
   Natiqlər Azərbaycan musiqisinin, eləcə də muğamlarımızın dünyada tanıdılması, tədqiqi və təbliği istiqamətində Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın gördüyü məqsədyönlü işləri xüsusi vurğuladılar. Diqqətə çatdırıldı ki, İçərişəhər və muğam YUNESKO-nun Dünya Mədəni İrs siyahısına daxil edilmiş dəyərlərdəndir. Bu mənada keçirilən bu tədbir bütövlükdə Azərbaycan, həm də dünya musiqisevərləri üçün dəyərli töhfədir.
   Açıq Cəmiyyət İnstitutu-Yardım Fondu və “Mugamradio” internet radiokanalının təşkilati dəstək verdikləri konsert silsiləsi xanəndə Ehtiram Hüseynovun ifasında “Rast” muğamı ilə başladı. Onu əməkdar artistlər Elşən (tar) və Malik (kamança) Mansurov qardaşları müşayiət etdilər. Hər əsrdən, qərinələrdən bir naxış götürə-götürə günümüzə fundamental bir sənət çələngi kimi gəlib çatan möhtəşəm «Rast»ın sədaları salonu qocaman Şərq xəyalatına qərq etmişdi.
   Qeyd edək ki, Şirvanşahlar Saray-Kompleksində hər çərşənbə günü keçiriləcək konsertlərdə son illər keçirilən muğam müsabiqələrinin qalibləri və iştirakçılarından İlkin Əhmədov, Abgül Mirzəliyev, Aytən Məhərrəmova, Oksana Aslanova, Nişanə Baxışova, Nəzər Bəylərov, Arzu Əliyeva, Rəvanə Ərəbova, Qoçaq Əsgərov, Nasir Ətapur, Şəmsəddin İbrahimov, Gülnar İsayeva, Zülfiyyə Məmmədova, Vüqar Musayev, Vüsalə Musayeva, Babək Niftəliyev, Könül Tağıyeva, Vüsal Zamanov və Elnur Zeynalov çıxış edəcəklər.
   Həmidə