Aprelin 19-da Polşanın məşhur kollektivlərindən biri olan Kamera Filarmonik Orkestri ilə azərbaycanlı gənc dirijor, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyevin konserti olacaq. Konsert aprelin 10-da Rusiyanın Smolensk şəhərində faciəvi şəkildə təyyarə qəzasında həlak olmuş Polşa dövlət və ictimai xadimlərinin xatirəsinə həsr olunub.
   
   Qdansk şəhərinin "Müqəddəs Triniti" kilsəsində baş tutacaq həmin konsertdə Əyyub Quliyev Polşa Kamera Filarmonik Orkestrilə polyak bəstəkarı A.Tansmanın “Freskobaldinin mövzusu əsasında variasiyaları”, B.Brittenin “Simple symphony” və ilk dəfə olaraq Polşada səsləndiriləcək dahi Azərbaycan bəstəkarı Fikrət Əmirovun “Nizami” simfoniyasını ifa edəcək.
   Qeyd etmək lazımdır ki, Polşa Kamera Filarmonik Orkestri 1982-ci ildə yaradılıb və 30 ilə yaxın bir müddətdə dünyanın ən məşhur ifaçıları və solistləri - Mstislav Rostropoviç, Kşiştof Penderetski, Sabina Mayer, Boris Perqamenşikov, David Qerinqas, Gil Şaxam, Mişa Mayski və Natalia Qutmanla çıxış etmişdir. Əyyub Quliyev həmin orkestrlə çıxış edən ilk azərbaycanlı dirijordur.