Nicat Məhərrəmov 1988-ci ildə Bakı şəhərində anadan olub. Musiqiyə sevgisi kiçik vaxtlarından özünü göstərib, 6 yaşından oxumağa başlayıb, əsasən də xalq mahnılarını. Sonra özünü Azərbaycan Televiziyasında keçirilən «7-17» mahnı müsabiqəsində sınayıb və laureat adına layiq görülüb. Bundan sonra «Dan ulduzu», «Pöhrə-96», «Ümid-96» kimi mahnı yarışmalarının laureatı olub. Həmin dövrdə onun üçün ən yaddaqalan hadisə isə görkəmli müğənni Mirzə Babayevlə oxuduğu duetdir. Müğənni Eldar Mansurovun Baba Vəziroğlunun sözlərinə bəstələdiyi «Kəpənək» mahnısını kiçik Nicatla birgə oxuyub. Bu mahnıya klip də çəkildi və Azərbaycan Televiziyasında nümayiş etdirildi.
   2002-ci ildə «Təbəssüm» ansamblının tərkibində Türkiyədə «Beynəlxalq 23 Aprel Karşıyaka Uşaq Şənliyi»nə qatılan Nicat diploma layiq görülüb. 2004-cü ildə TRT-nin türkdilli dövlətlər arasında keçirdiyi 26-cı Beynəlxalq Uşaq Festivalında da birinci yeri qazanıb və ona mükafatı Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan təqdim edib.
   Nicat Bakı Ekologiya Liseyində orta təhsil alıb. «Bizim evimiz» Uşaqların Qafqaz Beynəlxalq Ekoloji İttifaqının üzvü, Beynəlxalq Millennium Uşaq Konfransının nümayəndəsi olub. Həmin konfransda «Təbiəti qoruyaq» adlı mahnını Azərbaycan və ingilis dillərində oxuması iştirakçılar tərəfindən alqışlarla qarşılanıb. Sonradan bu mahnı ekologiya himninə çevrilir və hər il keçirilən Beynəlxalq Millennium Uşaq Konfransında Nicatın ifasında səsləndirilir. Eyni zamanda, hər il ona bu konfransdan dəvət gəlir.
   Deyirlər, illər quş qanadlı olur. Artıq Nicat Azərbaycan Dövlət İqtisad Universitetinin 4-cü kurs tələbəsidir. Buna baxmayaraq, o, yaradıcılıqla məşğul olmağa da vaxt ayırır. 2009-cu ildə Təhsil Nazirliyi və Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının təşkilatçılığı ilə keçirilən «Heydər Əliyev - 86» bədii yaradıcılıq festivalında bəstəkar mahnılarının ifasına görə birinci yerə layiq görülüb. Gənc müğənni müxtəlif müsabiqələrdə iştirak etməklə yanaşı, tez-tez hərbi hissələrdə, uşaq evlərində, qocalar evində konsert proqramları ilə çıxış edir.
   Yəqin istedadlı gənc Nicat Məhərrəmovun adı «Yeni ulduz» televiziya müsabiqəsindən də tamaşaçıların yaxşı yadında qalıb. Gözəl səs tembri və səhnə görünüşü bir-birini tamamlayan Nicat özünəməxsus ifası ilə həmin müsabiqədə üçüncü yerə layiq görülüb.
   Nicat bu gün də öz üzərində çalışır. Deyir ən böyük arzum muğamı mükəmməl şəkildə ifa etməkdir: «Hazırda görkəmli xanəndə Canəli Əkbərovdan muğam dərsləri alıram. Axı, Bakıda doğulsam da, əslən musiqinin beşiyi olan Qarabağ tərəfdən, Laçın torpağındanam».
   
   Mehparə