Dünyada musiqi kimi qəlbə yaxın, könül oxşayan ikinci sehrli qüvvə yoxdur. Musiqi insanın kədərli anında da, xoş anında da onun ruhunu oxşayır. Bu gün ölkəmizdə fəaliyyət göstərən onlarla musiqi məktəbində uşaq və gənclər musiqi dünyasının sirlərinə yiyələnir, bu məktəblərdə yeni ifaçılar, gələcək müğənni və bəstəkarlar yetişir.
Belə təhsil ocaqlarından biri də Bakının Səbail rayonundakı Cövdət Hacıyev adına 3 saylı Uşaq Musiqi məktəbidir. Paytaxtın qocaman musiqi təhsili müəssisələrindən olan məktəb bu il 75 illik yubileyini qeyd edir.
2001-ci ildən məktəbə rəhbərlik edən Məhin Orucova təhsil müəssisəsinin güclü maddi-texniki bazası və müəllim personalının təşkili üçün böyük əmək sərf edib. Bunun nəticəsidir ki, məktəbə şagird axını ilbəil çoxalır və ixtisasların sayı artır. Son illər violonçel, trambon, valtorna, faqot, saksafon, balaban, vokal və xanəndə ixtisasları açılıb. 2003-cü ildə məktəbdə xalq çalğı alətləri və nəfəsli alətlər orkestri yaranıb.
Məhin xanım həmçinin «Azərbaycan xalq mahnılarının xor işləmələri» məcmuəsinin müəllifidir. Həmin vəsait Elmi-Metodiki Mərkəzin uşaq musiqi məktəbləri üçün tərtib etdiyi xor fənni üzrə tədris proqramına daxil edilib.
Uşaqlara və gənc istedadlara qayğı ilə yanaşmaq, onların qabiliyyətlərini düzgün istiqamətə yönəldib ərsəyə gətirmək xeyli zəhmət istəyir. Bu nəcib iş yüksək peşəkarlıq, fədakarlıq və səbir tələb edir. Haqqında danışdığımız musiqi məktəbində də dərslərin yüksək səviyyədə təşkilində qabaqcıl müəllimlərin xüsusi zəhməti var. Məktəbin qocaman müəllimi Sona xanım Rzaquliyeva 2009-cu ildə ölkə prezidentinin fərmanı ilə «Respublikanın Əməkdar müəllimi» fəxri adına layiq görülüb.
Musiqi təhsili prosesinin yüksək səviyyəyə çatmasında musiqi müsabiqələri və baxışlarının keçirilməsi mühüm əhəmiyyət kəsb edir. 3 saylı Uşaq Musiqi məktəbi də Mədəniyyət və Turizm Nazirliyinin keçirdiyi müsabiqələrdə, əlamətdar günlərlə bağlı tədbirlərdə, görkəmli bəstəkarların həyat və yaradıcılığından bəhs edən konsertlərdə fəal iştirak edir.
2002-ci ildə Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında ilk dəfə məktəbin geniş hesabat konserti keçirilib. Həmin ildə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin keçirdiyi «Qönçə» festivalında məktəbin skripkaçılar ansamblı fəxri fərmana layiq görülüb. Mədəniyyət və Turizm Nazirliyinin keçirdiyi Fikrət Əmirov adına Beşinci Respublika müsabiqəsində məktəbin şagirdi Azad Qurbanov (truba) müsabiqənin laureatı olub.
2003-cü ildə H.Məmmədov adına VI Bakı müsabiqəsində məktəbin şagirdi Kamal Şirəliyev (kamança) II dərəcəli diploma layiq görülüb. 2005-ci ildə eyni müsabiqədə məktəbin şagirdləri 2 fəxri fərman, fortepiano ansamblı müsabiqəsində 3 fəxri fərmana layiq görülüblər. 2004-cü ildə gənc pianoçuların Qara Qarayev adına Bakı müsabiqəsində məktəbin şagirdi Kristina İlizarova III dərəcəli diplomla təltif olunub. Bu siyahını çox uzatmaq olar.
Musiqi məktəbinin yubileyi münasibətilə bir sıra tədbirlər keçirilir. Belə tədbirlərin biri aprelin 8-də Azərbaycan Dövlət Filarmoniyasında Xalq artisti Teymur Göyçayevin dirijorluğu və Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiəti ilə keçirilən məktəbin hesabat konserti oldu. Məktəbin şagirdləri Azərbaycan və dünya bəstəkarlarının əsərlərindən nümunələr ifa etdilər.
Bu gün yetişməkdə olan gənc musiqiçilər Azərbaycan musiqisinin gələcəyinə bir körpüdür. Bu körpünün möhkəmlənməsi bizlərdən asılıdır. Bunun üçün tədris prosesini daha yüksək pilləyə qaldırmaq lazımdır. İnanırıq ki, 3 saylı Uşaq Musiqi məktəbinin bu gənc musiqiçiləri də XXI əsrdə Azərbaycan musiqi mədəniyyətinin yüksək səviyyədə inkişaf etdirilməsi naminə yeni-yeni nailiyyətlərə çatacaqlar.
Jalə Qulamova,
sənətşünaslıq namizədi