H.Sarabski adına 7 saylı uşaq musiqi məktəbi uzun illərdir fəaliyyət göstərir. Bu illər ərzində musiqi məktəbi dəfələrlə yüksək səviyyəli konsert proqramları ilə çıxışlar edib, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil edilmiş müsabiqə və festivallarda diplomlar və laureat adları ilə təltif olunub.
   
   Musiqi məktəbinin növbəti uğurlu konserti mayın 2-də Dövlət Filarmoniyasında keçirildi. Konsert ulu öndər Heydər Əliyevə ithaf edilmişdi. Musiqi gecəsini giriş sözü ilə açan məktəbin direktoru Mehriban Rüstəmova ümummilli liderin mədəniyyətin inkişafına göstərdiyi diqqət və qayğıdan danışdı: «Heydər Əliyev gənc istedadları hər zaman dəstəkləyirdi. Bir zamanlar respublikamızda “Qönçə festivalı” keçirilirdi və böyük öndər bu festivallara xüsusi diqqət yetirirdi. Böyük liderin vəfatından sonra biz mədəniyyət işçiləri onun layiqli davamçısı İlham Əliyev cənablarından eyni qayğını görürük. Son illərdə uşaq musiqi məktəblərinə diqqət daha da artıb. Yeniyetmə istedadlarımız istər ölkəmizdə, istərsə də xaricdə keçirilən müsabiqələrdə uğurla iştirak edirlər”.
   Konsertdə məktəbin şagirdlərinin, xor kollektivinin ifasında müxtəlif musiqi nömrələri, xalq və bəstəkar mahnıları səsləndi. Konsertin sonluğu kulminasiya noqtəsi idi və diqqəti cəlb edirdi. Belə ki, məktəbin məzunlarının vokal ifasından sonra nəfəs alətləri orkestri konserti tamamladı. Bütün ifaçılar səhnədə idi və Mehriban xanım sonda bütün qonaqlara öz təşəkkürünü bildirdi.
   Danılmaz bir həqiqətdir ki, istedadlı şagirdlərin qabiliyyətini üzə çıxardan onların müəllimləridir. Bu xüsusda məktəbin müəllimlərindən E.Əliyeva, R.Əkbərova, E.Abdullayeva, K.Mirbabayeva, A.Aslanova, Z.Quliyev, F.Mustafayev, M.Əsgərov, Z.Baxşəliyeva, K.Əmirova, H.Xəlilova, V.Hüseynov, N.Bağırova, N.Mehdiyeva, Q.Həsənov, E.Mirzəyevin, konsertmeysterlərdən E.Mirzəyev, L.Heydərova, Ş.Həsənov, əməkdar artist Z.Məmmədov, Z.Baxşəliyeva, N.Muxtarova, N.Ağayevanın adlarını çəkərək onları əldə etdikləri uğura görə təbrik etmək olar.
   Qeyd edək ki, iyun ayında 7 saylı uşaq musiqi məktəbinin T.Göyçayevin rəhbərlik etdiyi Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri ilə daha bir konserti olacaq.
   Arzu Əkbərova,
   müəllimə