27 aprel - 2 may tarixlərində İtaliyanın Matera şəhərində keçirilən Vokalçıların 10-cu Roza Ponsel adına Beynəlxalq Müsabiqəsində azərbaycanlı vokalçı Cavid Səmədov 100 baldan 98 bal toplayaraq 1-ci yeri qazanıb. Musiqiçinin bildirdiyinə görə, müsabiqə 2 tur və finaldan ibarət olub. Təşkilatçılar Cavidin ifasını Youtube-da izləyib, özləri onu taparaq, müsabiqəyə dəvət ediblər.
   
   Müsabiqədə İtaliya, Azərbaycan, Malayziya, Yaponiya, Misir, Rusiya və s. ölkələr təmsil olunub. Qeyd edək ki, Cavid Səmədov Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi ilə 2008-2010-cu il müddətində İtaliyanın Ozimo şəhərində yerləşən Ozimo Opera Sənəti Akademiyasında hazırlıq kursunu keçir. Bu müddətdə dünyanın tanınmış opera sənəti ustalarından - Raina Kabaivanska, Vilyam Mateuzzi, Antonio Yuvarra, Serjio Seqalini, Lella Cuberli kimi sənətçilərdən ustad dərsləri alıb. Təhsil aldığı müddətdə akademiyanın təşkil etdiyi 8 konsertin hər birində iştirak edib.