Niyazinin ev-muzeyində SSRİ və Azərbaycanın Xalq artisti Lütfiyar İmanovun xatirə gecəsi keçirilib. Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin və Dünya Azərbaycanlı Gənclərinin Həmrəyliyi Cəmiyyətinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Lütfiyar İmanovun yaddaşlara əbədi həkk olunmuş təkrarsız ifasından lent yazıları səslənib.
   Xalq artistləri Xuraman Qasımova, Ramiz Quliyev, bəstəkar Elnarə Dadaşova, Əməkdar müəllim Babaxan Muradov görkəmli müğənninin həm sənətkar, həm bir insan kimi yüksək keyfiyyətlərindən bəhs ediblər. L.İmanov opera səhnəsində yaratdığı parlaq obrazların, istər xalq mahnılarının, istərsə də bəstəkar mahnılarının mahir ifaçısı idi. Əməkdar artist Bəsti Sevdiyeva onun bir müəllim kimi tələbkarlığından və qayğıkeşliyindən şəhid anası Gülnisə Əliyeva müğənninin Qarabağ döyüşlərində vuruşan əsgərlərimiz qarşısında çıxışlarından söhbət açıblar.