Dirijor Rauf Abdullayevin rəhbərliyi ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifa etdiyi musiqilərdən ibarət 3 DVD-disk hazırlanıb. 
   Mədəniyyət və Turizm Nazirliyinin dəstəyilə hazırlanan disklərdə Qərbi Avropa, rus və Azərbaycan klassik musiqisinin şedevr əsərləri toplanıb. “Rekviyem” adı altında yazılan əsəri simfonik orkestrlə yanaşı, Gülbacı İmanovun rəhbərliyi ilə Azərbaycan Xor Kapellası, ukraynalı solistlər - Svetlana Dobronrava (soprano) və Tatyana Dimonova (metso-soprano), gürcüstanlı Georgi Maxaradze (tenor) və azərbaycanlı Əkrəm Poladov (bariton) ifa ediblər.
    Disklərdən birində Üzeyir Hacıbəylinin, Qara Qarayevin, Soltan Hacıbəyovun, Fikrət Əmirovun və eləcə də Sergey Raxmaninovun əsərləri, Azərbaycan orkestrinin Bilkənd Universitetinin (Turkiyə) orkestri ilə birgə verdiyi Üçüncü konsertdəki (pianoçu Aleksey Volodin) ifalar da toplanıb.
   Digər diskdə dirijor Rauf Abdullayevin rəhbərliyi ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında Moris Ravel və Bela Bartokun əsərləri yer alıb. Beləliklə, musiqisevərlər istedadlı dirijor Rauf Abdullayevin rəhbərliyi ilə milli kollektivin interpretasiyasında dünyanın klassika şedevrlərini dinləmək imkanı qazanıblar.