Mayın 25-29-da Norveçin paytaxtı Osloda keçiriləcək “Eurovision-2010” mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək Səfurə Əlizadə Almaniyaya səfər edib. Səfər Səfurə Əlizadənin və onun ifa edəcəyi “Drip drop” mahnısının tanıdılması məqsədi ilə həyata keçirilir. Təmsilçimiz Münhen, Köln, Berlin və Hamburq şəhərlərində promo-aksiyalar həyata keçirib, canlı verilişlərdə qonaq olub. S.Əlizadə bildirib ki, “Drip drop” mahnısının musiqisevərlər tərəfindən yaxşı qarşılanması onu çox sevindirir: «İnsanlar əziyyətimizi qiymətləndirirlər. Sadəcə təəssüflənirəm ki, mən promo-tur çərçivəsində gedəcəyim ölkələri gəzə bilməyəcəyəm, çünki buna vaxtım olmayacaq». Təmsilçimiz deyib ki, o, 55-ci “Eurovision” müsabiqəsi başlayana qədər promo-turlarda iştirak edəcək. S.Əlizadə proqramın gərgin olmasına baxmayaraq vokal məşqlərə, ingilis dili dərslərinə davam etdiyini vurğulayıb.