Yer üzündə bütün səslər içərisində Allaha ən yaxını musiqidir. Əgər belə olmasaydı, heç bir ifaçı minlərlə insanı bir araya gətirib səsin sehrinə sala bilməzdi. Elə ogünkü kimi. 
   Həmin gün (9 aprel - red.) Heydər Əliyev Sarayında Xalq artisti, “Şöhrət” ordenli muğam ustası Alim Qasımovla qızı Fərqanə Qasımova eyni səhnəni birgə, lakin fərqli, həm də yeni forma və məzmunda bölüşürdülər...
    

   Azərbaycan xalqının qədim irsi olan muğam hələ ötən əsrin 70-ci illərində dünya musiqisinin bənzərsiz nümunəsi kimi tanınıb. 1975-ci ildə Azərbaycan muğamları UNESCO tərəfindən “Musiqi mənbələri” seriyasında buraxılmışdı. 2003-cü ildə isə UNESCO Azərbaycan muğamını “bəşəriyyətin şifahi və mənəvi irsinin şedevrləri” siyahısına daxil etməklə, bir daha muğamın bədii təkrarolunmazlığını və dünya mədəniyyəti üçün dəyərini təsdiq etmiş oldu.
   Son illərdə bu musiqi incimiz muğam ustası Alim Qasımovun ifasında daha geniş üfüqlərə yol açıb, daha böyük zirvələri fəth etməyə başlayıb. Alimin oxuduğu muğamda fərəh də var, kədər də. O oxuduqca insan sanki qədim bir rəvayət dinləyirmiş kimi dünənini öyrənir, bu gününü dərk edir və sabahına boylanır. Alim Qasımov olmaq yolu alın təri, fəhlə əməyi, gecə-gündüz usanmadan çalışmaqdan keçir. Alim Qasımov olmağın mahiyyətində məcnunluq, sənətə, ifaya, muğama dəlicəsinə, çılğıncasına aşiqlik var.
   Alim Qasımovun həyat yolunu vərəqləyərkən diqqətimi çəkən bir məqamı oxuculara çatdırmaq istəyirəm. Körpə ikən halı xarablaşan Alimi valideynləri - Həmzə kişi və Mədinə xanım Bakıya - Qarayev adına Uşaq xəstəxanasına gətirirlər. Həkimlər heç bir ümid yeri qoymurlar, “bu uşaqdan əlinizi üzün” - deyirlər. Elə bu məqamda Mədinə xanımla bir palatada yatan qadın gələcək xanəndənin dərd-qəmə batmış anasına maraqlı məsləhət verir: “Bacım, ola bilsin, indiki adı uşağa düşmür. Gəlsənə, onun adını dəyişəsən. Bəlkə Allah rəhm elədi, sağ qaldı”.
   Gələcək muğam ulduzunun ilk adı Pənah imiş. Əli hər yandan üzülən Mədinə ana da ona məsləhət vermiş qadından xahiş edir ki, madam, bu, sənin ağlına gəldi, körpəmə təzə adı da özün ver. Qadın bir an düşünüb, sonra “qoy uşağın adı Alim olsun” - deyir. Bu, həmin addır ki, indi dünyanın neçə qitəsində Azərbaycanın mədəniyyətini, musiqi sənətini tanıdır. Təzə ad həqiqətən də körpə üçün düşərli olur.
   Azərbaycan musiqisində bir-birinə bənzəyən və bənzəməyən səslər çox olub. Bu sənətə könül bağlayıb, onu sevən və sevdirənlər də az olmayıb. Sənətə bütün ifaçılar kimi oxumaq, özünü sübut etmək amalı ilə gələn Alim Qasımov qısa zaman kəsiyində çoxlarından, bəlkə də elə hamıdan fərqləndi. Ən azı ona görə ki, özü olmağa çalışdı və oldu. Təkcə səsi, avazı, zili, bəmi ilə yox, həm də qazandığı tamaşaçı sevgisi ilə. Hamı kimi başlasa da, özü kimi addımlamağa qərar verdi və muğamatın Alim yolunu tapa bildi.
   İlk başlanğıcda ona heyfi gələnlər də az olmadı. Alimin bu yolda uzun illər duruş gətirəcəyinə inananların sırası barmaqla sayılacaq qədər idi. Amma Alim muğamın minillik könül bağçasında elə bardaş qurub əyləşdi ki, illər keçdikdən sonra onu buradan qaldırmağın mümkünsüzlüyü qəbul edildi. İllər ötdükcə o, dinləyicisinin diqqətini təkcə səsinə, ifasına deyil, həm də hərəkətlərinə cəmləyə bildi. İlk başlanğıcda birmənalı qarşılanmayan əl-qol hərəkətləri, tərpənişlər, enmələr, qalxmalar sonradan onun ifalarında təbii şəkildə tamamlandı. Belə oxumağın yolu yalnız bu cür çırpınmadan, özündən uzaqlaşıb, yenidən özünə qayıdışdan keçir.
   Alim muğamımızın və mədəniyyətimizin tarixində əbədi qalmaq haqqını qazanmış sənətkarlardandır. Alim səsi, Alim ifası sanki bütün keçilmiş yolun yekunu, qazanılmış təcrübənin məcmusu və zirvəsidir.
   Alim Avropa səhnəsinə XX əsrin sonlarında çıxdı, qısa zaman kəsiyində avropalılara muğamı sevdirməklə yanaşı, onları muğam aludəçisinə çevirə bildi. O, muğam sənətini Fransa, İngiltərə, ABŞ, Almaniya, Belçika, İspaniya, Yaponiya, Braziliya və digər ölkələrdə tanıdaraq Azərbaycan mədəniyyətinin dünyaya yayılması, musiqi dünyasında Şərq-Qərb anlaşmasını, vəhdətini təmin etmək baxımından misilsiz xidmət göstərib. A.Qasımovun Avropada, Amerikada ifa elədiyi muğam sadəcə istedadlı bir xalqın ənənələrinə və düşüncə tərzinə bağlı ekzotika kimi yox, bəşəri musiqi kimi dəyərləndirilir.
   Əgər bu gün UNESCO muğam ustası Alim Qasımovu dünyanın yüzlərlə, minlərlə ifaçısı arasından seçib ən yüksək mükafatına layiq görürsə, bu, muğamın, Şərqin, Azərbaycanın uğurudur. Xatırladaq ki, sənətkar 1999-cu ildə Beynəlxalq IMC UNESCO Musiqi mükafatını alıb. O, həmçinin Amerikanın məşhur Corctaun Universiteti və İordaniyada yerləşən Strateji Araşdırmalar Mərkəzinin keçirdiyi müsabiqədə dünyanın ən nüfuzlu 500 müsəlmanı arasında 4 azərbaycanlıdan biri olub.
   Alimi dinləyənlər yaxşı bilirlər ki, bu səsin və sənətin sərhədi yoxdur. Orda bütün muğamlar qarışa, şöbələr birləşə, təsniflər eyniləşə, ritmlər iç-içə düşə bilər. Lakin bu “qarışıqlığın” heç vaxt pozulmayan vahid bir prinsipi var. Alim ifalarında böyük ustalıqla muğamlarımızın, demək olar ki, bütün şöbələrinə baş vurur. Muğamdan az-çox baş çıxaranlar bu gedişlərə sadəcə olaraq heyrətlənməyə bilmirlər. Çünki insan daha çox bildiyi şeylərə heyrətlənir. Hələ onun etdiyi gözlənilməz gedişləri, hər bir muğam parçasından sonra oxuduğu rəngarəng təsnifləri demirəm.
   Alimi səhnədə tar, kaman, balaban, nağara ifaçıları müşayiət edir. Bu dördlük Alimin dəstəyi ilə səhnədə böyük bir orkestrin işini görür. A.Qasımov ifa etdiyi muğamı dəfdə vurduğu maraqlı ritmlərlə bir daha zənginləşdirir.
   Azərbaycan səhnəsi Alimə qədər və Alimdən sonra səhnəni övladı ilə bölüşən çox sənətçilər görüb və bundan sonra da görəcək. Lakin onların heç birinə Alim xoşbəxtliyi nəsib olmayıb. A.Qasımov tələbəsi və qızı Fərqanəni özünə layiqli davamçı yetişdirməklə yanaşı, muğam ifaçılığında ilk dəfə olaraq qadın və kişi səslərinin birgəliyini, həmahəngliyini yaratmağa nail olub. Ata-bala, Alimlə Fərqanə bir-birini səhnədə elə tamamlayır ki, dinləyici öz içinə çəkilib sadəcə onları dinləməyə məhkum olur. Təbii ki, söhbət mənəvi məhkumluqdan gedir.
   Alim Qasımov doğulduğu zamanın deyil, bütün zamanların sənətkarıdır. O, qəlblərə hakim kəsilən səsinin gücü ilə bütün sədləri, sərhədləri, çərçivələri aşaraq insanları mərhəmətə, düzlüyə, haqqa, sevgiyə səsləyir.
   ...Heydər Əliyev Sarayı bir-birindən güclü və tanınmış çox sənətçilər görüb. Bu səhnədə çoxlarına əl çalınıb, gül dəstələri təqdim edilib. O gün bu saray tamam başqa bir görkəm almışdı. Ayaq üstdə dayanmış insanların sürəkli alqışları Alim səsinin doyulmazlığını, onun hər zaman arzulanan bir ifaçı olmasını açıq-aydın sübut edirdi. O gün tamaşaçılar üçün konsertin sonunu fikirləşmək heç də ağlagələsi bir iş deyildi. İnsanların alqışları ilə Alim dəfələrlə yenidən səhnəyə döndü və oxudu. Konsert sona çatsa da, hamı Alimi ilk başlanğıcda olduğu kimi yenidən, özü də böyük həvəslə dinləmək istəyirdi. Bu istəyin sonu yoxdur. Sənətkar üçün bundan böyük qazanc, bundan böyük xoşbəxtlik varmı?..
   
   Abdulla Suvar