Aprelin 7-də Moskvanın Mixail Qlinka adına Dövlət Musiqi Mədəniyyəti Mərkəzi Muzeyində Azərbaycan muğamı gecəsi keçiriləcək. Gecənin təşkilatçıları Azərbaycanın Rusiyadakı səfirliyi, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi və Dövlət Musiqi Mədəniyyəti Mərkəzi Muzeyidir. Gecənin açılış mərasimində səfir Polad Bülbüloğlu, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyeva çıxış edəcək. Proqrama muğam haqqında filmin nümayişi, muğam ifaçılarının iştirakı ilə konsert, xüsusi sərginin nümayişi daxildir.

Kremldə “Min bir gecə”nin premyerası
   
   Aprelin 16-da Moskva Dövlət Kreml Sarayında Fikrət Əmirovun “Min bir gecə” baletinin premyerası keçiriləcək. Əsərə ilk dəfədir ki, Moskva səhnəsində quruluş verilir. Premyera “Kremlyovskiy balet” teatrının 20 illiyinə həsr olunub. Baletin quruluşçu xoreoqrafı Rusiyanın Xalq artisti, “Kremlyovskiy balet” teatrının bədii rəhbəri Andrey Petrovdur. Tamaşanın səhnə tərtibatçısı görkəmli rəssam Tahir Salahovdur.