«Moldovanın qızıl səsi» müsabiqəsinin qalibləri dünya şöhrətli həmyerlimizin heykəlciyi ilə təltif olunacaq
Ötən həftə Moldovadan xoş oqvatlı, bizə öyünc gətirəcək bir xəbər yayıldı. Xəbərdə deyilir ki, Veronika Qarştya adına Beynəlxalq Mədəniyyət və İncəsənət Fondunun keçirdiyi «Moldovanın qızıl səsi» adlı müsabiqənin qaliblərinə Müslüm Maqomayevin heykəlciyi təqdim ediləcək.
Heç şübhə yox ki, Müslüm Maqomayevin adı, səsinin sehri, bütün dünyada olduğu kimi, Moldovada da çox məşhurdur. Və bu ölkədə dünya şöhrətli həmyerlimizin adına musiqi mükafatının təsis edilməsi Azərbaycan mədəniyyətinin bütün təəssübkeşləri və müslümsevərlər üçün fəxarətdir.
İndi də «qızıl səs» axtaranlar barədə. Beynəlxalq Mədəniyyət və İncəsənət Fondunun ismini daşıdığı şəxs, 83 yaşlı Veronika Qarştya görkəmli musiqi xadimi, dirijor, Moldova və SSRİ-nin Xalq artistidir. Uzun illər Moldovanın Dövlət Xor Kapellasına rəhbərlik etmiş bu istedadlı və görkəmli musiqi təşkilatçısı olan bu xanımın adı əsl musiqi xiridarlarına yaxşı tanışdır. Elə bu səbəbdəndir ki, onun adını daşıyan beynəlxalq fondun keçirdiyi müsabiqənin şərtləri bizim son illər alışdığımız ifaçılıq yarışmalarından xeyli fərqlənir. Müsabiqədə musiqi savadından, yaşadığı yerdən asılı olmayaraq, 16-50 yaşlı Moldova vətəndaşları iştirak edə bilərlər.
İddiaçı birinci turda mikrofonsuz çıxış etməlidir. XVI-XVIII əsr musiqisindən - Bax, Hendel və b. bəstəkarların əsərləri, XVIII-XIX əsr operalarından (Motsart, Verdi, Bize, Puççini) ariyalar, XIX əsrin klassik romansları birinici turun proqramına daxildir.
İkinci turda mikrofonla çıxış edəcək iştirakçı Moldova ərazisində yaşayan xalqların mahnı və romanslarını; klassik (Ştraus, Kalman) və müasir (Dunayevski, Milyutin, Şostakoviç) operettalardan seçmələri təqdim etməlidir.
Nəhayət, üçüncü turda münsiflər heyəti iştirakçıdan dünya mahnı klassikası (Neapol, Moldova, Qərbi Avropa şansonları, blyuz, caz, dünya hitləri - müxtəlif xarakterli üç əsər) eşitmək istəyir.
Həqiqətən də, çox çətin proqramdır. Belə bir çətinliyin öhdəsindən gələn iştirakçını “qızıl səsli” adlandırmaq olar. Əslində müsabiqənin mükafatı da sanbalına görə şərtlərin ağırlığına uyğun gəlir. Qalib diplomla, 100 min ley (Moldovanın milli pul vahidi) məbləğində pul və Müslüm Maqomayevin heykəlciyi ilə təltif ediləcək. Müsabiqəni keçirən fond həm də «Moldovanın qızıl səsi»nin Avropada turnesini təşkil edəcək.
Sonda bir məqamı vurğulamaq istərdim. Nədənsə, biz alışmışıq ki, bütün sanballı yarış və müsabiqələr mütləq dövlət qurumunun, bizim sahədə isə Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü, təşkilatçılığı ilə keçirilməlidir. Yeri gəlmişkən, «Moldovanın qızıl səsi» müsabiqəsinin təşkilində bu ölkənin dövlət qurumları iştirak etmir. Müsabiqə təşkilatçılarının dediklərinə görə, onlar Modovanın Mədəniyyət Nazirliyindən yalnız mənəvi dəstək alıblar.
Bəlkə də yazını oxuyan müslümsevərlər ürəklərində «kaş ki, belə bir mükafatı özümüz təsis edəydik» deyə köks də ötürdülər. Həqiqətən də böyük müğənninin xatirəsinə mükafat təsis edilməsi məsələsində bizi qabaqladılar.
Gülcahan Mirməmməd