Azərbaycanlı cazmen Şahin Növrəsli bu ilin sentyabr-oktyabrında ABŞ-ın bir sıra ştatlarında qastrol səfərində olacaq. Cazmen bildirib ki, turne Moskvada və Londonda fəaliyyət göstərən “Buta” Mədəniyyət Mərkəzi tərəfindən təşkil ediləcək. “Buta” layihəsində cazmen həm də xanəndə kimi muğam ifa etmək imkanlarını göstərəcək. O, belə bir proqramla ilk dəfə Avropa ölkələrinə qastrol səfəri zamanı çıxış edib. Cazmenin Nyu-York, Vaşinqton, Las-Veqas, Boston, Mayami, Los-Anceles, San-Fransisko, Filadelfiya, Hyuston və digər böyük şəhərlərdə çıxışları nəzərdə tutulub. Ayyarım davam edəcək turnedə Şahin Növrəslinin çıxışları “Karneqi Holl”, “Valt Disney Consert Hall”, “Venq” teatrı və s. möhtəşəm konsert məkanlarında təşkil ediləcək. Cazmeni turnedə tar və kamançada Aslan Növrəsli və Nurlan Növrəsli, kontrabasda nyu-yorklu Neyton Pek, zərb alətlərində isə rusiyalı Aleksandr Maşın müşayiət edəcəklər.