Bu ilin mayında keçiriləcək “Eurovision-2010” mahnı müsabiqəsində iştirak edəcək 39 ölkənin təmsilçisi və ifa olunacaq mahnının təsdiqlənməsi üçün 21 mart sonuncu gündür. “Eurovision” müsabiqəsi üzrə Azərbaycanın nümayəndə heyətinin rəhbəri Adil Kərimlinin dediyinə görə, martın 22-də 55-ci “Eurovision” müsabiqəsinin baş tutacağı Oslo şəhərində 39 ölkənin nümayəndələrinin iştirakı ilə iclas keçiriləcək. Təmsilçi ölkələrin nümayəndə heyətlərinin rəhbərlərinin iştirakı ilə reallaşdırılacaq iclasda bütün ölkələr öz təmsilçisini və mahnısını rəsmi olaraq Avropa Yayım Birliyinə (EBU) təqdim edəcəklər. Elə həmin gün mayın 25-i və 27-də keçiriləcək yarımfinallarda çıxış edəcək 34 ölkənin, eləcə də birbaşa final mərhələsində iştirak hüququ qazanan 5 ölkənin hansı nömrə altında çıxış edəcəyi məlum olacaq. A. Kərimli həmin günə kimi Azərbaycanın müsabiqə təmsilçisi Səfurə Əlizadənin beynəlxalq yarışmada hansı mahnı ilə çıxış edəcəyinin müəyyənləşəcəyini də vurğulayıb.
   Qeyd edək ki, “Eurovision-2010” müsabiqəsində Azərbaycan təmsilçisi Səfurə Əlizadə mayın 27-də keçiriləcək II yarımfinalda çıxış edəcək. Azərbaycan təmsilçisinin yarımfinalda hansı nömrə altında çıxış edəcəyi isə mayın 22-də keçiriləcək püşkatma mərasimində məlum olacaq. Hər yarımfinalda 17 təmsilçi ölkə finala çıxmaq uğrunda mübarizə aparacaq. Mayın 29-da keçiriləcək final mərhələsində isə 25 ölkə birincilik uğrunda yarışacaq.