Bu faktorlar Səfurə Əlizadəni qalib edəcəkmi?
 
  
   Bildiyimiz kimi, bu ilin mayında Norveçin paytaxtı Osloda keçiriləcək “Eurovision-2010” mahnı müsabiqəsində ölkəmizi Səfurə Əlizadə təmsil edəcək. Final mərhələsində Məryəm Şabanova və “Milk&Kisses” qrupu ilə Azərbaycanı təmsil etmək uğrunda mübarizədən qalib çıxan ifaçının potensialını münsiflər heyətinin üzvləri - İTV-nin Baş direktoru İsmayıl Ömərov, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Azərbaycan Dövlət Filarmoniyasının direktoru Murad Adıgözəlzadə, Beynəlxalq Musiqi Şurasının Azərbaycan Milli Komitəsinin prezidenti Lalə Kazımova, Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi Mənzər Nurəliyeva, Gənclər və İdman Nazirliyinin nümayəndəsi Fərhad Hacıyev və dirijor Azad Əliyev dəyərləndirdi. Peşəkarların qərarı və ona tamaşaçı münasibətlərini öyrənmək üçün şəhər sakinləri arasında qısa sorğu apardıq.
   Kamilə Zeynalova (tələbə): - Səfurəni “Yeni ulduz” müsabiqəsindən izləyirəm və onun səhnə performansını, hər dəfə etdiyi yenilikləri çox bəyənirəm. Göründüyü kimi, məsuliyyət yükünü çiyinlərində hiss edən birisidir. Müasir, zövqlü, həm də səsi yaxşı olduğu üçün ölkəmizi onluqda qərarlaşdıracağına inanıram.
   Zöhrab Cavadlı (mühasib): - Səfurə və Məryəm. Doğrusu, onlar arasında seçim edə bilməsəm də, amma daha çox Səfurəni «Eurovision-2010»da görmək istəyirdim. Çünki onun səhnədəki sərbəstliyi, səs imkanları o birilər ilə müqayisədə daha genişdir. Əsas odur ki, getdiyi yerdən bizə böyük uğurlar və baş ucalığı gətirsin.
   Lalə Rzayeva (satıcı): - Evdə qızım onu çox bəyənir. Onun seçilməsi də bizi sevindirdi. Səfurənin fərqli səs tempi və tamaşaçı diqqətini özünə cəmləmək məharəti var. Yəqin ki, Azərbaycanın ön sıralarda yer tutması üçün bütün imkanlarından istifadə edəcək. Biz ona yalnız uğur arzulayırıq!
   Xalid Cəbrayılov (tələbə): - Doğrusu, mən daha çox Məryəmin qalib olmasını istəyirdim. Çünki onun səsi Səfurədən daha güclü idi. Amma Səfurə də pis ifaçı deyil. Ən azından səhnədəki özünəməxsusluğuna görə dəstəkləməyə dəyər. Əsas mahnı seçimi və performansı güclü olmalıdır ki, tamaşaçıları təəccübləndirə bilsin. Bir də həyəcanı kənara atmalıdır. Səfurə Əlizadəyə uğurlar.
   Azər Rəhimbəyov (tərcüməçi): - Mənə belə gəlir ki, Səfurə artıq qalib sayıla bilər. Çünki 17 yaşında gənc üçün ölkəni «Eurovision» kimi müsabiqədə təmsil etmək böyük uğur sayıla bilər. Səfurə istedadlı gəncdir, səs imkanları da genişdir. Zənnimcə, layiq olduğumuz yeri tuta biləcəyik. Əsas inam olsun!
   Nailə Zamanova (həkim): - Biz ailəliklə bu müsabiqənin fanatıyıq. Son illər ölkəmizin də bu yarışmada iştirakı bizi sevindirir. Təbii ki, orada siyasi baxışlar və bu kimi məqamlar da nəzərə alınır. Amma biz yenə də Səfurəni dəstəkləyir və onun layiqli yerə sahib olacağına inanırıq. Onluqda yox, ilk beşlikdə olmasını arzulayırıq.
   Tərlan Həsənov (şagird): - Keçən ildən fərqli olaraq məncə, builki müsabiqə bizim üçün bir az daha məsuliyyətli olacaq. Səfurə Əlizadənin seçilməsinə münasibətim neytraldır. Ümumiyyətlə, finalda mübarizə aparan heç bir iştirakçıya fanatlıq etmirdim, sadəcə mənə maraqlı və əsas olan seçilmiş iştirakçının ölkəmizi fərqli şəkildə təmsiletmə arzusudur.
   Ayan Cəlilova (tələbə): - Səfurə Əlizadənin final yarışmasında qalib gəlməsi bizi çox sevindirdi. Mən və bacım onu dəstəkləyirik. Səfurənin səsi, səhnə manevrləri, rəqsi deməyə imkan verir ki, o qalib gələcək. Digər iştirakçılardan fərqli olaraq o, həm də fantaziyaları geniş və fərqli olan biridir. Bu da həmin müsabiqə üçün vacib şərtlərdəndir. Onun Kiyevdəki çıxışını da maraqla izlədik və çox bəyəndik. O, mütləq qalib olmalıdır.
   
   Respondentlərin rəyindən də göründüyü kimi, gənc təmsilçimizin uğuruna inam böyükdür. Amma məlum və naməlum tərəfləri, özünəməxsus prinsipləri ilə bəzən təzadlı məqamları da önə çəkən yarışmada gözəl ifa, səhnə performansı ilə yanaşı, digər məqamları da diqqətdə saxlamaq vacibdir.
   
   Yeganə