Azərbaycanlı gənc dirijor, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyevin dünyanın ən nüfuzlu konsert salonlarından olan Nyu-Yorkun “Karnegi holl” zalında konserti olub. Həmin gecə Əyyub Quliyev Nyu-Yorkun “Olimpiya“ simfonik orkestrinə dirijorluq edib. Konsert dünyaşöhrətli “Kolumbiya” konsert agentliyi və Sankt-Peterburqun “Musiqi Olimpi” Fondu tərəfindən təşkil olunub.
   “6 parlayan ulduz” adlanan qala-konsertdə Əyyub Quliyevlə bərabər beynəlxalq müsabiqələr qalibləri - İştvan Varday (violonçel - Macarıstan), Jesiq Li (tenor - Koreya Respublikası), Fenq Ninq (skripka - Çin), Yuliya Novikova (soprano - Rusiya) və Yohannes Fişer (zərb alətləri - Almaniya) iştirak ediblər.
   Konsertin proqramında - Motsart, Verdi, Puççini, Maskanyi, Delib və Rimski-Korsakovun operalarından ariyalar və parçalar, həmçinin, Ştraus, Ravel, Çaykovski və Massnenin simfonik və instrumental əsərləri yer alıb.
   Qeyd edək ki, Əyyub Quliyev “Karnegi holl” zalında çıxış edən ilk azərbaycanlı dirijordur.