AĞASƏLİM ABDULLAYEV - 60 
   
      Azərbaycanın musiqi aləmində xanəndə və tarzən tərəfdaşlığı əksər hallarda dostluğa qədər yol getmişdir.Yazılı tarixdə, yaddaşlarda neçə-neçə bu cür ad qoşalığı var: Mirzəağa Hacı Ağabalaoğlu - Mirzə Mansur, Cabbar Qaryağdıoğlu - Qurban Pirimov, Mirzəməhəmmədhəsən - Səlim, Mirzəhüseyn - Mirzə Ələsgər, Seyid Şuşinski - Bəhram Mansurov, Mirtağı Mirbabayev - Mirzə Fərəc Rzayev...Ustad tarzənlərin adları elə tək çəkiləndə də əzəmətli görünür: Sadıq Əsəd, Bəylər, Əli Şirazi, Sadıqcan, Əhməd Bakıxanov, Baba Salahov, Hacı Məmmədov, Həbib Bayramov...Bu fədakar sənət adamları musiqimizin əbədiyaşarlığını təmin edən, yeni nəsillərin meydana çıxmasına təkan verən böyük bir məktəb yaradıblar. Gələcəkdə adlarını qismən sadaladığımız korifeylər kimi klassikləşəcək neçə-neçə sənətçimiz musiqimizin inkişafında, təbliğində öz sözünü deyir.
   
   Belə tarzənlərdən biri də Azərbaycan Televiziya və Radiosunun Baba Salahov adına “Araz” xalq çalğı alətləri ansamblının bədii rəhbəri, respublikanın xalq artisti Ağasəlim Abdullayevdir. Musiqi mədəniyyətimizi istər vətənimizdə, istərsə ölkəmizdən uzaqlarda təmsil edən, sevdirən sənətkarlar cərgəsində onun özünəməxsus yeri var.
   Rəhbərlik etdiyi ansambl həmişə fəallığı ilə seçilib.Dövlət tədbirlərindən başlamış, ən ucqar kəndlərimizdə qurulan məclislərə qədər, respublikamızı səhnə-səhnə gəzib dolaşıb.Ardıcıl olaraq hərbi hissələrə baş çəkir, əsgərlər qarşısında konsertlər verir.Moskva, Sankt-Peterburq, Kiyev, Minsk və Tallin şəhərlərində keçirilmiş musiqi festivallarında, YUNESKO-nun təşəbbüsü ilə 1987-ci ildə Səmərqənddə təşkil edilmiş Ümumdünya muğam simpoziumunda “Araz” xalq çalğı alətləri ansamblı Azərbaycan musiqisinin ən sürəkli alqışlara layiq olduğunu sübuta yetirmişdir.1982-ci ildən Ağasəlim Abdullayevin rəhbərliyi altında fəaliyyət göstərən ansambl yaxın dövrün möhtəşəm səs sahiblərindən kimləri müşayiət etməyib ki! Şövkət Ələkbərova, Sara Qədimova, Rübabə Muradova, Əbülfət Əliyev, Yaqub Məmmədov, Hacıbaba Hüseynov, Zeynəb Xanlarova, Səxavət Məmmədov, Arif Babayev, Alim Qasımov, Qəndab Quliyeva, Səkinə İsmayılova, Ruzə İbişova... Kollektiv dalğa-dalğa nəsil dəyişkənliyinə uğrasa da, həmişə Baba Salahov ənənələrinə sadiq qalır, günü-gündən repertuarını zənginləşdirir, püxtələşir və bunun sayəsində dinləyici auditoriyasını tədricən genişləndirir.Hazırda onun qastrol səfərlərinin dairəsi təkcə ölkələrin sərhədlərini aşmır, neçə-neçə qitəni əhatəsinə alır: Türkiyə, İsveç, Hollandiya, Danimarka, Belçika, İslandiya, Almaniya, İspaniya, İngiltərə, Fransa, İran, İraq, Yaponiya, ABŞ, Kanada...Təranələrindən yaraqlanaraq sivil fatehlik çağlarını yaşayır ”Araz”...
   Ağasəlim Abdullayevin solo çıxışları da dinləyicilər tərəfindən “həmişə hərarətlə qarşılanır. Çünki ifa zamanı hissin-düşüncənin təsvirinə və dərkinə çalışır, axıra qədər yumşaq tempdən kənara çıxmır.
   Amma simləri öz dəst-xəttinə tabe etdirməklə bərabər, incə çalğı texnikası hesabına həm də tar ifaçılığının qədim-qayım ənənələrini qoruyub saxlaya bilir.
   Altmışıncı ilinə qədəm qoyduğu ömrünün üçdə iki hissəsini sevimli alətini sinəsindən, mizrabı əlindən üzdürməyən bu görkəmli tarzən daim yüksəlişdə olan dolğun sənət yolu keçmişdir. Qırx ildir ki, fasiləsiz olaraq pedaqoji iş aparır, gənclərə musiqinin, tar ifaçılığının sirlərini öyrədir. Bir şəxsiyyət kimi, bu və digər sahələrdə uğurlarının niyəsi isə ondadır ki, fəaliyyətinin bünövrəsində fitri istedadla yanaşı, professional dönəmlərdən keçmiş mükəmməl təhsil dayanıb. 5 saylı Musiqi Məktəbi, Asəf Zeynallı adına Orta İxtisas Musiqi Texnikumunun tar sinfi, Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyası... Birini qurtaran kimi digərinə daxil olub, onu bitirən kimi üçüncüsünə. Texnikumun axırıncı kursunda oxuya-oxuya Azərbaycan Televiziya və Radiosunun Səid Rüstəmov adına xalq çalğı alətləri orkestrinin solisti, az sonra hazırda rəhbərlik etdiyi ansamblın konsertmeysteri olub.
   Xanəndə, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin muğam sənəti kafedrasının müəllimi Ruzə İbişova: - İstər muğam dəstgahlarının lentə yazılması olsun, istərsə də hər hansı canlı ifa, Ağasəlim müəllim səhnədə elə, rahat mühit yaradır ki, oxumağa həvəsin ikiqat artır. Ağasəlim Abdullayev sözün həqiqi mənasında sənətkardır. Onu yubileyi münasibətilə təbrik edir, sənət fəaliyyətində uğurlar arzulayıram.
   Azərbaycan Dövlət Teleradio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin musiqi və əyləncəli proqramlar redaksiyasının böyük redaktoru Çingiz Abbasov: - Ağasəlim Abdullayevlə birgə işləmək çox xoşdur. Səmimiliyi, təmkini və ən başlıcası, sənətini dərindən bilməsi adama yorğunluğu unutdurur.
   Respublikanın xalq artisti, xanəndə Səkinə İsmayılova:-Ağasəlim Abdullayev təkcə tarzənlərin yox, həm də xanəndələrin dostudur...
   Respublikanın xalq artisti, kamançaçı Fəxrəddin Dadaşov: - Qayğıkeşliyi, diqqətcilliyi, mehribanlığı onun bir insan kimi hörmətini də sənətinin zirvəsinə qaldırmışdır. Tarın həzinliyi sinəsindən ürəyinə keçib elə bil...
   Ağasəlim Abdullayevin musiqi mədəniyyətimizin inkişafındakı xidmətləri dövlətimiz tərəfindən də yüksək qiymətləndirilmişdir. O, Prezident İlham Əliyev cənablarının 2005-ci il 16 sentyabr tarixli sərəncamı ilə “Əməkdar artist” və 2007-ci il 6 oktyabr tarixli Sərəncamı ilə “Xalq artisti” fəxri adlarına layiq görülmüşdür.
   Ağasəlim müəllimin rəsmi titullardan savayı, bir ali dərəcəsi də var: hacılıq.Onu əqidəsi, inamı, əməli-salehliyi aparıb çıxarıb müqəddəs dərgaha.Sənət yollarında çıraq yandırmış ustadlarını həmişə minnətdarlıqla xatırlayır.İlk dəfə ona mizrab tutmağı öyrətmiş yaxın qohumu həvəskar tarzən Cavadı, Hacı Məmmədovu, Baba Salahovu...Bir müəllim kimi, yetişdirdiyi tarzənlərin respublikanın müxtəlif musiqi ocaqlarında çalışmalarına, Azərbaycan mədəniyyətini irəli aparmalarına ürəkdolusu sevinir, onlarla fəxr edir.Ramiz Əzizov, Ümid İbrahimov, Elçin Haşımov, Sahib Paşazadə, Elçin Abbasov, Xalıq Dadaşov...İndi bu adların əvvəlində dövlət titulları olan da var.İndi bu adlar efirlərdən tez-tez səslənir... Xaliq Dadaşov ustadı ilə çiyin-çiyinə çalışır. Ağasəlim müəllimin rəhbərlik etdiyi “Araz” xalq çalğı alətləri ansamblının konsertmeysteridir.
   O, həm də gözəl ailə başçısıdır.Bir qızı, üç oğlu, üç nəvəsi var. Oğlu Vüqar tarzəndir, “Araz” xalq çalğı alətləri ansamblında çalışır.
   Ağasəlim Abdullayev çox təvazökar insandır. Yaş dönəmlərini qeyd edəndə də təmtəraqdan qaçır. Bu qədər işlər görə-görə “Mən nə etmişəm ki, geniş yubileyim keçirilsin”-deyir.
   Bəs bu dəfə? Qırx illik aramsız fəaliyyətdən sonra? Biz-onun sənətinin vurğunu olanlar Ağasəlim müəllimi 60 illik yubileyi münasibəti ilə təbrik edir, yeni-yeni sənət uğurları arzulayırıq.
   
   A.Səmədov